Azərbaycan.media xəbər verir ki, aprelin 21-də Suriyanın münaqişə bölgəsindən 2 qadın və 3 uşaq olmaqla ümumilikdə 5 nəfər Azərbaycan vətəndaşının Türkiyə ərazisi vasitəsilə ölkəyə repatriasiyası həyata keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ilkin mərhələdə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib, daha sonra onların Türkiyə ərazisinə keçidi təşkil olunub.
Qeyd edilib ki, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına cavabdeh olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyənin İstanbul şəhərinə ezam olunub. Repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin edilib.
Həmçinin Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluğu tərəfindən əlaqələndirmə işləri aparılıb, vətəndaşlar qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin olunublar.
Aprelin 21-də nümayəndə heyətinin müşayiəti ilə sözügedən şəxslərin Azərbaycana repatriasiyası baş tutub.
Məlumata görə, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Nazirlik vurğulayıb ki, xarici ölkələrdə silahlı münaqişələrdən zərər çəkmiş Azərbaycan vətəndaşlarının repatriasiyası istiqamətində zəruri tədbirlər bundan sonra da davam etdiriləcək.
