Elnarə AKİMOVA

Azərbaycan humanitariyasında Yaşar Qarayev imzası – miqyas və missiya – Elnarə AKİMOVA
Yazıya başlarkən, nədənsə illər öncə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində Yaşar Qarayevin xatirəsinə həsr olunmuş tədbirdə ədəbiyyatşünas alim Azadə Rüstəmovanın onun haqqında səsləndirdiyi və yaddaşımda ilişib qalan bir fikri xatırladım: “Savadlı olmadan savadlı kimi görünmək mümkündür, ağıllı olmadan ağıllı kimi də görünmək olar, ancaq ziyalılıq elə bir şeydir ki, ziyalı olmadan ziyalı kimi görünmək mümkün deyil. Yaşar Qarayev əsl ziyalı idi”.
İndi, getdikcə bozlaşan, əqidə və inam bütövlüyünün azaldığı, mənəviyyatsızlıq sindromu yaşayan cəmiyyətimizdə bəlkə daha çox buna ehtiyac var. Böyük ziyalı və ziyalılığa! Yaşar Qarayevin Azərbaycan humanitariyasına gətirdiyi özəllik ilk növbədə, bənzərsiz zəkaya, fərqli düşüncə mədəniyyətinə qadir olması ilə bərabər öz ziyalılıq mədəniyyətinin bütün çalarlarını ədəbiyyatımıza ötürə bilməsi ilə ölçülməlidir. O, içinin ədəbiyyat sevdası sayəsində tədqiqata cəlb etdiyi məsələləri, ədəbiyyat tariximizdə hər birinin məzmun yükü olan problemləri yeni əsaslar üzərində təşəkkül tapan ümumi düşüncə sistemimizin nəinki mühüm tərkib hissəsinə çevirə bildi, həmçinin ən yeni milli ədəbiyyat tarixinin əsasını qoydu. Özəl düşüncədən qidalanan özəl üslub, qanadlı romantikaya bürünmüş fikrin ifadə tərzindəki elmilik, ədəbi fakta, prosesə yanaşmada nümayiş etdirdiyi obyektivlik, elmi-analitik təhlil bacarığı sayəsində bütün yaradıcılığı boyu Yaşar Qarayev bədii-estetik fikri pozitiv ədəbi meylləri və axtarışları ilə zənginləşdirdi.
Yaşar Qarayevin vardığı düşüncə hüdudları, qeyri-adi fəhminin gücü ona təqib qıldığı məsələlərə vüsətli məqamlardan – hadisələrin üfüqündən, pik nöqtəsindən nəzər yetirməyə imkan vermişdir. “Faciə və qəhrəman”, “Səhnəmiz və müasirlərimiz”, “Tənqid: problemlər, portretlər”, “Realizm: sənət və həqiqət”, “Ədəbi üfüqlər”, “Meyar-şəxsiyyətdir” və s. kimi əlvan spektrli, müxtəlif mövzulu tədqiqat istiqamətlərini ehtiva edən bu kitablarda Yaşar Qarayev dramdan danışanda dramaturgiyanın, tənqiddən bəhs edəndə tənqidin problemlərini yüksək elmi-nəzəri-metodoloji mövqedən təhlilə çəkdi, realizmin estetik prinsiplərindən, “renessans romantizminin varlığından” (N.Konrad) milli ədəbi-mədəni şüurun spesifik hadisəsi kimi bəhs etdi. Kim olursan ol, öncə insan olmağı bacar – aksiomasını təlim, platforma səviyyəsində ədəbiyyata, humanitar elmə gətirib şəxsiyyəti meyar elan edən də Yaşar Qarayev oldu… Bəlkə ona görə ki, bir çox başqa nəsnələr kimi uca Yaradanımızın seçilmişlərdən saydığı alimlik missiyasının da ilk öncə, insani sevgidən mayalandığını dərk etmişdir.
