🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fatimə Hacıbəyli: “Verilişlərin bağlanmasına sevinc hissi keçirmək düzgün deyil”

Azərbaycan.media xəbər verir ki, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin təsisçisi və sədri Fatimə Hacıbəyli televiziya verilişlərinin bağlanması ilə bağlı insanların sevinc hissi keçirməsini tənqid edib.
“Bu gün bəzi televiziya verilişlərinin bağlanması ilə insanların sevinci məni həqiqətən düşündürür. Nəyə sevinirik biz? Kiminsə işsiz qalmasına? Bir kollektivin çörəksiz qalmasına? Unuduruq ki, həmin verilişlərdə təkcə aparıcılar yox, arxada çalışan onlarla insan var – texniki heyət, redaktorlar, işçilər… Onların taleyi heç kimin yadına düşmürmü?” – deyə Fatimə Hacıbəyli bildirib.
O əlavə edib ki, bəziləri bağlanan verilişləri “tərbiyəsizliyi təbliğ edirdi” və ya “milli-mənəvi dəyərlərə zidd idi” kimi qiymətləndirirlər. Lakin, Fatimə Hacıbəyli vurğulayır ki, bu tip verilişlər bütün dünyada mövcuddur və onların müsbət tərəfləri də az deyil.
“Hətta mən Lalə Azərtaş-ın verilişində ekspert kimi iştirak edirəm və dəfələrlə şahid olmuşam ki, çarəsiz insanlara necə sahib çıxılır, xəstələrə necə yardım edilir. Bu qədər yaxşılığı görməzdən gəlib, verilişin bağlanmasına sevinmək və ya bağlanmasını tələb etmək nə dərəcədə doğrudur?” – deyə o əlavə edib.
Fatimə Hacıbəyli Lalə Azərtaş-ın efirdəki fəaliyyətinə də toxunaraq bildirib: “Lalə Azərtaş ‘Təsir-dairəsi’ verilişini öz zəhməti, biliyi və şəxsiyyəti ilə qurub. Bu gün efir bağlansa belə, onun kimliyi və peşəkarlığı dəyişmir.”
Sosial problemlərin həllinə dəstək verən Hacıbəyli həmçinin bəzi jurnalistləri də tənqid edib: “Bəziləri deyir, ‘filan veriliş niyə bağlandı, niyə məhz bu veriliş qaldı?’ Bu qədər sərt və qərəzli danışanların bir çoxu, əslində, fürsət düşsə, eyni işi tərəddüdsüz edər. Kənardan daş atmaq asandır… Amma məsuliyyət daşımaq, insanlarla işləmək, onların dərdinə çarə olmaq hər kəsin bacardığı iş deyil.”

 

Mənbə: Azərbaycan.media