Azərbaycan.media xəbər verir ki, aprelin 28-i saat 10:00-a olan faktiki hava məlumatları açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin bəzi bölgələrində yağıntılı və küləkli hava şəraiti davam edir. Ayrı-ayrı ərazilərdə şimal-qərb küləyi müşahidə olunur. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Goranboyda 23 m/s, Naftalanda 19 m/s, Şabranda isə 16 m/s-ə çatır.
Yağıntının miqdarına gəldikdə, ən yüksək göstərici Şahbuzda 12 mm qeydə alınıb. Qrızda 9 mm, Xınalıqda 8 mm, Ordubad və Tərtərdə 3 mm, Göygöl, Şamaxı, Astara, Ağdam, Culfa və Naxçıvanda 2 mm yağıntı düşüb. Digər rayonlarda isə yağıntının miqdarı əsasən 1 mm təşkil edib.
Eyni zamanda, Şuşa, Xankəndi, Qrız və Lerik ərazilərində duman müşahidə olunur. Bu bölgələrdə görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
