🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zemfira Əbdülsəmədova: “Anamla dialoqlarım həyatımın ən təsirli səhnələridir”

Zemfira Əbdülsəmədova – 65

Hər sənətkarın həyatında bir iz qoyan məqamlar, yadda qalan obrazlar olur. Bu dəfə mənim həmsöhbətim Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Prezident mükafatçısı Zemfira Əbdülsəmədova oldu. Onun səhnəyə, tamaşaçıya və sənətə olan sevgi və sədaqəti hər kəs üçün nümunədir. Bu müsahibəmdə onun daxili dünyasına, sənət yoluna və insan olaraq yaşantılarına yaxınlıq tapmaq imkanım oldu.
Beləliklə, müsahibəmiz Zemfira Əbdülsəmədovadır.

 

 

– Zemfira xanım, 65 yaşınız tamam olur – həyatınızı bir teatr pyesi kimi təsvir etsəydiniz, bu pyesin adı nə olardı?

 

–  Fuad bəy, bu pyesin adı “Sədaqət” də ola bilərdi. Gənclik illərimdən indiyə qədər — bu yaşıma qədər həyatı dərk edəndən, başa düşəndən, anlayandan sonra — insanlara qarşı, özümə qarşı, ailəmə qarşı, eləcə də sevib seçdiyim sənətimə qarşı hər zaman sədaqətli olmağa çalışmışam, sadiqlik hissini itirməməyə çalışmışam. Onu içimdə qorumağa çalışmışam.
Həyat bir dərsdir, bir məktəbdir. O məktəbi oxuya-oxuya, keçə-keçə, illərin üstünə illər gəldikcə insan böyüyür, dəyişir, kamilləşir. Mən də çalışmışam ki, öz-özümü tərbiyə edim.
Mütləq bir məqamı qeyd etməliyəm ki, həyat bumeranq kimidir — etdiyin yaxşı və pis əməllər sonda yenə özünə qayıdır. Mən də çalışmışam ki, yaxşı əməllərim daha çox olsun.

 

– Teatr səhnəsi ilə serial arasında özünüzü daha “canlı” hiss etdiyiniz an hansıdır?

 

– Fuad bəy, serialın geniş tamaşaçı auditoriyası var. Məsələn, mən böyük tamaşaçı məhəbbətini çıxış etdiyim, çəkildiyim seriallarda tapmışam. Tamaşaçının sənə olan məhəbbəti, o məhəbbəti sözlə ifadə etməsi, zəngləri, mesajları o qədər gözəl hisslərdir ki… Həqiqətən xoşbəxtəm ki, həm sənətim var, həm də geniş tamaşaçı məhəbbətini qazana bilmişəm.
Məni sevən, mənə dəyər verən, hörmət edən sadiq tamaşaçılarıma minnətdaram. Tamaşaçılarımın qarşısında baş əyirəm.
Onu da deyim ki, serialın həm çətin tərəfləri var, həm də maraqlı tərəfləri. Zaman aparır, çox vaxt tələb edir. Amma buna baxmayaraq, o da maraqlıdır.

 

– Serialın maraqlı tərəfləri nədir?

 

–  Serialın aktyor karyerasında öz müsbət tərəfləri var. Aktyora geniş tamaşaçı auditoriyası və tamaşaçı sevgisi qazandırır.

 

– Zemfira xanım, Ədalət müəllimlə eyni səhnəni paylaşmaq sizə həm iş, həm də şəxsi həyat baxımından nə hisslər verir?

