Azərbaycan.media xəbər verir ki, Tehran münaqişənin həlli ilə bağlı Pakistan vasitəsilə Vaşinqtona yeni təklif təqdim edib.
Bu barədə Axios mənbələrə istinadən məlumat yayıb. Təklifdə ABŞ tərəfindən tətbiq olunan blokadanın aradan qaldırılması, Hörmüz boğazının açılması və yalnız bundan sonra İranın nüvə proqramının müzakirəsinə başlanması nəzərdə tutulur.
Nəşrin yazdığına görə, bu təşəbbüs danışıqlarda yaranmış mövcud dalanı və İran rəhbərliyi daxilində nüvə güzəştlərinin miqyası ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib.
Mənbələr bildirir ki, təklifə əsasən, nüvə proqramı ilə bağlı danışıqlar yalnız sonrakı mərhələdə – yəni Hörmüz boğazı açıldıqdan və blokada ləğv edildikdən sonra başlayacaq.
Qeyd olunub ki, Donald Tramp aprelin 27-də İranla danışıqlarda yaranmış çıxılmaz vəziyyəti və mümkün növbəti addımları müzakirə etmək üçün kabinet iclası keçirməyi planlaşdırır.
Xatırladaq ki, Tramp aprelin 25-də İrandan rəsmi təkliflər aldıqlarını açıqlamışdı.