“Kim ki, insanı sevər, aşıqi hürriyyət olur. Bəli, insanlıq olan yerdə də hürriyyət olur” – Sabirin insanlıq fəlsəfəsindən yoğrulmuş bu misralarının Yaşar Qarayevin yaradıcı milli dühasının hər hüceyrəsinə hakim kəsildiyini duymaq çətin deyildi. Alimin 1996-cı ildə nəşr olunan “Tarix:yaxından və uzaqdan” fundamental toplusu bu fikirlərin ən bariz sübutudur. Bu kitab yalnız ədəbiyyatın tarixini deyil, həm də insanlığın tarixini, onun mənəvi-ədəbi irsdə kodlaşan dəyərlərini milli sərvət kimi reablitasiya edib xalqa, yaddaşa ötürmək missiyasına xidmət edirdi. Diqqət etsək, alimin son yazılarının, məruzə mətnlərinin, hətta müsahibələrinin məğzinin belə bu ritmə, insan dəyərlərinin önə çəkilməsinə kökləndiyini görərik. Bu, ədəbiyyatımızın hər zaman qayəsi olmuş insanşünaslıq, xalqşünaslıq kimi mənəvi keyfiyyətlərin təbliği istiqamətinin yeni modifikasiyada təqdimi deyildi. Bu, subardinasiyası pozulmuş cəmiyyətin, yeni başlanan postmodern epoxasının və qloballaşma nəhrinin dəhşətləri önündə heyrətdə qalan ruhun huzur, dinclik naminə etdiyi çabaların peyğəmbərsayağı ifadəsi idi.
Hans-Ulrix Humbrextin fikridir: “Tarixi nöqteyi-nəzərdən keçmiş adlandırılan şey-bizim arxada qoyduğumuzun ölçüsüdür, o şeydir ki, İndi ilə kəsişmir, ona müdaxilə etmir və məhz bu şərt daxilində, bilik kimi istifadə oluna bilir, o şeydir ki, obyektiv təcrübə məxəzi tək ona əsaslanıb, İndi, bu dəm Gələcəyə yönəli qərarlar verir, fəaliyyətimizi qururuq”. Deməli, “bütün həyatımız boyu bizim “indi”dən başqa heç nəyimiz yoxdur” (Artur Şopenhauer). Amma bu günkü “indi” sabah üçün keçmişə dönəcək (keçmiş elə gələcəkdədir) və bizdən yaşanan bu gün-indi üçün hesabat sorulacaq. Yaşar Qarayev tarixin indi adlanan zaman kəsimindən dünəninə, uzaq keçmişinə rakurs etdi. “…qədimdən indiyə qədər, mifdən, folklordan müasir günlərə qədər Azərbaycan xalqı dünya ədəbi-bədii fikrinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, bədii dəyər və sərvətlərlə onu zənginləşdirib?” kimi suallara cavab aramaq məqsədi ilə bədii-mədəni keçmişimizin bütün dövrlərini tədqiqat obyektinə çevirdi. Tarix yalnız yaddaşa və idraka çökəndə (yalnız onda!) şüuru manqurtluqdan, sklerozdan xilas etmək mümkün olur, “ərazinin bütövlüyü də, hər şeydən əvvəl, yaddaşın böyüklüyü, qədimliyi və bütövlüyü ilə qorunur”. Yaşar Qarayevin yaradıcı milli dühasında zaman kökünə və bütövlüyünə boylanaraq dildə daşlaşan və yaddaşlaşan tarixə döndü. 1990-cı illərin xaotik prosesləri önündə çaşqın qalmış humanitar elmə Yaşaq Qarayevin gətirdiyi yeni konsepsiya – Yaddaş konsepsiyası bir sillə kimi səsləndi, alim başımıza açılan bütün fəci və gərgin olayların nədənini yaddaşsızlıq, yaddaşdan məhrumluqla əlaqələndirib çıxış yolu kimi nicatı da elə ona – yaddaşa dönüşdə gördü.
