🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Səmavi nəsihət

 

(Bu poemamı el ağsaqqalı, Hacı Miralim əmimə həsr edirəm.)

 

Səccadım, Alməmməd, övliyam – salam,
Behiştlik zəvvarı Mirsultan babam,
El, xalq üçün yanan mənəvi atam –
Peyğəmbər əsilli Miralim əmim!

 

Neçə-neçə bəylər, paşalar kimi,
Yer üzünə gəldin xilaskar kimi,
Köməkdar, həm də ki ağa, yar kimi –
Peyğəmbər əsilli Miralim əmim!

 

“Ənəl-həqq” eşitdin sən beşiyində,
Həccin bərəkəti ev-eşiyində,
Nə gözəl insansan xalq keşiyində –
Peyğəmbər əsilli Miralim əmim!

 

Mirsultan babanın ömrünə davam,
Sən oldun pirani, nurani adam.
Haqqını kim dana bilər ki, atam –
Peyğəmbər əsilli Miralim əmim!

 

Xanım nənəmizin döşündən südü,
Əmən oğulun var təmiz öyüdü.
Atadan, anadan o belə gördü –
Peyğəmbər əsilli Miralim əmim!

 

Altı qardaşının, beş bacının sən,
Milyon dərdlərinə tən olmusan tən.
Ata əvəzisən, onlara həmdəm,
Onlar bəhrələnib nəsihətindən –
Peyğəmbər əsilli Miralim əmim!

 

Reyhan anamızla altı övladın,
Varlığın, nəfəsin, qolun, qanadın.
Nəvələr sabahın, çoxalan zatın –
Peyğəmbər əsilli Miralim əmim!

 

Səcdənə, təzimə gələn zəvvaram,
Bu ocaqla mən də hər zaman varam.
Nəfəsin toxunan daşa qurbanam –
Peyğəmbər əsilli Miralim əmim!

 

Olub ki, davalar, qan bitirmisən,
Qəlblərdən nalə, ah, qəm itirmisən.
Məni üç oğlun tək çox istəmisən –
Peyğəmbər əsilli Miralim əmim!

 

Gəlimli-gedimli torpağın cənnət,
Neçə ömrə, günə verdin səadət.
Varlığının özü bu xalqa sərvət –
Peyğəmbər əsilli Miralim əmim!

 

Qolu bağlıların nicat yerisən,
Kərbəla, Məşhədi, Həccsən, mirisən.
A tövbə, dilimin bil əzbərisən –
Peyğəmbər əsilli Miralim əmim!

 

İslami dəyərlər daşıyan ürək,
Elin qayğısıyla yaşayan ürək,
Əlacsız şəxslərə ağlayan ürək –
Peyğəmbər əsilli Miralim əmim!

 

Haq ona verəndə bərəkətini,
Vallahi, bol etdi əziyyətini.
Sağlıqda qazanıb axirətini –
Peyğəmbər əsilli Miralim əmim!

 

Nəsə çatmayanda fikir edirik,
O zaman adını biz zikr edirik.
Nə yaxşı ki varsan – şükür edirik –
Peyğəmbər əsilli Miralim əmim!

 

Cəddinin önündə, inanın, qulam,
Haqqın yolçusuyam, mən də ki buyam.
Səsinlə Allaha tez çatır duam –
Peyğəmbər əsilli Miralim əmim!

 

İçində Məkkəyə gedən yolu qəlb,
Sinəndə gəzdirdin iman dolu qəlb.
Aydan arı, mənən varlı, nurlu qəlb –
Peyğəmbər əsilli Miralim əmim!

 

Hər dəfə gələndə müqəddəs kəndə,
Allah haqqı, ollam mən başqa bəndə.
Gizli dualara sirr, açar səndə –
Peyğəmbər əsilli Miralim əmim!

 

Peyğəmbər misalı: “Səbir silahım”,
Səcdəndə çəkildi ərşə günahım.
Səninlə fəxr edir göydə Allahım –
Peyğəmbər əsilli Miralim əmim!

 

Heç kimdən, heç bir şey ummayan dostum,
Qəlbimdə qoyulub heykəlin, büstün.
Sənsən hər bir kəsdən, hamıdan üstün –
Peyğəmbər əsilli Miralim əmim!

 

Yaxşı tanıyırıq ədalətini,
Öndər kimi sevdi milliyyətini.
Dövlətin də sevir sədaqətini –
Peyğəmbər əsilli Miralim əmim!

 

Çətinlikdən sonra iş olur asan,
O da olmalıdır, o da imtahan.
Rəbbin razılığın qazanan insan –
Peyğəmbər əsilli Miralim əmim!

 

Heç dünya malında olmadı gözün,
Mən belə görmüşəm, qoy deyim düzün.
Səmavi nəsihət daşıyır sözün –
Peyğəmbər əsilli Miralim əmim!

 

Dərrakəsi dərin, zəkası uca,
Ol başımız üstə mehriban xoca.
Firəvan şən yaşa, dünya durduqca –
Peyğəmbər əsilli Miralim əmim!

 

Əzmi polad, dəmir, zirvəli dağsan,
Ağıl dəryasısan, hikmətli bağsan.
Sən bizi qoruyan, özün də haqsan –
Peyğəmbər əsilli Miralim əmim!

 

Bir baxışdan duyur ağrı-acını,
El üçün ağartdı saqqal, saçını.
Bax, bu cür tanıtdı bizə adını –
Peyğəmbər əsilli Miralim əmim!

 

Müəllif: Fuad Biləsuvarlı

Saat: 12:33

Tarix: 17 mart

 

Mənbə: Azərbaycan.media