Azərbaycan.media xəbər verir ki, quyruq yağını ev şəraitində əritmək çoxlarına ağır qoxuya görə çətin görünsə də, bəzi təbii üsullarla bu prosesi xeyli asanlaşdırmaq və daha keyfiyyətli nəticə əldə etmək mümkündür.
İlk növbədə, yağın düzgün hazırlanması vacibdir. Quyruq yağı xırda – quşbaşı formasında doğranmalı və ya ətçəkən maşından keçirilməlidir. Bu, yağın yanmadan və bərabər şəkildə əriməsinə kömək edir.
Yağ qazana yerləşdirildikdən sonra ocaq mütləq zəif (vam) rejimə qoyulmalıdır. Aşağı temperatur yağın tədricən əriməsini təmin edir, beləliklə yanıq qoxusunun qarşısı alınır.
Bu prosesin ən maraqlı və effektiv məqamlarından biri isə qazana bütöv halda əlavə olunan təzə almalardır. Alma tərkibindəki təbii turşuluq sayəsində quyruq yağının ağır qoxusunu özünə çəkir. Nəticədə yağ daha yüngül və xoş ətirli olur. Eyni zamanda almalar yağın içindəki çöküntülərin də təmizlənməsinə kömək edir.
Təxminən bir saat zəif odda əridilən yağdan sonra içindəki qığırdaqlar (cızdıqlar) süzülərək ayrılır. Ocaq söndürüldükdən bir neçə dəqiqə sonra isə yağa az miqdarda süd əlavə edilərək qarışdırılır. Süd son qalan qoxuları da aradan qaldırır və yağın donduqdan sonra ağ, hamar tekstura almasına şərait yaradır.
Hazır yağ otaq temperaturunda bərkiyərək qəlib formasını alır. Daha sonra onu kiçik hissələrə bölüb saxlamaq məsləhətdir ki, istifadə zamanı rahat olsun.
Qeyd edək ki, ərimə prosesindən sonra qalan xırçıldayan hissələri atmağa tələsməyin. Onlar müxtəlif yeməklərin – xüsusilə içliklərin və bəzi xəmir məmulatlarının hazırlanmasında dadverici kimi istifadə oluna bilər.
