🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası “Paddle Europe” ilə əməkdaşlıq qurub

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) “Paddle Europe” ilə çoxşaxəli əməkdaşlıq sənədi imzalayıb.

Azərbaycanın strateji coğrafi mövqeyi, inkişaf yönümlü fəaliyyətlərə ev sahibliyi imkanları və tərəflər arasındakı yüksək əməkdaşlıq perspektivləri nəzərə alınaraq sənəd imzalanıb.

İmza mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və AKAF-ın rəhbəri Vüqar Əhmədov iştirak ediblər.

Sənədə əsasən, tərəflər Bakıda “Paddle Europe” ofisini yaradacaq, Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrdə kanoe idmanını dəstəkləyəcək, Sərsəng su anbarında beynəlxalq yarışlar və təlim-məşq toplanışları təşkil edəcəklər.

Gələcəkdə regionda təlim imkanlarını artıracaq infrastruktur layihələri də nəzərdən keçirilə bilər. Əməkdaşlıq çərçivəsində birgə təlimlər, məşqçi və liderlik təhsili, tədbirlərdə iştirak və qarşılıqlı uyğun sahələrin inkişafı təmin ediləcək.

Əməkdaşlığın effektiv koordinasiyası və şəffaf qərar qəbulu üçün tərəflər bərabər sayda nümayəndədən ibarət Birgə İdarəetmə Qrupu yaradacaqlar.