Oktyabrın 17-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında III Təhlükəsiz İdman Forumu baş tutub.
Azərbaycan.media-nın məlumatına görə, tədbir MOK-un mətbuat xidmətinin təşkilatçılığı ilə keçirilib. Forumda MOK-un baş katibi Azər Əliyev, vitse-prezidentlər Zemfira Meftaxetdinova və Fərid Mansurov, İcraiyyə Komitəsi və Atletlər Komissiyasının üzvləri, idman şöbəsinin baş məsləhətçisi və Təhlükəsiz İdman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ekspertləri Lüsi Troşet və Maya Pekoviç, eləcə də idman ictimaiyyətinin, federasiyaların və media nümayəndələri iştirak ediblər.
Tədbir MOK-un marketinq şöbəsinin müdiri Səkinə Vəliyevanın açılış nitqi ilə başlayıb. O, iştirakçıları salamlayıb və qurumun beynəlxalq proqramlar idarəsinin mərhum müdiri Mehman Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumun əsas məqsədi idmanda təhlükəsiz və inklüziv mühitin yaradılması, bu istiqamətdə beynəlxalq təcrübənin paylaşılması və gələcək təşəbbüslərin müzakirəsi olub.
Tədbir zamanı 2023–2025-ci illərdə MOK-un Təhlükəsiz İdman sahəsində gördüyü işləri əks etdirən videoçarx nümayiş etdirilib. Ardınca BOK-un Təhlükəsiz İdman bölməsinin direktoru Kirsti Burovsun videoçıxışı təqdim olunub. O, Təhlükəsiz İdman mədəniyyətinin beynəlxalq inkişafı, tərəfdaşlıqların gücləndirilməsi və gələcək çağırışlar barədə fikirlərini bölüşüb.
Forum çərçivəsində müxtəlif təqdimatlar da keçirilib. BOK-un eksperti Lüsi Troşet beynəlxalq federasiyaların təhlükəsizlik təşəbbüsləri və milli strukturlar üçün praktik tövsiyələrdən danışıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov uşaqların müdafiəsi və hüquqi mexanizmlərin tətbiqi mövzusunda çıxış edib.
Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə idmanda psixi sağlamlıq və təhlükəsizliyin təminatından söz açıb. Daha sonra BOK-un Təhlükəsiz İdman İşçi Qrupunun MOKA nümayəndəsi Maya Pekoviç Milli Olimpiya Komitəsinin bu sahədəki inkişaf səviyyəsi və qarşıda duran çətinliklərə diqqət çəkib.
Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Ayxan Xəkili federasiyanın təhlükəsizlik sənədlərini təqdim edərək gələcək planlar barədə məlumat verib.
MOK-un idman şöbəsinin baş məsləhətçisi və Təhlükəsiz İdman üzrə beynəlxalq inspektor Vaqif Əliyev 2024–2025-ci illərdə həyata keçiriləcək layihələr, EYOF-2025 hazırlıqları və 2025–2028-ci illəri əhatə edən strateji plan barədə çıxış edib.
Təhlükəsiz İdman üzrə məsləhətçi Ayan Xankişiyeva isə siyasət, təhsil və rəqəmsal inkişaf istiqamətində yeni mərhələlər, Təhlükəsiz İdman siyasətinin hazırlanması və rəqəmsal platformaların tətbiqi barədə danışıb.
Forum sual-cavab sessiyası ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda Azərbaycanda beynəlxalq səviyyədə sertifikatlaşdırılmış iki Təhlükəsiz İdman üzrə məsul şəxs və bir məşqçi fəaliyyət göstərir. Gələcəkdə bu sayın artırılması istiqamətində işlər davam etdirilir.
