Azərbaycan.media xəbər verir ki, bəzi mobil operatorların internet paketlərinin qiymətlərində artım qeydə alınıb. Məlumata görə, 11 manatlıq paketlərin 13 manata qədər yüksəldiyi bildirilir. Eyni zamanda, sabit internet xidmətlərinin də yaxın dövrdə bahalaşa biləcəyi ilə bağlı iddialar gündəmdədir.
Məsələ ilə bağlı globalinfo.az-a açıqlama verən “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov bildirib ki, qiymət artımı bir neçə amilin təsiri ilə formalaşır.
Onun sözlərinə görə, son illərdə internetdən istifadə həcmi kəskin artıb: “İstifadəçilər daha çox video izləyir, onlayn oyunlara üstünlük verir və bulud xidmətlərindən istifadə edirlər. Bu isə şəbəkə üzərində ciddi yük yaradır. Operatorlar həmin yükü problemsiz qarşılamaq üçün davamlı olaraq infrastrukturu yeniləməli və genişləndirməlidirlər”.
Mütəxəssis əlavə edib ki, texniki xərclərin artması da qiymətlərə təsir edən əsas faktorlardandır. Onun sözlərinə görə, şəbəkə avadanlıqlarının əksəriyyəti xaricdən idxal olunur və valyuta məzənnələri, logistika xərcləri bu sahədə maya dəyərini artırır. Eyni zamanda enerji xərclərindəki yüksəliş də ümumi xərclərə əlavə yük yaradır.
E.Nuruşov bildirib ki, hazırda 4G və xüsusilə 5G texnologiyalarına keçid dövrü də operatorlar üçün ciddi investisiya tələb edir: “Bu texnologiyalar daha sürətli və keyfiyyətli internet təmin etsə də, onların qurulması və saxlanması böyük maliyyə vəsaiti tələb edir”.
Sabit internet tarifləri ilə bağlı yayılan bahalaşma iddialarına da toxunan mütəxəssis qeyd edib ki, fiber-optik infrastrukturun genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması əlavə xərclər yaradır: “Qiymət artımı yalnız operatorların qərarı kimi görünə bilər, lakin arxasında daha geniş iqtisadi və texnoloji səbəblər dayanır”.
