🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İtaliyada 1 avroya ev satışına böyük maraq – onlarla müraciət daxil olub

Azərbaycan.media xəbər verir ki, İtaliyanın Viçentsa vilayətinin şimalında yerləşən 10 bələdiyyədən ibarət assosiasiya dağlıq ərazilərdə əhalinin azalmasının qarşısını almaq və bölgəyə həyatı qaytarmaq məqsədilə köhnə daşınmaz əmlakları simvolik olaraq 1 avroya satışa çıxarıb.
Məlumata görə, təşəbbüs “Pnrr Green Communities” proqramı çərçivəsində Pasubio Pikkole Dolomiti Dağ İcmaları Birliyi tərəfindən həyata keçirilib. Layihənin əsas məqsədi boş qalmış və istifadəsiz evlərin bərpası hesabına regionda məskunlaşmanı artırmaqdır.
“Leggo.it” nəşrinin məlumatına əsasən, müraciət müddəti aprelin 16-da başa çatsa da, layihəyə böyük maraq qeydə alınıb. Ümumilikdə 78 rəsmi alış təklifi daxil olub ki, onlardan 9-u xaricdən, 5-i isə İtaliyada yaşayan əcnəbi vətəndaşlardan göndərilib.
İlkin mərhələdə 385 istifadəsiz obyekt müəyyən edilib, onlardan 24 binanın satışa çıxarıldığı bildirilir.
Birliyin prezidenti və Monte-di-Malo şəhərinin meri Moze Skvartson bu təşəbbüsü “pula deyil, həyata yatırılan investisiya” kimi dəyərləndirib. Onun sözlərinə görə, əsas məqsəd müasir imkanlar axtarışında boşalan kənd və dağlıq ərazilərə yenidən həyat gətirməkdir.
Proqram çərçivəsində köhnə evləri almaq istəyən şəxslərin yekun siyahısının may ayının əvvəlində açıqlanacağı gözlənilir.