 

– Mən bir neçə dəfə müsahibələrimdə bu suala cavab vermişəm. Ədalət müəllimlə həm teatrda, həm də kino sahəsində tərəf müqabili olmuşam. Bu, çox məsuliyyətli bir işdir. Çünki Ədalət müəllim çox ciddi insandır, sənəti dərindən anlayır. Teatrı da dərindən bilir, praktikasını da yaxşı mənimsəyib.
Onunla tamaşa oynayanda və ya filmlərə çəkiləndə daha ehtiyatlı davranıram. Çünki o, hər şeyi çox dəqiq görür və dəqiq hiss edir. Bu isə əlavə məsuliyyət yaradır.
Nə yaxşı ki, Ədalət müəllim mənim həyat yoldaşımdır. Onun aktyor olması bir tərəfdən mənim üçün həyatda çox rahatdır. Bizim sənətin görünən və görünməyən çətinlikləri var. Bu çətinlikləri hər sənət sahibi anlamaz və qəbul etməz. Ona görə də həyat yoldaşımın aktyor olması mənə çox kömək edir.
O, mənim arxamda duran, mənə dayaq olan insandır. Həm sənətdə, həm də ailəmdə inandığım, güvəndiyim adamdır.

 

– Bayaqkı sualıma Ədalət müəllimlə bağlı kifayət qədər dolğun və təfsilatlı cavab verdiniz. Zəhmət olmasa, bu sualı da cavablandırardınız: Ədalət müəllimlə eyni səhnəni bölüşərkən sizin üçün ən romantik, ən gülməli və ən çətin an hansı olub?

 

– Öncəki sualınızda da dediyim kimi, Ədalət müəllim çox ciddi aktyordur. Baxmayaraq ki, komediya obrazlarının da öhdəsindən çox gözəl gəlir. Bəzən elə adi bir söz deyir ki, insan özünü gülməkdən güclə saxlayır. Sözsüz ki, səhnədə də belə hallar olur.
Ən çətin tərəf, dediyim kimi, o məsuliyyət hissidir. Ən gülməli tərəfi isə onun zarafatcıl olmasıdır.

 

– Bir obrazı canlandırarkən onun duyğularını həqiqətən yaşayırsınız, yoxsa sadəcə rol oynayırsınız?

 

– Biz istər-istəməz aktyor olaraq səhnədə və ya kinoda bir obrazı canlandıranda başqa bir insanın həyatını yaşayırıq. O zaman artıq özümüz olmuruq. Bəzən özümüzdən çıxış edirik, bəzən isə tamamilə başqa bir xarakter yaradırıq.
Bəzən elə tamaşalar, elə filmlər olur ki, orada sadəcə rolu oynayırsan. Amma elə tamaşalar və elə xarakter obrazlar da var ki, onları yalnız daxildən keçirərək, yaşantı ilə vermək, o hissləri yaşayaraq tamaşaçıya çatdırmaq lazımdır.
O obrazlardan biri də “İnanıram” mono tamaşamdakı şəhid anası obrazıdır. Həmin yaşantıları mütləq içindən keçirərək, hiss edərək, duyaraq tamaşaçıya ötürmək lazımdır. Bu isə o qədər də asan başa gəlmir.
Belə obrazlar məhz həmin yaşantıları vermək, o hissləri yaşamaq bahasına — ağrı-acı bahasına başa gəlir.

 

– Əgər bir gün öz həyatınızdan bir serial çəksəydilər, hansı epizodun tamaşaçıya ən çox təsir edəcəyini düşünərdiniz?

 

– Əgər mənim həyatım haqqında bir serial çəkilsəydi, anamla olan həyat səhnələrimi göstərmək istərdim ki, tamaşaçılar o səhnələri görsünlər. Çünki mənim rəhmətlik anamla uşaqlıqdan, gəncliyimə qədər o qədər gözəl xatirələrim var ki, onları canlandırsaydım, mənə elə gəlir ki, tamaşaçı üçün də maraqlı olardı.
Çox gözəl səhnələrimiz olub, anamla çox gözəl dialoqlarımız, yaşantılarımız və xatirələrimiz olub. Bu xatirələri öz-özümə yada salıram və onlardan təsəlli tapıram. Mənə elə gəlir ki, ən maraqlı epizodlar məhz anamla bağlıdır. Tamaşaçı da bu səhnələrdən təsirlənər və xoş hisslər oyadardı.

