Azərbaycan.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini açıqlayıb.
Məlumata görə, imtahanın qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqları (95 sual) üzrə nəticələr fevralın 17-də elan edilmişdi. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri də əlavə olunmaqla yekun imtahan balı təqdim edilib. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla ümumilikdə 100 bal toplaya bilirlər.
Bakalavrlar yekun imtahan nəticələri ilə DİM-in rəsmi internet səhifəsində tanış ola bilərlər. Eyni zamanda nəticələri mobil operatorlar vasitəsilə də öyrənmək mümkündür. Bunun üçün “iş nömrəsi” 7727 nömrəsinə göndərilməlidir.
Qeyd olunub ki, imtahanda bir nəfər 96 bal toplayaraq iştirakçılar arasında ən yüksək nəticəni göstərib. Qəbul imtahanında müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar.
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” əsasında həyata keçiriləcək. Həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc olunacaq.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2026-cı il tarixindən etibarən telefon vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 mart saat 10:00-dan 15 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. Bu müddətdə qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bildirilib ki, bir bakalavrın müraciəti üzrə müzakirə üçün maksimum 15 dəqiqə vaxt ayrılacaq. Ayrılan vaxt bitdikdə, kənar şəxsin müzakirəyə qoşulması və ya etik davranış qaydalarının pozulması hallarında müzakirə dayandırılacaq.
Öncədən bildirildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq. Cavab kartındakı məlumatlar optik qurğu vasitəsilə oxunduğuna görə təlimata uyğun olmayan formada qeyd edilmiş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi qəbul edilməsinə səbəb olan düzəlişlərə baxılmayacaq.
Bakalavrların diqqətinə çatdırılıb ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1–14 aprel 2026-cı il tarixlərində aparılacaq. İmtahanın isə mayın 17-də keçirilməsi planlaşdırılır.
