🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Günel Natiqin “On iki yolçu” hekayəsi postqələbə nəsri kontekstində

2020-ci ilin payızında qazanılmış qələbə nəticəsində müasir Azərbaycan ədəbiyyatı otuzillik məğlubiyyət kompleksindən qurtulmuş «yeni insan»ın doğuluşunu tərənnüm edən postqələbə mərhələsinə qədəm qoyub. Bu dövrün ədəbiyyatı artıq pafoslu şüarlardan uzaqlaşaraq dərin psixoloji qatlara, fərdin daxili dünyasına və müharibənin şüurda buraxdığı silinməz izlərə enməyi tələb edir. Postqələbə ədəbiyyatı həm də bir katarsis funksiyası daşıyaraq cəmiyyətin illərlə yığılıb qalmış travmalarını bədii söz vasitəsilə sağaltmağa çalışır. Bu kontekstdə Günel Natiqin «On iki yolçu» hekayəsi otuz illik həsrətə son qoyan hərbi missiyanın təsviri olmaqla yanaşı, bir xalqın zəfərə gedən yolunun canlı panoramını təqdim edir.

Hekayənin strukturunda obrazların soyadları təsadüfi detal deyil, müəllifin «Vahid Azərbaycan» konsepsiyasını simvollaşdıran bədii vasitədir: Mayor Danyeri, Kapitan Hüsülü, Leytenant Qalalı, Çavuş Cəyirli və digərlərinin soyadları Naxçıvandan Şərura, Laçından Ağdama qədər uzanan coğrafi birliyi təmsil edir. Postqələbə nəsrinin məramlarından biri kimi, bu detal zədələnmiş yaddaşın coğrafi adlar vasitəsilə bütövləşdirilməsini reallaşdırır. Necə ki, müharibə şəraitində biz hamımız Qarabağlı idik, hekayədə müəllif hər bir hərbçini öz doğma yurdundan gələn bir “elçi” kimi təqdim edərək Vətən uğrunda savaşın hər bir kəndin, obanın qisas borcuna çevrildiyinə vurğu edir.

Dinamik dialoqlar üzərində qurulan “On iki yolçu” hekayəsinin cərəyan etdiyi qapalı məkan – təyyarə salonu simvolik keçid məkanıdır. Qələbə naminə bilə-istəyə ölümə gedən hərbçilərin bu yolda canlarını itirməkdən qorxmadıqlarını yerlə göy arasındakı etiraflarından izləyirik.

Mətndəki hər bir jest, detal «mənim ağrım» anlayışının «Vətən ağrısı»na necə transformasiya olunduğunu nümayiş etdirir. Əsərin ən təsirli detalı olan mühərrik uğultusu içində eşidilən metal əsanın səsi birinci Qarabağ müharibəsinin dinməyən ağrısı, illərlə sağalmayan yarası və mənəvi borcun təcəssümüdür. O müharibədə ölmədikləri üçün mayorun və kapitanın özlərini günahkar bilməsi, sağ qalmağın yük kimi qəlblərdə daşınması bu travmanı yalnız qələbə sevincinin sağaldacağına işarədir.

Hekayə boyu hər bir döyüşçünün vətən uğrunda son döyüşə yola düşərkən həm də ötən illərin itkisinin, məğlubiyyət acısının intiqamını almaq məqsədinə şahid oluruq. Lakin bu intiqam sadəcə düşmən üzərindəki hərbi qələbə ilə məhdudlaşmır; o, həm də fərdi ağrıların ümummilli qisasa çevrilərək mənəvi baxımdan sağalması prosesidir. “Siz deyirsiniz, hər kəs öz torpağının qoxusunu tanıyır… Mən tanımıram. Mən yaddaşımı itirmişəm. Düşməndən bunun intiqamını almağa gedirəm. Bəlkə onda itirdiyim adamı — özümü taparam…” – Leytenant Qalalının sözləri bu döyüşün yalnız torpaq uğrunda deyil, həm də itirilmiş milli yaddaş və özünüdərkin bərpası uğrunda gedən bir mübarizə olduğunu göstərir. 1992-ci ildə Xocalıda qarın altından çıxarılan, ana-atasını orada itirən körpənin indi bir zabit kimi həmin torpaqlara qayıtması tariximizin ən böyük ədalət aktı olduğu kimi, həm də fərdlərin inamının, yaddaşının geri dönməsi deməkdir.

Hekayənin sonunda mətn boyu ümumi ahəngdən çıxan məlumat xarakterli cümlələrin bir jurnalistin hazırladığı məqalədən hissələr olduğu müəyyənləşir. Həmin on iki yolçu\döyüşçüdən sağ qalan bircə nəfər – ən gənc və yoldaşları tərəfindən «təcrübəsiz», “anauşağı” sayılan Səid Atabəyli obrazı ilə müəllif intiqamda “vərəsəlik” ideyasını irəli çıxarır.

Sonda onu bir şəhid anasının böyütdüyünün bəlli olması, qardaşının əmanəti kimi qoruduğu qanlı şərfini masanın üzərinə qoyub “Mən şəhid anasının böyütdüyü əsgərəm. Mən qorxa bilməzdim…” epizodu hekayənin emosional piki, kollektiv katarsisin ifadəsidir. Səid keçmişin ağrılarını bugünün qələbəsinə çevirən yeni nəslin nümayəndəsidir – Qarabağı görməyən, onu yalnız genetik yaddaş və onlara danışılanlar əsasında sevən, xilas etmək arzusu, qorumaq instinkti ilə döyüşə yola düşən yüzlərlə, minlərlə gəncin ümumiləşmiş obrazıdır.

Günel Natiq bu hekayədə 44 günlük müharibəni otuz il əvvəl bədənlərdə qəlpə, yaddaşlarda nisgil kimi donub qalmış savaşın taleyüklü yekunu kimi təqdim edir. Bu mənada, «On iki yolçu»nun timsalında Azərbaycan ədəbiyyatı məğlubiyyət travmasından Zəfər fəlsəfəsinə keçid edərək, özünəqayıdış missiyasını yeni dövrün manifestinə çevirir.

 

Mətanət Vahid. Ərli qadın (Hekayə) » Yarpaq.az

Müəllif: Mətanət Vahid 
Azərbaycan.media