Azərbaycan.media xəbər verir ki, paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Albalılıq elektrik avtobus deposu”nun istifadəyə verilməsi ilə 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd BYD markalı tam elektrik mühərrikli avtobusa xidmət göstərilir.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, yeni avtobuslar Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa və Nardaran qəsəbələrini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Bu yanaşma avtobusların depodan xidmət ərazilərinə daha operativ çatmasına və sürətli enerji doldurulmasına şərait yaradır.
Artıq 140, 150, 172, 189, 140E, 141E və M8 marşrut xətləri üzrə istifadə olunan avtobusların hamısı yenilənərək tam elektrikləşdirilib.
Qeyd olunub ki, daha əvvəl bu marşrutlarda istifadə edilən BMC markalı ekoloji təmiz avtobuslar BakuBus MMC tərəfindən paytaxtın digər ərazilərində mövcud marşrutların gücləndirilməsinə yönləndirilib.
Sərnişin tələbatı və axını nəzərə alınaraq əlavə nəqliyyat vasitələrinin xəttə buraxılması ictimai nəqliyyata əlçatanlığı artırıb, avtobusların yüklülüyünü azaldıb və xidmət keyfiyyətini yüksəldib.
AYNA-nın məlumatında vurğulanıb ki, elektrikli avtobuslar yaşıl və dayanıqlı nəqliyyat sisteminin əsas elementlərindən biri olmaqla atmosferə zərərli qazların buraxılmasını aradan qaldırır, havanın keyfiyyətini yaxşılaşdırır və səs-küyü azaldır. Bu isə ümumilikdə ekoloji vəziyyətin yaxşılaşmasına və müasir ictimai nəqliyyat sisteminin inkişafına mühüm töhfə verir.