 

–  Zemfira xanım, bayaqkı sualıma cavab olaraq qeyd etdiniz ki, ananızla bağlı çoxlu xatirələriniz var və onları xatırlamaq sizə böyük təsəlli verir. Bu xatirələrdən hansı sizin üçün daha yaddaqalandır? Heç olmasa, onlardan birini oxucularımızla bölüşə bilərsinizmi?

 

– Anam haqqında xatirələrim çoxdur. O mənim üçün əziz və doğmadır. Bu xatirələri bölüşməsəm daha yaxşı olar, çünki onlar mənim şəxsi sirrimdir. Qoy, bu xatirələr yalnız ürəyimdə qalsın. Ana mənim həssas nöqtəmdir və buna görə də sadəcə bölüşmək istəmirəm. Yaddaşımda qalmasını yalnız özümə aid hesab edirəm.

 

– Siz “Bir qadın” serialında Cənnət xala obrazından sonra Zöhrə obrazını canlandıraraq əsl qayınana obrazını yaratdınız. Sizcə, bu obraz ailə mentalitetinə uyğun idimi?

 

– Ümumiyyətlə, “Bir Qadın” serialındakı Zöhrə obrazını çox sevmişəm və ona hər zaman haqq qazandırmışam. Baxmayaraq ki, onun həyatla bağlı düşüncələri və anlayışları bəzən səhv ola bilərdi, amma bunlar onun yaşadığı mühitdən, aldığı tərbiyədən irəli gəlirdi.
Bir insan kimi o çalışırdı ki, səhvlərini təkrarlamasın. Həyat təcrübələri Zöhrəni daha da böyütmüş, daha düşüncəli və anlayışlı etmişdi. O, ən azından öz səhvlərini anlayır, başa düşürdü. Amma elə vəziyyətlər var ki, insanın özündən asılı deyil; həyat onu belə tərbiyə etmişdi. O isə çalışırdı ki, bu səhvlərdən nəticə çıxarsın.
Ona görə də Zöhrə obrazını mən çox sevmişəm. Tam mentalitetə uyğun bir xarakter idi. O, böyüdüyü mühit və aldığı tərbiyə səbəbindən elə davranırdı, amma eyni zamanda çalışırdı ki, səhvlərindən dərs çıxarsın və övladlarının xoşbəxt olmasını təmin etsin. O istəyirdi ki, övladları onun səhvlərini təkrarlamasın. Amma hər bir halda, Zöhrə xanım zamanın və mentalitetin qurbanı idi.

 

– 25 yaşınızla 65 yaşınız arasında ən çox dəyişən şey nədir – aktyor kimi, yoxsa insan kimi?

 

– Əlbəttə ki, əvvəlcə insan kimi, sonra isə aktyor kimi zaman keçdikcə insan püxtələşir, kamilləşir. Özünü yeniləyir, zaman dəyişdikcə insanlara olan münasibəti də dəyişir. Həm insan kimi, həm də aktyor kimi bəli, püxtələşmişəm.

– Həyatınızda sizi ən çox güldürən, göz yaşına boğan səhnə hansıdır?

 

– Ən çox güldürən səhnələr uşaqlarla bağlıdır. Xoşbəxt uşaqlardı, körpə uşaqlardı, şən, həyatı sevən və həyata bağlı insanlardı. Amma ən çox göz yaşına boğan səhnələr yəqin ki, qocalarla bağlıdır.
Mən bir dəfə qocalar evinə getmişdim — bir film üçün orada çəkilişlərimiz olmuşdu. Orada ailəsi tərəfindən qocalar evinə göndərilən bir qadını oynayırdım. Hətta orada onları görəndə çox pis olmuşdum, çünki özüm də elə bir obrazı canlandırırdım. Həqiqətən də belə səhnələri oynayanda özümü saxlaya bilmirdim.
Mənim tərəf müqabilim həmin qocalar evinin sakini, yaşlı bir adam idi. Onlarla tərəf müqabili olaraq işlədim və onların gözlərinin içindəki kədəri, həsrəti gördüm. Bunu görmək mənim üçün çox ağrılı və acı idi.

