Bakıda fəaliyyətini dayandırmış “Rus Evi”nin yenidən açılması ilə bağlı Rusiya tərəfi Azərbaycanla konsensus əldə etməyə çalışır.
Azərbaycan.media xəbər verir ki, bu barədə “Rossotrudniçestvo” agentliyinin rəhbər müavini Dmitri Şevtsov RİA Novosti-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, agentlik Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən sonra “Rus Evi”nin fəaliyyətinin bərpa olunacağına ümid edir.
Xatırladaq ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi” hüquqi şəxs kimi qeydiyyatdan keçmədiyi və Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu üçün rəsmi Bakı 3 fevral tarixində onun fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiya tərəfinə nota təqdim etmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, ölkə ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericilik, qarşılıqlılıq prinsipi və ikitərəfli razılaşmalar əsasında tənzimlənir. Bu qərardan irəli gələrək Rusiya tərəfindən də müvafiq addımların atılması gözlənilir.
Daha sonra “Rus Evi”nin fəaliyyətinin dayandırıldığı barədə rəsmi açıqlama yayımlanıb.