Yaşar Qarayev 1990-cı illərin aydınlanan ədəbi mənzərəsində məfkurə məsələsinə konseptual yanaşan azsaylı alimlərdən oldu. Onun Əli bəy Hüseynzadənin, Əhməd Cavadın, Hüseyn Cavidin, Məhəmməd Hadinin, Cəfər Cabbarlının yaradıcılığına yanaşmada sərgilədiyi münasibət bu baxımdan çox düşündürücüdür. Təhlillərində kökləndiyi məsələlər ancaq bu şəxsiyyətlərin yaradıcılığındakı vətən, hürr duyğuları, məfkurəyə xidmətin çalarlarını üzə çıxartmaq olmuşdur. Bu, Yaşar Qarayevin həqiqətlərə yaxşı bələdliyinin, özü də bunları sovet dövründə bilib, içində bəsləmə narahatlığının nəticəsi idi. Dövrün ruporuna çevrilib adı keçən şəxsiyyətlərə iftira atmaq, onları az qala “düşmən” cəbhəsindən dəyərləndirmək onluq deyildi. Əksinə, ədəbiyyatşünas alim Tehran Əlişanoğlunun dediyi kimi, “Yaşar Qarayev özgə bir yol – zəmanənin içində olub, onunla mücadilə yolunu tutdu”. Sovet dövrünün irəli sürdüyü “materialist”, “idealist”, “mürtəce” kimi anlayışların acı təcrübəsini görən alim, əks qütbdə dayanıb zamanı bütöv müstəvidə almağın zəruriliyini daha vacib bildi: “Əgər Zaman-tarixi və estetik özünüdərkin faktına və hadisəsinə çevrilmirsə, demək, idrakla və yaddaşla Zaman arasında təmas baş vermir”. Bu mənada, dövr dəyişən kimi onun müstəqillik iqliminə asan oturuşu təəccüb doğurmur. Həm də bu şəkildə: Yaşar Qarayev az zaman kəsimində Əlibəyşünas, Cavadşünas, Hadişünas olaraq çıxdı meydana. Sovet rejiminin buxovunda deyilə bilinməyən ədəbi-estetik hadisələr Yaşar Qarayevin təfsirində obyektiv elmi-nəzəri qiymətini, akademik ölçüsünü tapdı.
Məsələn, poetik siqlət, milli oyanış və məfkurə ideyalarının dolğunluğu baxımından fərqli proses olan Məhəmməd Hadi yaradıcılığını Yaşar Qarayev ədəbi-tarixi gedişatın öz inkişaf məntiqindən doğan gerçəklik adlandırırdı və haqlı olaraq, Hadi romantizminin mənşəyini türk romantizminə bağlayırdı: “XIX-XX yüzillərin böyük Türk romantizmini Əbdülhəq Hamid, Namik Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Divanbəyoğlu… demək olar ki, birlikdə yaratmışlar. Məhz onların bir sənətkar, ideoloq və mütəfəkkir xidmətindən (hünərindən!) dünya romantizminin Qərbdən və Rusiyadan (M.Y.Lermontov) sonra ikinci klassik intibahı Asiya-İslam, Şərq dalğası yaranmışdır”.
Yaxud “Cavid kimi Hadinin də vətəni Azərbaycan, milliyyəti türk, zehniyyəti islam və təsəvvüf olub… Təsadüfi deyil ki, öz vətənlərində Hadi və Cavid uzun illər qadağan olunmuş şairlər sırasına məhz “pantürkist” və “panislamist” damğaları ilə düşmüşlər…”, – kimi fikirlərlə əsrin həqiqi varlığına ayna tutur, gerçək ədəbiyyat ruhunu ifadə edirdi.
