Nəyəsə nail olmaq, bir addım daha irəli getmək, digər insanlardan fərqli olmaq, etdiyiniz işin yaxşı nəticəsini görmək – bütün bunları elə uğur adlandırmaq olar.
Bunun üçün daha çox çalışmaq, maneələri dəf etmək, xoşbəxtliyin arxasınca getmək və daha məqsədyönlü bir həyat sürmək gərəkdir.
Uğur heç də hamının qarşısına eyni cür çıxmır. Bəziləri intuitiv olaraq uğurun yolunu, dilini bilir, bəziləri onunla “dostlaşmaq üçün” hansısa qaydalardan istifadə edir, bəziləri isə bütün hallarda uğursuzluğa düçar olur və bunun niyə baş verdiyini anlaya bilmirlər.
Heç bir halda təslim olmaq və məqsəddən vaz keçmək olmaz. Yadda saxlayın ki, siz mübarizə etsəniz, uduza bilərsiz, mübarizə etməsəniz, fərz edin ki, artıq uduzmusuz.
Əgər insan çox çalışdığı halda uğursuzluğa düçar olursa, demək ki, hansısa məqamda səhvə yol verib və ya uğurun qızıl qaydalarından hansınısa unudub. Axı uğur incə məsələdir və ona doğru gedən yolda bütün kiçik detalları nəzərə almaq lazımdır.
Hər şeydən əvvəl insan öz uğuruna inanmalıdır. Hər şey düşüncədən başlayır. Bəzən hansısa bir arzunun gerçəkləşməyəcəyinə özümüzü inandırırıq, özümüzdən maneə yaradırıq. Ya da bəxtimizin gətirmədiyini deyirik. Məsələn, bu ifadəni tez-tez eşidirik: “Dənizə getsəm, dəniz quruyar”.
Əgər bunu bir neçə dəfə desək, əvvəl-axır şüuraltımız buna inanacaq və yalnız ona verilən məhdud əmrləri yerinə yetirməklə kifayətlənəcək. Unutmayın ki, şüuraltı bizi idarə edən gücdür. Psixoloqlar deyir ki, “Mən bacarıram, həll edirəm” kimi müsbət düşüncələrdən istifadə etsəniz, şüuraltınız da buna inanacaq və sizinlə bərabər həyata keçirməyin yollarını axtaracaq.
Uğur qazanmağın parametrlərindən biri özünəinamdır. Qarşınızda duran məqsəd və vəzifələrin ağırlığını, həlledilməzlik illüziyasını dağıdın, “həll edilməz məsələ yoxdur, mən hər şeyi bacarıram“, “azacıq zaman lazımdır, sonda gülən tərəf mən olacağam“ kimi sözlərlə özünüzü motivasiya edin.
Təbii ki, insanın özünü uğura kökləməyə yetərli deyil. Əgər sadəcə xoş xəyallara dalıb möcüzə gözləməklə kifayətlənirsinizsə, əmin olun ki, o möcüzə gəlməyəcək. Möcüzəni insan öz çalışqanlığı və məqsədyönlülüyü ilə yaradır.
Uğurlu insanlar daim hərəkətdədir, aktivdir, enerjilidir. Əgər qarşıdakı məqsəd sizə çox böyük və yenilməz görünürsə, sadəcə kiçik bir cəhd edin. Kiçik cəhdlər sizi böyük məqsədə yaxınlaşdıracaq qədər gərəkli və vacib ola bilər.
Həyatın neqativ tərəflərini görməməzlikdən gəlin. Onların sizin həyatınıza heç bir müsbət təsiri yoxdur. Kiçik xoşagəlməzliklərə təbəssümlə yanaşın, belədə siz fikrinizi daha önəmli məsələlərin üzərində kökləyəcəksiniz. Ya da həyat sizi özünüz də fərqində olmadan sizi günəşin və işığın bol olduğu yerə aparacaq.
Uğurlu olmaq istəyən insan daim öz üzərində işləməli, oxumalı, öyrənməli, öz ixtisasında peşəkarlaşmalıdır. İnsan sevdiyi peşədə daha çox uğur qazana bilər. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz.
Tanınmış iş adamı və milyonçu Uorren Baffet uğurun sirri belə açıqlayır.
“Dürüst insanlarla münasibət qurun, enerjinizi onlara xərcləyin. Hər zaman üç keyfiyyəti axtarın: ağıl, enerji və səmimiyyət. Ancaq insanda son keyfiyyət yoxdursa, ilk ikisini hesaba almağa dəyməz”, — o dürüstlüyün həyatda vacibliyini xatırladıb.
Milyonçu uğurlu olmağın bir sirrini də vurğulayıb. “Bəzi insanlar olduqca zəngin ölürlər, amma heç kim onları sevmir” deyən milyonçu uğurun əsas göstəricilərindən birinin sevgi olduğunu dilə gətirib.
Beləliklə, qarşınıza hədəf qoyun və pozitiv, çalışqan, aktiv, məqsədyönlü və sevgi dolu olun. O zaman uğur da sizinlə olacaq.
Mənbə:Azərbaycan.media