 

– Serial və teatr arasında seçim etməli olsaydınız, hansı sizi daha çox xoşbəxt edərdi?

 

– Sözsüz ki, teatr… Niyə? Çünki teatr mənim ilk sevgimdir. İlk dəfə səhnəyə teatrda qədəm qoymuşam. Maraqlı rejissorlarla işləmişəm, gözəl tərəf müqabillərim olub. Sevdiyim sənət əsərlərini səhnədə oynamışam, vaxtilə kitablardan oxuduğum qəhrəmanları səhnədə canlandırmışam.
Səhnənin möcüzəsi, sirri tamamilə başqadır. Canlı tamaşaçı ilə ünsiyyətin yerini bəlkə də heç nə vermir. Tamaşadan sonra gələn alqışlar, çiçəklər insanın özünə inamını artırır, həyatın gözəlliyini daha da hiss etdirir.
Serialın da mənim üçün öz gözəl tərəfləri var, amma teatrın yeri bir başqadır.

 

– Məsələn, serialın hansı gözəl tərəfləri var?

 

– Serialın aktyor karyerasında öz müsbət tərəfləri var. O, aktyora geniş tamaşaçı auditoriyası və tamaşaçı sevgisi qazandırır.

– Tamaşaçının yaddaşında qalmaq üçün hansı “kiçik detal” daha çox önəm daşıyır?

 

– Mən belə düşünürəm ki, rol düzgün təyin olunanda və obraz xarakter olaraq düzgün çatdırılanda, rol düzgün oynanılanda tamaşaçının yaddaşında qalır. Kiçik bir detal da böyük təsir edə bilər — məsələn, hansısa ləhcə, obrazda tez-tez təkrarlanan söz, bir hərəkət, dilindəki kiçik qüsur, yaxud xarakterə uyğun digər incə detal.
Ən əsası isə aktyor oyunu düzgün olarsa və xarakteri düzgün çatdıra bilsə, tamaşaçı onu həyatda olduğu kimi qəbul edir. İnsan səhnədə, kinoda və ya serialda aktyor vasitəsilə bu şəkildə görürsə, elə həmin aktyor yadda qalır.

 

 

– Sizi ən çox ruhlandıran və motivasiya edən aktrisa həyat hekayəsi hansıdır?

 

– Edith Piaf ümumiyyətlə çox əziyyət çəkib. Xəstə olub və bədənindəki ağrılarla həmişə mübarizə aparıb. Amma heç bir ağrı onu səhnədən uzaqlaşdıra bilməyib. O, əziyyətinə, ağrılarına baxmayaraq səhnədə olub həmişə. Onun səhnəyə olan sevgisi o qədər böyük olub ki, onu heç kim dayandıra bilməyib. Konsertlərində ağrı kəsicini üzünə vururdu, sonra isə çıxırdı səhnəyə və bir neçə saat oxuyurdu. Bir neçə saatdan sonra ağrıları yenidən baş verirdi, ağrı kəsicini vurub yenə də səhnəyə çıxırdı. Heç bir ağrı-acı onu səhnədən küsdürə bilmədi. Piaf səhnəyə sona qədər sadiq qaldı.
Aktrisalardan mən həmişə Zərnigar Ağakişiyevaya pərəstiş etmişəm. O, çox gözəl aktrisa idi, səhnəyə yaraşan bir sənətkar idi. Özünü səhnəyə fəda etdi və hər roluyla, hər obrazıyla səhnəyə dolğun xarakter və yaraşıq gətirmişdi. Eləcə də Safura İbrahimova eyni keyfiyyətlərə malik idi.