Tarix nəinki “müəllim olmaqdan qalır”(Alber Kamyu), əksinə ondan dərs götürməyənlərə bu dərsi dəfələrlə təkrar etmiş olur. Hər halda XX əsrin əvvəli və sonu arasında harmoniya, hadisə və proseslərin adekvat səslənişi və oxşar təzahürü sübut etdi ki, tarixdən heç kəsin heç bir dərs götürməməsi bizi yaşanmışları bir də yaşamağa, görülmüşləri bir də görməyə vadar edir. Və yenə də bir halda ki, tarixin dərslərindən ibrət götürməyəndə günahkar zaman yox, şüur olur, o zaman şüuru naqis stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən təmizləmək lazımdır. Yaşar Qarayev əsaslandırdı ki, indi təfəkkürdə məhz belə katarsis işinə ehtiyac var, milli ruhun yenidən bərqərar olması, milli şüurun, yaddaş kultunun dirçəldilməsi üçün elmi konsepsiyalar, doktrinalar, təlimlər işlənib hazırlamaq zamanın tələbidir. Bunun üçün onun meyara çevirdiyi şəxsiyyətlərdən biri Əli bəy Hüseynzadənin çoxyönlü yaradıcılığı oldu. 1994-cü ildə “Kökünə və bütövlüyünə boylanan yaddaş – Əli bəy Hüseynzadə” məqaləsində yazırdı ki, “1998-ci ildə “Siyasəti-fürusət”in 90 illiyini bir yubiley kimi qeyd etmək olar. Lakin bu “doxsan il” “Siyasəti-fürusət” ətrafında sükutun doxsan ilidir”.
Bəli, doxsan illik sükut buzunu qırmaq, vulqar sosioloji ədəbiyyatşünaslıq yanaşmalarını, rejimin ifşa və lənət kompaniyasını yerlə yeksan edib meydana gerçək bir Əli bəy Hüseynzadə obrazı çıxarmaq o qədər də asan məsələ deyildi. Çünki Əli bəyin ifadə və təmsil etdiyi ədəbi missiyanın yükü ağır idi, bunu etiraf etmək çətin olduğu kimi, həzm edilməsi məsələsi də vardı. Baxın, Yaşar Qarayev bu dahinin – böyük ideoloq, miqyaslı düşüncə sahibi, milli məfkurə adamı olan Əli bəyin xidmətini necə dürüst ifadə edir: “Bayrağımızdakı üç rəngin üçünün də rəssamı Əli bəydir. Milli gerbimizdəki boya simvolikası da onun “türkləşmək, islamlaşmaq, avropalaşmaq” – düsturunun rəngdə ifadəsindən başqa bir şey deyildir. Şübhəsiz, söhbət yalnız boyadan və kətandan getmir, həm də təməldən, bünövrə daşından, dəmir özüldən gedir: Əli bəy Azərbaycanda yox, bütün türklük miqyasında qövmi özünüdərkin, istiqlal düşüncəsinin təkcə rəssamı deyil, həm də memarıdır… Məhz bu mənada nəinki Məhəmməd Əmin və Nəriman Nərimanov, üstəlik, Ziya Göyalp və Kamal Atatürk də Əli bəy Hüseynzadədən başlayır”.
Əli bəy Hüseynzadə Yaşar Qarayevin müstəqillik illərində ürəklə, geniş bəhs etdiyi şəxsiyyətlərdən olmuşdur. Xüsusilə onun ermənilərə qarşı güzəştsiz milli mövqe sərgiləməsi, bütün istiqamətlərdə bütöv, qayəli və konseptual xidməti ustad ədəbiyyatşünasın nəzərlərindən yayınmamışdır. Əlbəttə, Əli bəy Hüseynzadənin erməni məkrinin tarixinə münasibət barədə indi də öz nəzəri və metodoloji əhəmiyyətini qoruyub hifz edən müdrik müşahidələrinə biganə yanaşmaq mümkün deyil. Məntiq, ağıl, rasional yanaşma, tarixi faktlara istinadən əsaslı dəlillərlə meydana çıxmaq Əli bəyin təkrarsız üslubunun əsas çalarları idi. Unudulmaz ədəbiyyatşünas alim Yaşar Qarayev haqlı olaraq yazırdı ki, “1905-1918-ci illərdə türk əleyhinə çevrilən milli qırğın və genosid aktlarının təhlilindən Əli bəyin irsi yarandı. 1937, 1948-52, 1988-95-ci il hadisələrinə qarşı isə siyasi-ideoloji reaksiya kimi bu sanbalda və siqlətdə ədəbi və fəlsəfi-irs yaranmadı. Odur ki, Qafqazda və Azərbaycanda real gerçəklikdə və ideologiyada erməni genosidinin mahiyyətinə və ənənəsinə qarşı çevrilmiş Əli bəy irsini öyrənmək Vətənimizdə baş verən müasir eksponizmin də psixologiyasını, ideya qaynaqlarını və tarixi köklərini öyrənmək deməkdir”.
