🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

30 il əvvəl törədilmiş qətlin üstü açıldı, iki nəfər həbs olundu

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda 1996-cı ildə baş vermiş və uzun illər bağlı qalmış qətl hadisəsinin üstü açılıb, cinayətlə bağlı iki nəfər həbs edilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən, 1996-cı il aprelin 10-da itkin düşən Gülməmməd Bayramovun qətli ilə bağlı aparılan uzunmüddətli istintaq nəticəsində Şahin Cəlilov və Hidayət Qafarov barəsində əsaslı şübhələr müəyyən olunub.
İstintaq materiallarına görə, təqsirləndirilən şəxslər əvvəlcədən əlbir olaraq zərərçəkmişə “müştəri” kimi yaxınlaşıb və onu avtomobillə Suraxanı rayonu istiqamətində aparıblar. Yol zamanı onlar zərərçəkmişi boğaraq qəsdən öldürüb, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində boru xəttinin içərisində gizlədiblər.
Məlumata görə, cinayətdən sonra mərhuma məxsus avtomobil hissələrə ayrılaraq satılıb və əldə olunan vəsait şəxslər arasında bölüşdürülüb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində hadisə yerində meyitin qalıqları aşkar edilib. Şahin Cəlilov və Hidayət Qafarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Rəsmi qurumlar bildirir ki, illər əvvəl törədilmiş və bağlı qalmış cinayətlərin açılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.