Azərbaycan.media xəbər verir ki, Beynəlxalq Futbol Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən səmərəli futbol klubları ilə bağlı yeni hesabat yayımlayıb.
Araşdırmada 2014/15–2023/24 mövsümləri ərzində klubların transferlərə və ümumi xərclərə qarşılıq qazandıqları kubokların sayı müqayisə edilib. Nəticələrə əsasən, xərclənən hər 1 milyard avro müqabilində əldə olunan titulların sayı hesablanıb.
Cədvəldə Almaniyanın “Bayern” klubu 1 milyard avro xərclə 10,8 kubok qazanaraq birinci yerdə qərarlaşıb. İkinci pillədə Fransanın PSJ klubu 10 kubokla yer alıb. İlk üçlüyü isə İspaniyanın “Real Madrid” klubu 8,6 kubok göstəricisi ilə tamamlayıb.
Siyahının davamında İngiltərənin “Mançester Siti” və İspaniyanın “Barselona” klubları eyni göstərici — 6,6 kubokla yer alıblar.
Hesabat ümumilikdə klubların maliyyə yatırımları ilə əldə etdikləri uğurlar arasında səmərəliliyi qiymətləndirir və xərclənən vəsaitin nə dərəcədə titullara çevrildiyini ortaya qoyur.
