Azərbaycan.media xəbər verir ki, jurnalist Zülfiyyə Qurbanova televiziya sahəsində baş verənləri belə şərh edir:
Qısa və asan yolla milyardlar qazanmağın yolu, xalqın rəğbətini qazanmış teleaparıcılardan maksimum istifadə etməkdir – və bunu bir çox telekanal rəhbərləri bacarıqla həyata keçiriblər. Yüksək reytinq bahalı reklam deməkdir və bu, nəticədə milyonluq gəlir gətirir. Maraqlanan üçün qeyd edim ki, bir çox telekanal rəhbərinin ABŞ və Avropa ölkələrində daşınmaz əmlakı mövcuddur.
Hər bir kanalda xalqın sevimli simalarından – Xoşqədəm Hidayətqızından, Zaur Baxşəliyevdən, Lalə Azərtaşdan – istifadə olunub. Bu aparıcılar həm reytinqi, həm də kanalın gəlirlərini yüksəldiblər. Nəticədə televiziyalar ayaqda qaldı, işçilərə maaş verildi, rəhbərlər isə mal-mülk sahibi oldular. Lakin lazım gəldikdə həmin aparıcılar “xərclik” sayıldı və işdən uzaqlaşdırıldılar.
Bəziləri deyə bilər ki, aparıcılar buna razı olmalı deyildilər. Doğrudur, amma televiziya bir bataqlıq kimidir: girdinmi, çıxmaq çox çətindir. Burada qalmaq da asan deyil – daim mübarizə aparmalı, ayaqda qalmaq üçün strateji düşünməlisən. Televiziyada heç kim heç kimə əl uzatmır; fürsət düşən kimi isə hər kəs öz yolunu qoruyur.
Mənbə: Azərbaycan.media
