Sabir Sarvanın 70 yaşına
Hardan perik düşüb bu quş
Bə hanı çölləri bunun?!
Bəxtinə güllə açılıb,
Tutulub dilləri bunun.
Axşamın qərib çağında,
Dərd solunda,qəm sağında,
Vağam olub budağında
Yaşılı,alları bunun.
Qalan ömrü duman,çənmi,
Baiskarı sənmi,mənmi,
Gözlərindən görmürsənmi,
Talanıb elləri bunun.
Hardan perik düşmüşdü? Yuvasını hansı ağacda qurmuşdu? Hansı tərs əsən rüzgar
yuvasını dağıtmışdı? Özü də yuvası kimi darmadağın olmuşdu.Üz- gözündən bəlli
etməsə də, yazdıqlarından hər şey bəlliydi.
Kiminsə itkin səsiyəm
O,səsdən,ündən baxıram.
Adəm nə vaxt göz açıbsa,
Elə o gündən baxıram.
Kimin itkin səsiydin? Hardan gəlirdin belə arğın- yorğun,əllərin ətəyindən uzun.
Ürəyinin yorğunluğu üzünə yansımasa da, canında qövr eləyib,ruhunda dolaşırdı.
Elə ağlatdı ki,taleyim məni Çeşmələr qurutdum hər qaşın altda
Başıma o qədər daş yağdı göydən
Axırda gizləndimbu daşın altda.
Bu düz- dünyada gizlənməyə yermi qəhətdi? Baxdığın göy,gördüyün işıq da səni
tutub saxlamadımı?
Ana uzat qollarını
Qolların üstündə ölüm,
yaşaya bilmirəm daha,-
deyibən haray çəkdin,fəryad etdin.Özündən başqa səsini kimsə eşitmədi.Bəlkə də
cızdağı çıxdı ananın kimsə gizlicə bu şeirini ona oxuyanda.
Gələsi illərə açıb yaxamı,
Ayağım torpaqda,ürəyim göydə
Örüşdə naxırı otaran zaman,
Uyub səhərlərin sərin yelinə,
Uyub göy üzünün dərinliyinə
Qonşumuz Xancanın,cırtqoz Xancanın
Ala danasını itirən zaman,
Bilməzdim bu şeir nə olan şeydi.
…Şəhərdə əlimə qələm götürdüm,
İtirdim özümü ,tapa bilmədim.
Sən hardan bilə bilərdin qarşıda yoluna çıxacaqları,alnına yazılanları,olub-
olacaqları. Bəlkə də düşündün o kənddə qalsaydın, danasını itirdiyin o cırtqoz
Xancanın yanında daha xöşbəxt olardın,şeirin nə olduğunu bilmədən yaşayıb,
yaşlanardın. Amma yox.Bu qədər idi.Qəzası sonradan başa gələn…
Küçədə ağlayan qarı
Baxdım,könlümü göynətdin.
Ağlamaq yaxşı şeydimi, Mənə ağlamaq öyrətdin?
Getdiyin yolda- rizdə qarşına çıxan, gözünü – könlünü göyüm -göyüm göynədən o
qarı kim idi?! Ölümü nə tez gördün o qarının gözlərində, nə tez ağlamaq öyrətdi o
qarı sənə?! Bəlkə qaraçuxan idi getdiyin yolda qarşına çıxan, sənə vaxtından əvvəl
ağlamaq öyrədən o imansız qarı…
Qara daş altından cücərən otlarla nə tez dərdləşməyi öyrəndin, yaxanı nə tez verdin
dərdin əlinə, özünü nə tez qəmə tanıtdın?
Sumqayıtda yaşıdım olan bir bina var
Binəsi mən doğulan ili qazılıb
alnının ortasına 1956 yazılıb
…intihar fikrinə düşsəm,
Silahı o dükandan alacağam
Dünyayla dost ola bilmədiyin bəlliydi, sənin dərdini yavanlıq eyləyib, səni
dərdiynən firavan bilən dünya bu qədərmi qəhər kimi çökmüşdü içinə?!Yoxsa ,o
yaşda könlünə ölümmü düşmüşdü?!
O bina durur, o ovçu dükanı da durur, alnının ortasındakı o yazı da, amma fələk
qarının səninlə oynadığı oyuna bax.
Dustaqsan yolun olmaz
Budaqsan gülün olmaz
Ocaqsan dözəmmirəm
Bir belə zülüm olmaz
Yanma,ürək ,yanma.
…Günlər qumdu,vaxt sumu,
Yuyub aparır qumu
Yaşım əllini ötdü
Yazdığın yazı bumu?
