🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda ov mövsümü açıq elan olundu – yeni tarix və qaydalar

Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclasında 2025-ci il ov mövsümünün başlanması ilə bağlı qərar qəbul edilib.
Azərbaycan.media xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva mövsümün oktyabrın 10-dan etibarən açıq elan olunduğunu bildirib. Qərara əsasən, ov mövsümü 1 dekabr 2025-ci il tarixinədək davam edəcək.
A.Babayeva qeyd edib ki, ölkə ərazisində quş və məməli heyvanların mütəmadi monitorinqi aparılır. Son illər qlobal iqlim dəyişikliyi və Xəzər dənizində su səviyyəsinin azalması səbəbindən quşların toplaşma, qidalanma və miqrasiya marşrutlarında dəyişikliklər müşahidə olunub.
“Bu səbəbdən ov mövsümünün müddəti təbiətdə baş verən proseslərin dinamikasına uyğun olaraq müəyyənləşdirilib. Monitorinq nəticələrinə əsasən, mövsümün uzadılması məsələsinə növbəti aylarda baxılacaq”, – deyə Babayeva əlavə edib.
Ovlanmasına icazə verilən heyvan və quş növləri, onların ovlanma müddətləri və normaları barədə məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib.
Qurum vətəndaşları qanunvericiliyə riayət etməyə və qanunsuz ov hallarına yol verməməyə çağırır.