Azərbaycan.media xəbər verir ki, Yaponiya hökuməti İran ətrafında vəziyyətin gərginləşməsi fonunda yanacaq qiymətlərinin artmasının qarşısını almaq məqsədilə ehtiyat fondundan təxminən 800 milyard yen (5,3 milyard dollar) ayırmaq qərarına gəlib. Bu barədə NHK telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ötən həftədən etibarən ölkə hakimiyyəti pərakəndə yanacaq qiymətlərində kəskin artımın qarşısını almaq üçün neft şirkətlərinə subsidiyalar da daxil olmaqla təcili tədbirlər həyata keçirir.
Buna baxmayaraq, həftənin sonunda ölkə üzrə Aİ-95 markalı benzinin orta qiyməti litri üçün rekord səviyyəyə – 190,8 yenə (təxminən 1,20 dollar) yüksəlib. Hökumət subsidiyalar vasitəsilə bu göstəricini təxminən 170 yen səviyyəsində saxlamağa çalışır.
Qeyd olunur ki, oxşar dəstək tədbirləri dizel yanacağı, soba yağı və kerosin üçün də tətbiq edilir.
Vəsaitin ayrılması ilə bağlı qərarın martın 24-də keçiriləcək Nazirlər Kabinetinin iclasında rəsmi şəkildə təsdiqlənəcəyi gözlənilir.
