🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ebru sənəti: suyun rənglərlə səssiz rəqsi

Dünya mədəni irsi

İlk baxışda adama elə gələ bilər ki, bu təsvirlər fırça ilə çəkilib. Amma diqqətlə baxanda anlayırıq ki, rənglərin dalğavarı hərəkəti əslində suyun sehrindən doğur.
Ebru su üzərində yaradılan və kağıza köçürülən bənzərsiz sənətdir. Hər bir damcı, hər bir rəng sanki suyun melodiyasına qoşularaq öz ritmini tapır.
Bu qədim sənətin tarixi XV əsrə qədər gedib çıxır. Araşdırmalar göstərir ki, ebru sənətinin kökləri Orta Asiya və Anadolu ilə yanaşı, Azərbaycan ərazisində də mövcud olub. Kağız bəzəklərində, əlyazmalarda, kitab qapaqlarında bu sənətin izlərinə rast gəlinir.
“Ebru” sözü fars dilində “əbri” – yəni “bulud kimi” mənasından yaranıb. Suyun üzünə düşən rəng damcıları doğrudan da göydə süzülən bulud topalarına bənzəyir.
Ebrunun dəqiq ölçüləri yoxdur, o, sərbəstdir, təbiət kimi azaddır. Eyni təsviri bir daha yaratmaq mümkünsüzdür, çünki su da, rəng də, an da dəyişir.
Ebru zamanın, vaxtın yaşantılarıdır. Vaxtı da geri qaytarmaq mümkün deyil.
İnsanın daxili dünyasının rəngləri su ilə qovuşaraq təsvirlər yaradır. Qırmızı, yaşıl, sarı göy… Təzadlı rənglərin bir-birilə uyumu da maraqlı məqamdır. Rənglər bir-birinə qarışır, bəzən toqquşur, bəzən isə sakit harmoniya yaradır.
Ebrunun bir çox növləri var:
Çiçəkli ebru – su üzərində çiçəklərin təsvir olunduğu ən incə formadır.
Battal ebru – ən qədim və geniş yayılmış növdür, ebru sənətkarının ilkin məktəbidir.
Gəl-get və daraqlı ebru – dalğavari, ritmik hərəkətlərlə yaradılan dinamik təsvirlərdir.
Zamanla ebru yalnız kağız üzərində deyil, keramika, taxta, parça və metal üzərində də tətbiq olunur. Müasir sənətkarlar yeni boyalar və texnikalarla təcrübələr aparsalar da, bu sənətin ruhu- suyun sakitliyi və rəngin azadlığı dəyişməz qalır.
Bəli, min il əvvəl olduğu kimi bu gün də özünü təbiətdə ifadə etmək istəyən insan bu gerçək və xəyal aləminin harmoniyasında öz taleyini axtarır…

 

Mənbə:Azərbaycan.media