Azərbaycan.media xəbər verir ki, Azərbaycanda ənənəvi olmayan və ölkədə istehlakı geniş yayılmayan heyvan ətlərinin satışına məhdudiyyət qoyulması təklif edilir. Bu məsələ 2025-ci il üzrə Nazirlər Kabinetinin hesabatında yer alıb.
Sənəddə qeyd olunur ki, son dövrlərdə satışa çıxarılan mənşəyi məlum olmayan ətlər kütləvi zəhərlənmələrə və müxtəlif xəstəliklərə səbəb ola bilər, həmçinin cəmiyyətdə narahatlıq yaradır. Ət satışında konkret qadağaların olmaması bəzi işbazların bundan sui-istifadə etməsinə imkan verir. Təklifdə vurğulanır ki, ənənəvi olmayan və ölkədə istehlakı yayılmayan heyvanların siyahısı hazırlanmalı və həmin kateqoriyaya aid ətlərin satışına məhdudiyyət qoyulmalıdır.
Axar.az xəbər verir ki, Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında bildirib ki, belə qadağaların bazar iqtisadiyyatına təsirini qiymətləndirmək üçün öncə siyahının necə tərtib ediləcəyinə baxmaq lazımdır.
İqtisadçı qeyd edib ki, “ənənəvi olmayan” anlayışı aydın müəyyən edilməyib: “Məsələn, timsah və ya dəvəquşu ətləri nəzərdə tutulurmu? Bəzi quş ətləri bizim mətbəxdə geniş yayılmayıb, amma dünyada qida kimi istifadə olunur. Azərbaycanda bu məhsulların istehlakı çox azdır, ona görə də problem böyük görünmür. Əvvəlcə hazırlanacaq siyahıya baxmaq vacibdir”.
O əlavə edib ki, əhalinin böyük əksəriyyəti əsasən mal, qoyun, toyuq ətinə, digər quş ətlərinə və balığa üstünlük verir. Bu baxımdan “ənənəvi olmayan” anlayışının konkret nəyi əhatə etdiyi Nazirlər Kabineti tərəfindən açıqlanmalıdır.
