Azərbaycan.media xəbər verir ki, Azərbaycanın Əməkdar artisti, tanınmış xanəndə Raziyyə Şirinova dünyasını dəyişib. Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
Bildirilib ki, sənətkar 86 yaşında vəfat edib.
Qeyd edək ki, Raziyyə Şirinova 1940-cı ildə anadan olub. O, 1962–1964-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda görkəmli xanəndə Seyid Şuşinskinin sinfində təhsil alıb, daha sonra 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Sənət yoluna tələbəlik illərində başlayan xanəndə “Lalə” qızlar ansamblının üzvü olub, 1964–1970-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülüb.
O, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı dövrdə bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb.
Müğənni kimi də geniş şöhrət qazanan Raziyyə Şirinovanın ifa etdiyi muğamlar, xalq və bəstəkar mahnıları illər boyu televiziya və radio vasitəsilə tamaşaçıların rəğbətini qazanıb.
Onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilərək 2006-cı ildə “Əməkdar artist” fəxri adı ilə təltif olunub.
