Azərbaycan.media xəbər verir ki, Sumqayıtdakı Muğam Mərkəzində Azərbaycan ədəbiyyatına poetik incilər bəxş etmiş şair Sabir Sarvanın 70 illik yubileyinə həsr olunmuş “Sözdən o yana mən varam” adlı tədbir keçirildi.
Öncə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardından Azərbaycan respublikasının Dövlət Himni səsləndirildi.
Sonra şairin “Öldürdüm özümü” şeiri monitorda müəllifin öz səsində təqdim olundu.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamlayaraq yubiley tədbirinin məram və məqsədi haqqında məlumat verdi və sözü ədəbiyyatşünas, tənqidçi, araşdırmaçı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıya verdi.
Tədbirin moderatoru Nərgiz Cabbarlı çıxışında Sabir Sarvanın həyat və yaradıcılığı haqqında geniş bəhs etdi. Daha sonra şairin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş etdirildi.
Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, millət vəkili Aydın Hüseynov, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva, yazıçı-publisist, ədəbiyyatşünas Məti Osmanoğlu, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, şair-publisist Həmid Ormanlı, şair Zirəddin Qafarlı, Ağsu Ədəbi Birliyinin sədri Raqif Nazimoğlu, Sumqayıt ədəbi cameəsinin nümayəndəsi, şairin dostu Əli Niyazbəyli çıxış edərək şairlə bağlı xatirələrini bölüşdülər və onun yaradıcılığı haqqında fikirlərini söylədilər.
Türkiyənin ünlü ismləri -Şair – yazar Fethi Akın, musiqiçi Fərhat Livaneli,Rəssam Kemal Uğur,musiqiçi,bədii qiraətçi Mehmet Peker tədbirə onlayn qoşularaq Sabir müəllimlə bağlı düşüncələrini paylaşdılar. Türkiyənin ünlü bəstəkarı Ayzer Büyükerin Sabir Sarvanın sözlərinə bəstələdiyi mahnılar monitorda səsləndirildi.
Tədbirin bədii hissəsində Əməkdar artistlər İzaməddin Bağırov və Cəlal Məmmədov, eləcə də bədii qiraətçi Müşfiqə Baləddinqızı şairin şeirlərini səsləndirərək məclisə xoş ovqat bəxş etdilər.
Əməkdar artist Elnarə Abdullayeva, müğənnilər Daşqın Kürçaylı və Nəzrin Hüseynlinin ifasında səslənən, şairin sözlərinə bəstələnmiş mahnılar isə tədbirə xüsusi ab-hava qatdı.


İlhamə Məhəmmədqızı
Azərbaycan.media