Dinmə,fələk,dinmə
Oxuyanda ən qəddar adamın bağrımının başını göyüm – göyüm göynədən bu
misraların ağırlığı qarşısında dostların beli bükülür, ürəyi qana dönür.50 yaşın
şeiridi.Evitikilən, 50 yaş nə yaşdı ki?! Vəsiyyət yüngüllükdü deyib,- arın- arxayın
vəsiyyət də eləmişdin.
Məni kəndimizdə basdırarsınız
Bir az yola yaxın,hənirə yaxın,
Bitər qəbrim üstə küskün bənövşə
Gələr qulağıama şırşırı arxın.
Şeirini oxuyub, üzünə kədərlə baxanları bığaltı qımışıqla yola da vermişdin.Sən
demə yavaş- yavaş, altdan – altdan yır- yığış da edirmişsən.
Gördü ki,təzə cığaldı
Qımışdı dünya bığaltı,-
Deyib hərdən bu dünyayla tay- tuşun kimi zarafatlaşdın və sonra yenə təkliyə
çəkilib:
Tüstüsü başdan çıxan,
Başı min işdən çıxan
İşləri daşdan çıxan
Sənin oğlundur,ana -,
deyib korun- korun tüstülədin.Sığındığın,ömrünün çoxunu keçirdiyin kirakeş
evlərdənmi bezdin, yoxsa bu azmış kimi bircə balanı da əlindən alıb səni özünə
balan qədər doğmalaşdıran ölümə üz tutub şairanə gileyeylədin?
Bir qəbirdə atam,birində balam,
Daha nə əvvəlim,nə də sonum var,-
deyibən ağ vərəqə qıydın heç kəsə,heç vaxt etibar edib deyə bilməyəcəklərini…
Qələm və kağız hər addımda qarşına çıxıb səni yoran, qıran bu dünyanın adamla-
rından vəfalıydı, etibarlıydı çünki:
…Söz danışdım qurnaz- qurnaz baxdılar
Mən alışdım,söləndilər: baxtı var.
Sonda məni inamımdan yıxdılar
Bu görəcək,bu sürüncək adamlar.
Enə bilmədin “adamların” mərtəbəsinə,”mərtəbəsi hündür, nəfsi şikəstə” qaldın.
Durduğun mərtəbədə “adamlar”da sevə bilmədilər səni. Çünki anlaya bilmədilər.
Kimin qarğışına büründü adı,
Gözündə- könlündə qaldı murazı
Yerdə qarışqanı tapdalamadı
Dəymədi göylərin quşuna əmin.
…Körpəcə cığır sal,hərdən yad eylə
Dönəndə bir qəbir daşına əmin.
Allah, Allah! O yaşda belə rahat vəsiyyətmi eləmək olar.Bu nə hikmətdi.Kim
pıçıldamışdı ölümü sənə? Mələkmi, şeytanmı? Axı hərdən şeytana da qulaq
asmağın vardı.Yoxsa, dərgahına üz tutub Tövbə etdiyin Tanrınmı pıçıldamışdı?
Bircə o bilirdi bu fanidə fani olmağın sirrini.
Bəs deyirdin can şirindi? Əzrayıla hamını satdım ölmədim…Bəs nə oldu tay-
tuşlarının hamısından önə düşdün yenə? Hardan düşdü yadına, hardan gəldi ağlına
belə beyqafıl ölmək?!
Sözün urvatdan düşdüyü dünyada yaşamqmı armı gəldi sənə,batmadı ağlına,
üzüsulu çıxıb getməyimi özünə yaraşdırdın? Axı sən bəy adamdın,bəyzadə
adamdın.Ruhun şad, məkanın cənnət olsun, SÖZ adam, ŞEİR KİMİ yaddaşlara
hopan adam.
Şairlər Allahın Yer üzünə bəxş elədiyi canlı möcüzələrdi.Tanrıyla bir çəkirlər
yaratdıqlarının xiffətini, dərdini.Tanrının 99 adından birini daşıyırdın.Tanrıyla adaş
olanların taleyi ağrılı, əzablı olur deyirlər. Bəlkə Tanrı səni adaşı olduğun üçün
özünə simsar bildi, istəmədi sən də bu dünyanın adamlarından birinə çevriləsən,
əziz tutdu, SÖZƏ çevirdi.
Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Və üz tutub söz ola bilənlərin qibləsinə rahat şəkildə abdəst aldın,
Ey ruhumun yiyəsi,
ey uca gerçək
Var etdiyi hər şeydə
bulunan TƏK.
…Əfv et məni,
əfv et məni,ya rəbb,
Məni əfv et!
tövbə etdin
Sözdən hali olanlara, Söz əhvalına köklənənlərə,Sözə aşina olanlara, Sözdən o
yana mən varam,- deyə pıçıldadın…Fənadan bəqaya başlayan yolçuluğun mübarək!

Müəllif: Gülnarə Cəmaləddin, AYB Sumqayıt Bölməsinin sədri