Böyük alman filosofu Hegelə görə “mütləq ideya” özünü dindən və fəlsəfədən əvvəl sənətdə dərk edir. İctimai şüur özü də sənətdən güc alır. Sənətin nəyi təlqin edib-etməməsinin şüura böyük və əvəzsiz təsiri var. Bədii-estetik düşüncənin, onun elmi-tənqidi dərkinin meyarlarının əsaslı təbəddülata məruz qaldığı keçid dövrü kimi xarakterizə olunan 90-cı illərdə Yaşar Qarayevin təlqin etdiyi konsepsiyanın keyfiyyət göstəriciləri elmi-nəzəri fikrin potensial imkanlarının real və əyani təzahürü, ondakı hərəkətin, yeni elmi-estetik əməldə dirçəlişin təsdiqi kimi mənalana bildi. O, böyük bir imperiyanın çökümündən şaşıran ədəbiyyatşünaslıq elminin sütunlarının çökməsinə imkan vermədi. Çiyinlərini çox ağır yüklər altına verməyin sizif əzabı isə onunla sonuclandı ki, bizdə həm milli bədii təcrübənin imkanlarına, həm də bu təcrübəni ümumiləşdirən milli elmi-nəzəri fikrin qənaətlərinə, mühakimə tutumluluğuna inamsızlığı aradan qaldırmaq üçün tək Yaşar Qarayev adı kifayət etdi.
________________________________________
Günel Natiq

Şuşadan sonra
Şuşadan sonra çox sular axdı,
amma o anın ağrısı yaddaşımdan silinmədi.
“Şuşa getdi” deyənlərə
təəccüb və təəssüflə baxmağımı,
“bəlkə yalandı” deyə israrla gözləməyimi
və otağıma çəkilib
xısın-xısın ağlamağımı unutmadım…
Şuşadan sonra çox şeyə inanmadım.
Məsələn, Məlikməmmədin quyudan çıxıb
devlərin başını kəsəcəyinə,
gözəl qızları əbədi xoşbəxt edəcəyinə…
Şuşadan sonra çox şeyə inandım.
Qaranlığın bir gecə yuxumu yarıb
“əzizini aparıram” deyəcəyinə
və mənim o günü
dəhşət içində gözlədiyimə…
Şuşadan sonra çox sular axdı,
amma mən yenə də o anı gözlədim —
Şuşanı gözlədiyim kimi,
dünyaya gəlməyən balamı,
dünyadan köçən əzizimi
gözlədiyim kimi gözlədim.
Və indi — Şuşadan sonra —
çox şeyə inanıram:
sənə əziz olanların
səni heç vaxt tərk etməyəcəyinə.
Dünyaya gəlməyən körpənin də,
dünyadan köçən əzizinin də
bir gün
“mən gəldim” deyib
sənə sarılacağına…
Şeir haqqında düşünərkən
Şeir haqqında düşünərkən
Nazım Hikmet gəlir ağlıma
onun bəyaz ümidləri,
bəyaz kədərləri.
Kədərləri də ümidləri kimi
bəyaz və məsum.
Elə bil kədərinin özü də
bir şeirdir.
