🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Deputat: Ermənistanın dağıntıları “mədəniyyət soyqırımı” kimi qiymətləndirilməlidir

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova Ermənistanın işğal dövründə Azərbaycanın ərazilərində həyata keçirdiyi dağıntıları “mədəniyyət soyqırımı” kimi dəyərləndirib.
Deputat bildirib ki, işğal yalnız torpaqların zəbt edilməsi deyil, eyni zamanda xalqın yaddaşına, kimliyinə və mənəvi dəyərlərinə vurulan ağır zərbədir. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda məscidlərin dağıdılması, qəbiristanlıqların təhqir olunması, tarixi abidələrin məhv edilməsi sistemli və məqsədyönlü siyasətin tərkib hissəsi olub.
E.Akimova vurğulayıb ki, dini və mədəni abidələrə qarşı bu cür davranışlar mənəvi terror hesab olunmalıdır: “Məscidlərin tövlə kimi istifadə edilməsi və müqəddəs məkanların təhqir olunması bir xalqın tarixinə və dəyərlərinə qarşı açıq hörmətsizlikdir”.
Deputat qeyd edib ki, bu əməllər beynəlxalq hüququn, o cümlədən UNESCO konvensiyalarının və Haaqa Konvensiyası prinsiplərinin kobud şəkildə pozulmasıdır.


Onun sözlərinə görə, Azərbaycan dövləti həm hüquqi, həm də mənəvi mübarizə aparır və azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işləri tarixi ədalətin bərpasına xidmət edir. Eyni zamanda, Ermənistanın törətdiyi bu əməllərin beynəlxalq müstəvidə hüquqi qiymət almasının vacibliyi vurğulanıb.
Deputat əlavə edib ki, Qarabağda aparılan yenidənqurma işləri və bərpa olunan tarixi abidələr Azərbaycanın gücünü, milli birliyini və tarixi yaddaşını qorumaq əzmini nümayiş etdirir.