Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Erkən kəsimə son” adlı maarifləndirici kampaniyaya start verib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən saytımıza bildirilib ki, son dövrlərdə ölkədə qaramalın 6–9 aylıq, qoyunların isə 3–5 aylıq yaşda kəsilməsi ənənəvi hal almağa başlayıb. Bu isə heyvanların məhsuldarlıq potensialından tam istifadə olunmadan təsərrüfatdan çıxarılmasına, nəticədə məhsuldar heyvanların ümumi sayının azalmasına və istehsalın aşağı düşməsinə səbəb olur.
Məlumata görə, məhz bu səbəbdən iri və xırdabuynuzlu heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərinə başlanılıb.
Layihə çərçivəsində buklet, broşür, poster və videoçarx kimi maarifləndirici materialların hazırlanaraq ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur. Kampaniya barədə geniş ictimaiyyətə media və sosial şəbəkələr vasitəsilə məlumat veriləcək.
