Azərbaycan.media xəbər verir ki, mediada dərc olunan və ya yayımlanan informasiyaya dair tələblərin artırılması təklif olunur. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan Media haqqında qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, mediada dərc olunan və ya yayımlanan informasiya müəyyən tələblərə cavab verməlidir. Belə ki, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları və ya xüsusi proqram təminatları vasitəsilə hazırlanmış, reallığı əks etdirməyən materialların yayılmasına yol verilməməlidir.
Eyni zamanda, həmin texnologiyalar vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların da yayılması qadağan edilir.
Qeyd olunub ki, bu tələblər pozulduğu halda yayım Audiovizual Şuranın qərarı ilə 24 saatadək müddətə müvəqqəti dayandırıla bilər.
