🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ADNA faciəsindən 17 il ötür – terror aktının qurbanları anılır

Azərbaycan.media xəbər verir ki, bu gün 2009-cu il aprelin 30-da baş vermiş Azərbaycan Dövlət Neft Akademiyasındakı (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) terror aktının növbəti ildönümüdür.
Kütləvi qətllə nəticələnən faciə paytaxt Bakının Dilarə Əliyeva küçəsində yerləşən ali təhsil ocağının ikinci korpusunda qeydə alınıb. Həmin gün silahlı şəxs binaya daxil olaraq birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxan insanlara atəş açıb.
Hadisə nəticəsində 12 nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Hücumu törədən şəxs sonuncu mərtəbədə özünü öldürüb.
Faktla bağlı dərhal Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Aparılan araşdırmalar nəticəsində hadisə ilə əlaqəli şəxslər müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunub.
İstintaq materiallarına əsasən, terror aktının sifarişçisinin xarici ölkə vətəndaşı olduğu müəyyənləşdirilib və onun barəsində beynəlxalq axtarış elan edilib.
2010-cu ildə məhkəmənin hökmü ilə iş üzrə təqsirləndirilən şəxslərdən üçü ömürlük azadlıqdan məhrum edilib, digəri isə uzunmüddətli həbs cəzasına məhkum olunub.
Qeyd edək ki, 2015-ci ildə verilmiş müvafiq sərəncama əsasən Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
Bu gün faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir.