Milli Məclisin oktyabrın 10-da keçirilən iclasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi ilə bağlı hüquqi çərçivə dəqiqləşdirilir.
Azərbaycan.media xəbər verir ki, qanun layihəsinə əsasən, gözlənilməz hücum və xəbərdarlıq edilmədən silah tətbiqinin zəruri olduğu hallar istisna olmaqla, odlu silahdan istifadə etməzdən əvvəl səslə və ya havaya atəş açmaqla xəbərdarlıq edilməlidir.
Qanun layihəsində aşağıdakı hallarda daxili qoşunların hərbi qulluqçularına odlu silah tətbiq etmək hüququ verilir:
– İnsan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və zorakılıq hallarında
– Xidməti vəzifələrin icrası zamanı təhlükə törədən qəsdlərin qarşısı alınarkən
– Girovların, zəbt olunmuş obyektlərin və nəqliyyat vasitələrinin azad edilməsi zamanı
– Cinayət törədib gizlənməyə çalışan və silahlı müqavimət göstərən şəxslərin saxlanılmasında
– Fövqəladə və hərbi vəziyyət rejimində postlarda dayandırma tələbinə tabe olmayan nəqliyyat vasitələrinin qarşısı alınarkən
– Qrup halında və ya silahlı basqınların dəf edilməsi zamanı
– Qanunsuz silahlı birləşmələrə və terror qruplarına qarşı əməliyyatlarda
-Terrorçuluq, dini ekstremizm və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəlmiş cinayətlərin qarşısı alınarkən
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
