🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəkidə tarixi abidələr bərpadan sonra istifadəyə verildi

Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində bərpa olunan bir sıra tarixi abidələrin açılışında iştirak ediblər.
Səfər çərçivəsində onlar Şəki Tarix-Diyarşünaslıq Muzeyi, həmçinin Şəbəkə Emalatxanası və Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, həyata keçirilən bərpa və konservasiya işləri tarixi irsin qorunmasına, qədim sənətkarlıq ənənələrinin yaşadılmasına və şəhərin turizm potensialının artırılmasına xidmət edir.
Muzeydə bölgənin tarixi, mədəniyyəti, etnoqrafiyası və kulinariya irsini əks etdirən eksponatlar nümayiş olunur. Ümumilikdə burada 3 mindən çox maddi-mədəni nümunə qorunur, onların 1826-sı sərgi zallarında təqdim edilir.
Qeyd edilib ki, “Yuxarı Baş” qoruğunun ərazisində yerləşən digər tarixi abidələrin bərpası mərhələli şəkildə davam etdiriləcək.
Səfər zamanı Şəbəkə Emalatxanası və Təlim Mərkəzində də yaradılan imkanlarla tanışlıq olub. Burada şəbəkə sənətinə dair sərgi salonu, emalatxana və təlim otaqları fəaliyyət göstərir. Leyla Əliyeva və Arzu Əliyeva tanınmış ustad Tofiq Rəsulov və onun şagirdləri ilə görüşərək bu qədim sənət növünün yaşadılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Onlar həmçinin şirniyyat hazırlanması prosesində iştirak edib, eləcə də ABAD Keramika mərkəzi ilə tanış olublar.