“Narkotik tacirlərinin məqsədi xalqın genefondunu məhv etməkdir”
Narkomaniya bu gün bəşəriyyətin qarşısında duran ən böyük sosial bəladır. Təəssüf ki, bu təhlükə Azərbaycandan da yan keçməyib. Daha da narahatedici məqam ondan ibarətdir ki, artıq narkotik vasitələr orta və ali təhsil müəssisələrinə qədər yol tapıb. Bəs bu problemin qarşısını almaq üçün nələr edilməlidir?
Azərbaycan Yazıçılar Birliyinin üzvü, dosent Fəxrəddin Əliyev bu mövzu ilə bağlı Azərbaycan.media saytına saytına açıqlama verib.
“Narkotik əsasən İrandan gətirilir”

Fəxrəddin Əliyev
Fəxrəddin Əliyevin sözlərinə görə, ölkəmizə narkotik vasitələrin əsas axını İran istiqamətindən gəlir:
“Narkobiznesmenlər qazanc məqsədilə İrandan narkotik maddələr gətirir, bəzi hallarda isə onları ölkə daxilində qablaşdırırlar. Bu, xalqın düşüncəsini zəhərləməyə, intellekt səviyyəsini aşağı sa
lmağa və nəticədə genefondumuzu məhv etməyə yönəlmiş bir siyasətdir. Dövlət bu bəla ilə ciddi mübarizə aparır, ayıq vətəndaşlar da bu işdə dövlətə dəstək olurlar. Amma problem tam aradan qalxmır. Çünki narkotik yayanlara qarşı bəzən kifayət qədər sərt cəza tədbirləri görülmür”.
Onun sözlərinə görə, bəzi hallarda hüquq-mühafizə orqanlarının əməkdaşları da vəziyyətə biganə qalırlar:
“Sahə müvəkkilləri çox yaxşı bilirlər ki, hansı ərazidə kimlər narkotiklə məşğuldur. Amma bu istiqamətdə ciddi tədbir görülmür. Halbuki, gecə saatlarında mülki geyimdə keçirilən reydlərlə bu insanları asanlıqla aşkarlamaq mümkündür”.
“Məktəblərdə ‘patı’ konfet kimi paylanır”
F. Əliyev bildirir ki, narkotacirlərin təhsil müəssisələrinə qədər daxil olması təhlükəli tendensiyadır:
“Artıq məktəblərdə ‘konfet’ adı ilə şagirdlərə ‘patı’ satılır. Uşaqlar da bilmədən bu zəhəri qəbul edirlər. Bu, insanları məhv etməyə yönəlmiş təxribatdır. Buna görə hüquq-mühafizə orqanlarının əməkdaşları mülki geyimdə mütəmadi olaraq məktəb ətraflarını nəzarətə götürməlidir”.
Onun fikrincə, narkomaniyaya qarşı mübarizədə müəllimlər, direktorlar və valideynlər də fəal olmalıdırlar:
“Valideynlər uşaqlarını küçələrdən evə toplaya bilmirlər. Gecə yarısınadək küçələrdə gəzən uşaqlar bir müddət sonra bu çevrələrə düşürlər. Günahın böyük hissəsi valideynlərin məsuliyyətsizliyindədir”.
“Cəzalar sərtləşdirilməlidir”
AYB üzvü hesab edir ki, narkotik satışına görə cəza tədbirləri daha da sərtləşdirilməlidir:
“Əgər insanlar bilsələr ki, bu işlə məşğul olduqları təqdirdə ciddi şəkildə cəzalandırılacaqlar, o zaman bu yola girməzlər. Hazırda isə həm alan, həm satan çox vaxt cəzasız qalır. Halbuki, bu vəziyyət dəyişməlidir”.
O qeyd edib ki, Sabunçu rayonu, Dəmiryolu vağzalı ətrafı və bəzi qəsəbələrdə narkotik satışı açıq şəkildə aparılır:
“Bu ərazilərdə müşahidə və nəzarət gücləndirilməli, kameralar quraşdırılmalı və mülki geyimdə əməkdaşlar vasitəsilə əməliyyatlar aparılmalıdır. Yalnız polisə tapşırmaqla məsələni həll etmək mümkün deyil”.
“Məlumat verənlərin təhlükəsizliyi təmin olunmalıdır”
Fəxrəddin Əliyev hesab edir ki, narkotik ticarəti ilə bağlı məlumat verən şəxslərin anonimliyi qorunmalıdır:
“İnsanlar ‘qaynar xətt’ə zəng etməkdən çəkinirlər, çünki ad və ünvan soruşulur. Bu isə onları qorxudur. Ən düzgün yol – mülki geyimdə, anonim şəkildə fəaliyyət göstərən əməkdaşların bu işlə məşğul olmasıdır”.
O, əlavə edib ki, bəzi hallarda narkotik istifadə edən taksi sürücüləri belə insanların həyatını təhlükəyə atır:
“Bəzi sürücülər ‘patı’ istifadə edir, bu halda sükan arxasına keçir və sərnişinlərin həyatını riskə atırlar. Şirkət rəhbərləri belə sürücüləri tanıyır, amma tədbir görmürlər. Bu, yolverilməzdir”.
“Narkotikin arxasında himayədarlar dayanır”
F. Əliyevin fikrincə, narkotik gətirən və yayan şəxslərin arxasında müəyyən himayədarlar dayanmasa, bu iş bu qədər geniş vüsət ala bilməz:
“Arxası, dayağı olmasa, heç kim narkotiki Azərbaycana gətirə bilməz. Narkotik tacirlərini kimlərsə himayə edir. Onların kimliyi bəlli olmasa da, bu məsələni yalnız dövlət tam şəkildə araşdırıb aradan qaldıra bilər. Bunun üçün ölkə üzrə eyni vaxtda genişmiqyaslı əməliyyatlar keçirilməlidir. Əks halda, bu bəla daha da yayılacaq”.
Söhbətləşdi: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
