Milli Məclisin plenar iclasında deputat Səyyad Aran dövlət qurumlarına göndərilən ərizə və şikayətlərə cavab verilməsində gecikmələrin olduğunu bir daha gündəmə gətirib.
Azərbaycan.media xəbər verir ki, deputat çıxışında bu məsələnin vətəndaş məmnuniyyəti baxımından ciddi narahatlıq doğurduğunu bildirib:
“Əvvəllər SSRİ dövründə Leninə göndərilən məktublara 30 gün ərzində cavab verilirdi. Bu, diqqət çəkmək üçün idi. İndi isə ayın 1-i məktub göndərirsən, cavab ayın 30-u, bəzən 31-i gəlir. Elə bil qəsdən gecikdirilir.”
Milli Məclisin sədri Sahibə Qafarova isə məsələyə münasibət bildirərək qeyd edib ki, qanunvericiliyə əsasən, məktublara 14 gün ərzində cavab verilməlidir. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət 30 günə qədər uzadıla bilər.
Sədr eyni zamanda Səyyad Aranın cavab ala bilmədiyi məktubların ona təqdim olunmasını tapşırıb:
“Komitə iclasında da bu məsələni qaldırmışdınız. Mən maraqlananda cavab verildi ki, belə bir məktub olmayıb.”
