Azərbaycan.media xəbər verir ki, Şərqi Zəngəzurda bayram ab-havası ilə Novruz festivalı təşkil olunacaq.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, tədbir 16 mart tarixində Cəbrayıl rayonunun Horovlu kəndində keçiriləcək. Festival çərçivəsində Səməni festivalı, sərgi-satış yarmarkası, milli adət-ənənələri əks etdirən təqdimatlar və Novruz personajlarının iştirakı ilə əyləncəli proqramlar təşkil olunacaq.
Tədbirdə müğənnilər, xanəndələr, aşıqlar, xor kollektivləri və rəqs qruplarının iştirakı ilə konsert proqramı təqdim ediləcək. Uşaqlar üçün isə xüsusi zonada kukla teatrı, interaktiv oyunlar və viktorinalar təşkil olunacaq. Festival zamanı ustad aşpazların iştirakı ilə səməni halvasının hazırlanması üzrə master-klass, həmçinin sacda lavaş, fəsəli və kətə bişirilməsi də nəzərdə tutulub.
Novruz festivalı Şərqi Zəngəzurun zəngin mədəni irsini və bölgənin turizm potensialını tanıtmaq məqsədi daşıyır. Bayram tədbirlərində həm yerli istehsal məhsulları, həm əl işləri, həm də milli mətbəx nümunələri nümayiş olunacaq. Qeyd edək ki, yenidən qurulmuş Horovlu kəndində uzun fasilədən sonra ilk dəfə Novruz tonqalı qalanacaq.
Təşkilatçılar bayramı Şərqi Zəngəzurda keçirmək istəyənləri Cəbrayılın qədim və yeni Horovlu kəndlərinə dəvət edirlər. Tədbirdə iştirak etmək istəyən qonaqlar +994 60 222 66 99 nömrəsi ilə əlaqə saxlamaqla qeydiyyatdan keçə bilərlər.
