Azərbaycan.media xəbər verir ki, WhatsApp kiçik yaşlı istifadəçilər üçün valideynlər tərəfindən idarə olunan xüsusi hesablar funksiyasını tətbiq etməyə başlayıb.
GSMArenanın yaydığı məlumata görə, yeni funksiya tətbiqdən istifadəni əsasən mesajlaşma və zənglərlə məhdudlaşdırmağa imkan verəcək. Valideynlər uşağın hesabı üzərində tam nəzarətə malik olacaq, o cümlədən onunla kimin əlaqə saxlaya biləcəyini və hansı qruplara qoşula biləcəyini müəyyən edə biləcəklər.
Bundan əlavə, valideynlər tanımadıqları kontaktlardan gələn mesaj sorğularını nəzərdən keçirə və məxfilik parametrlərini idarə edə biləcəklər. İdarəetmə sistemi altı rəqəmli xüsusi valideyn PİN-kodu ilə qorunacaq.
Məlumata görə, funksiya bütün dünyada mərhələli şəkildə istifadəyə veriləcək və istifadəçilər üçün tədricən aktivləşəcək. Aktivləşdirmə üçün uşağın cihazına “WhatsApp” quraşdırılmalı, qeydiyyat zamanı “Valideyn tərəfindən idarə olunan hesab yarat” seçimi edilməli, telefon nömrəsi və doğum tarixi təsdiqləndikdən sonra profil QR-kod vasitəsilə valideyn hesabına bağlanaraq PİN-kod təyin olunmalıdır.
Qeyd edək ki, “WhatsApp” mətn mesajları mübadiləsi, səsli və video zənglər, həmçinin müxtəlif faylların ötürülməsi imkanı yaradan beynəlxalq messencer tətbiqidir.