 

 

-Teatr səhnəsindəki ilk xatirənizlə 65 yaşınızdakı indiki təcrübəniz arasında ən böyük fərq nədir?

– Əlbəttə ki, fərq var. Səhnə təcrübəsində böyük fərq var. Fuad bəy, bir şeyi deyim sizə: mən gənc idim və öz yaşıma uyğun obrazlar mənə tapşırılırdı. Onları oynayırdım.
Çox gözəl rejissorumuz var idi — Hüseynağa Atakişiyev kimi fenomenal bir sənətkar. Onunla işləmək böyük xoşbəxtlik idi. Həm də asan idi, arxayın olurduq ki, belə bir rejissorla işləyirik. O, bizi pillə-pillə irəli apardı, özümüzə inamımızı artırdı, aktyor imkanlarımızı genişləndirdi və inkişaf etdirdi.
Amma sözsüz ki, indi 65 illik təcrübəm əlimdən tutur. İndiyə qədər qazandıqlarım, təcrübəm və praktikam mənə böyük dəstək verir. Sözsüz ki, indi daha ürəkliyəm. (Gülür)

 

– Həyatınız boyunca aldığınız mükafatlardan hansı sizin üçün ən dəyərlisi və niyə?

 

– Ömrüm boyu, həyatım boyu aldığım ən böyük mükafatlardan biri və birincisi övladlarımın varlığıdır. Bununla fəxr edirəm. Mənim üçün ən dəyərli hiss odur.
Bir də tamaşaçı alqışı var ki, onu da çox qiymətləndirirəm.

 

– Əgər bir gün bütün serial və teatr işlərini buraxmalı olsaydınız, ruhunuzu hansı sənət doyurardı?

 

– Daha bundan sonra heç bir sənət mənim ruhumu doydura bilməz. Ömrümün böyük hissəsini, demək olar ki, bütününü bu sənətə həsr etmişəm. Və nə yaxşı ki, bunu etmişəm.

 

– 65 yaş – bu yaşı gənclərə hansı “sirləri” ötürmək üçün fürsət hesab edirsiniz?

 

– Bu yaşa qədər qazandığım təcrübələrdən irəli gələrək gənclərə tövsiyəm budur: özünüzü dəyərləndirin və imkanlarınızdan maksimum istifadə edin. İstedadınızın qədrini bilin, çünki istedad özü bir fürsətdir. O fürsəti dəyərləndirin, zəhmətkeş olun. Zəhmətdən və əziyyətdən qorxmayın.
Bu sənət çətin sənətdir və bu yolda bütün çətinlikləri yalnız zəhmətiniz və əziyyətinizlə aşa bilərsiniz. Asan yol yoxdur. Buna görə möhkəm olun və özünüzə dəyər verin.

 

– Həyatda ən çox nə ilə zənginləşdiniz: təcrübə ilə, hisslərlə, yoxsa insanlarla münasibətlərlə?

 

– Hər üçü ilə. Hisslər həmişə olub və indinin özündə də var. Biz aktyorlar, sənət sahibləri xüsusi, fərqli və seçilmiş insanlarıq. Ona görə də Tanrının bizə verdiyi bu gözəl fürsətlərdən yaxşı mənada istifadə etməliyik. Və şükür etməliyik ki, Tanrı bizi belə yaratdı.

 

Sözardı: Söhbətimizin sonunda bir daha gördüm ki, sənət yalnız istedad deyil, həm də ürək, sədaqət və zəhmət tələb edir. Zemfira Əbdülsəmədova buna misilsiz nümunədir — həm səhnədə, həm də həyatda. Onun hekayəsi göstərir ki, əsl sənətkar yalnız rollarla deyil, yaşadığı həyatla da tamaşaçıya təsir edə bilir. Bu müsahibə mənim üçün də bir dərs oldu: sənətə sevgi və hörmət heç vaxt köhnəlməz.

Söhbətləşdi: Fuad Biləsuvarlı

Mənbə: Azerbaycan.media