Azərbaycan.media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi ölkədə baş verən seysmik hadisələrlə bağlı dəqiq proqnozlar təqdim edir.
Bu fikirləri AMEA-nın prezidenti İsa Həbibbəyli “Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi” mövzusunda keçirilən respublika elmi konfransında səsləndirib.
Onun sözlərinə görə, mərkəzin təqdim etdiyi proqnozlar elmi əsaslara, təcrübəyə və müasir elmi nailiyyətlərə söykənir. Bu yanaşma cəmiyyətdə yaranan ajiotajın qarşısının alınmasına kömək edir.
İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan seysmologiya elmi dünya elminin ayrılmaz tərkib hissəsidir və Respublika Seysmoloji Xidmət Mərkəzinin beynəlxalq əlaqələri getdikcə genişlənir. Bu əməkdaşlıqlar əldə olunan nailiyyətlərin beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradır.
Bildirilib ki, mərkəzin sıx əməkdaşlıq etdiyi əsas qurumlardan biri də Fövqəladə Hallar Nazirliyidir və bu əməkdaşlıq seysmik risklərin idarə olunmasında mühüm rol oynayır.
