🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ürək sağlamlığı üçün ən faydalı çörək növü açıqlandı

Azərbaycan.media xəbər verir ki, çörək seçiminin yalnız dad məsələsi olmadığı, eyni zamanda sağlamlıq baxımından da mühüm rol oynadığı bildirilir.
Mütəxəssislərin fikrincə, gündəlik qida rasionunda geniş istifadə olunan çörək düzgün seçildikdə orqanizmə ciddi fayda verə bilər. Araşdırmalar göstərir ki, çovdar çörəyi xüsusilə qan şəkərində dalğalanmalar yaşayanlar və diabet xəstələri üçün daha uyğun seçim hesab olunur. Bunun əsas səbəbi onun tam buğda çörəyi ilə müqayisədə daha aşağı qlikemik indeksə malik olmasıdır. Bu isə qlükozanın qana daha yavaş və tədricən daxil olmasına şərait yaradır.
Eyni zamanda, çovdar çörəyinin “ikinci yemək effekti” adlandırılan xüsusiyyəti var. Bu təsir nəticəsində yalnız qəbul edildiyi anda deyil, sonrakı qida qəbulunda da qan şəkərinin stabilləşməsinə kömək edir.
Hər iki çörək növü kalium və maqnezium kimi faydalı minerallarla zəngin olsa da, çovdar çörəyi daha yüksək həll olunan lif tərkibi ilə seçilir. Bu liflər xolesterola bağlanaraq onun orqanizmdən xaric olunmasına kömək edir və beləliklə, “pis” xolesterolun (LDL) səviyyəsinin azalmasına dəstək verir.
Bundan əlavə, çovdar çörəyi bağırsaq sağlamlığı üçün də əhəmiyyətlidir. Onun tərkibindəki liflər faydalı bakteriyaları qidalandıraraq bağırsaq florasını gücləndirir və həzm sisteminin daha effektiv işləməsinə şərait yaradır.
Nəticə etibarilə, tam buğda çörəyi də faydalı hesab olunsa da, ürək sağlamlığını qorumaq, xolesterolu azaltmaq və qan şəkərini nəzarətdə saxlamaq istəyənlər üçün çovdar çörəyi daha üstün seçim kimi qiymətləndirilir.