Azərbaycan.media xəbər verir ki, millət vəkili Elnarə Akimovanın fikirlərinə əsasən, müasir dünya getdikcə daha mürəkkəb və ziddiyyətli mərhələyə qədəm qoyur. Beynəlxalq münasibətlər sistemində uzun illər formalaşmış dəyərlər və prinsiplər sarsılır, beynəlxalq hüquq isə getdikcə daha çox güc siyasətinin təsiri altına düşür. Bu reallıq qlobal təhlükəsizlik sistemində ciddi boşluqlar yaradır və dünya siyasətində “cəngəllik qanunları”nın üstünlük qazandığı yeni dövrün formalaşdığını göstərir.
Belə mürəkkəb və qeyri-müəyyən şəraitdə dialoq, əməkdaşlıq və çoxtərəfli münasibətlərin əhəmiyyəti hər zamankından daha böyükdür. Bu baxımdan, “Dəyişən dünyada parçalanmaların aradan qaldırılması” mövzusunda təşkil olunan Qlobal Bakı Forumun XIII toplantısı mühüm platforma rolunu oynayır. Azərbaycan son illərdə beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm mərkəzə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən və balanslaşdırılmış xarici siyasəti nəticəsində Bakı həm regionda, həm də qlobal səviyyədə müzakirə və dialoq məkanlarından biri kimi tanınır.
Forumun mövzusu müasir beynəlxalq münasibətlər sistemində artan qarşıdurmalar və geosiyasi parçalanmalar fonunda xüsusi aktuallıq daşıyır. Təxminən 400 beynəlxalq iştirakçının Bakıda bir araya gəlməsi Azərbaycanın qlobal dialoq platforması kimi nüfuzunu bir daha təsdiqləyir. Bu, həm də Azərbaycanın regionun əsas diplomatik mərkəzlərindən biri kimi qəbul edildiyini göstərir.
Forumun açılışında çıxış edən Prezident İlham Əliyev müasir beynəlxalq sistemdə təhlükəsizlik və sabitliyin prioritet olduğunu vurğulayıb: təhlükəsizlik olmadan digər təşəbbüslər mənasızdır. Bu, müasir dövrdə müharibələr, regional münaqişələr, humanitar böhranlar və enerji təhlükəsizliyi məsələlərinin qlobal gündəlikdə əsas mövzu olduğunu əks etdirir.
Azərbaycanın tarixi təcrübəsi də bu mövqenin formalaşmasında mühüm rol oynayıb. Ölkə ərazisinin 20 faizinin işğal altında qalması və bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi beynəlxalq münasibətlər sistemində selektiv yanaşmanın bariz nümunəsi idi. Lakin Azərbaycan bu çətin mərhələni arxada qoyaraq regionda yeni reallıq yaratdı.
Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımları da qeyd edib. Dövlət başçısının sözlərinə görə, sülh yalnız sənədlərdə yox, real həyatda hiss olunmalıdır. Sərhədlərdə atəş səslərinin kəsilməsi, humanitar və iqtisadi əlaqələrin bərpası regionda yeni əməkdaşlıq mərhələsinin başlanğıcını göstərir.
Azərbaycanın qlobal dialoq platformasına çevrilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti xüsusi rol oynayır. Onun rəhbərliyi altında həyata keçirilən humanitar və mədəni təşəbbüslər, mədəniyyətlərarası dialoqu təşviq edən layihələr Azərbaycanın tolerantlıq və humanizm dəyərlərinin dünyada tanınmasına töhfə verib.
Bakı bu siyasət nəticəsində müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və siyasi baxışların görüşdüyü nadir platformalardan birinə çevrilib. Qlobal Bakı Forumu və Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər Azərbaycanın diplomatik və humanitar siyasətinin real nəticələrini göstərir. Nəticə etibarilə, qlobal böhranlar və geosiyasi qarşıdurmalar fonunda dialoq və əməkdaşlıq alternativsiz yol olaraq qalır və Bakı bu dialoqun qurulduğu əsas mərkəzlərdən biri kimi beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir.
Mənbə: Azərbaycan.media