Şeir haqqında düşünərkən
o kədərlər gəlir ağlıma
ayrılıqlarla örtülü
qapalı Bursa Prison…
Və azad ruhlu bir şair
həbsxana divarları arasında
ümidlə krujeva toxuyur.
Şeir haqqında düşünərkən
o ümid gəlir ağlıma
o krujevalarla
həyatlarına sevgi toxuyan insanlar.
Şeir haqqında düşünərkən
o sevgi gəlir ağlıma.
Nazım Hikmətin kədərlərinin içində
yenidən doğulan sevgi,
və o sevgidən doğulan insanlar…
Krujevalarla sevgi toxuyan,
kədərin içindən
yeni insan kimi doğulan,
həyata sevinc toxuyan insanlar.
Şeir haqqında düşünərkən
məhz onlar gəlir ağlıma
o insanlar,
o kədərlər,
o sevinclər
və o sevgi.
______________________________
Zemfira MƏHƏRRƏMLİ
Yazıçı-publisist

İmran həbsxana həyatına yenicə əlvida demişdi. Qərib şəhərdə hündür “türmə” divarları arasında yaşadığı illər, ölüm-zülümlə də olsa, başa çatmışdı. Bu illər ərzində şəxsi həyatı, çətinliklə dolanan ata-anası, özündən kiçik bacı-qardaşı, dostları barədə kifayət qədər düşünmək imkanı olmuşdu.
Gəncliyi çox tez ötüb keçməkdəydi. Saçına dən düşmüş, əvvəlki həyat eşqi yoxa çıxmışdı. Sevdiyi qızı da tez-tez xatırlayırdı. Xatırlayırdı deyəndə, əslində, onu yad etmədiyi gün yox idi. Amma çifayda, gözəl çöhrəsinə həsrət qalmışdı…
… İndi isə qohum-əqrəba, qonum-qonşu, dostları başına cəm olmuşdu. Görüşməyə gələn hər kəs ona “Kişinin başına iş gələr, keçmiş olsun” deyirdi.
Yemək masası boşalmış, çay süfrəsinə isə ən yaxınları qalmışdı. Elə sorğu-sual da bundan sonra başlamışdı. Vaxtilə bir sinifdə oxuduğu Kərim:
– Gör neçə ilin həbsdə keçdi. O bədbəxt oğlu bədbəxt hardan yolunun üstünə çıxdı?! Əsgərlikdəki oğlanı deyirəm ee…
İmranın bu sözlərdən vücudu titrədi, kədər dolu gözlərini onunla qabaq-qənşər oturmuş kişilərin üzünə zillədi. Bir qədər susdu, sonra baxışlarını ona matdım-matdım baxan insanlardan yayındırıb qeyri-müəyyən istiqamətə tuşladı. Beynində o qədər qarışıq, kələfi dolaşıq düşən fikirlər vardı ki… Acılı-şirinli xatirələr sanki ayaq tutub yeriyir, xəyal köhləni dördnala çapırdı.
***
Beş yaşında ikən ailələri axar-baxarlı yurd yerindən Bakiya köçmüşdü. Atasının işi ilə bağıı bu qərarı vermişdilər. Üçuşaqlı ailənin ilki idi İmran. Bir qədər sonra məktəb zamanı gəlmişdi. İnsafən dərslərini yaxşı oxuyurdu, müəllimlərinin sevimlisiydi. Ona dərs deyənlər də, valideynləri də bu fərasətli oğlanın ali məktəbə qəbul olunacağına ümid edir, əsl insan kimi yetişəcəyinə inanırdı.
Yay aylarında Novxanıdakı bağlarına köçür, dəniz kənarındakı bu xudmani yaşıl məkandan geri dönmək istəmirdilər. Bacı-qardaşı ilə birgə ata-anasına yalvarıb bağda bir az da qalmalarını xahiş edirdilər. Uşaqlıq xatirələri bu bağdan başlayırdı. Qonşu bağdakı yaşıdları ilə dostlaşmışdılar. İki dəstəyə bölünüb, sapsarı, kəhrəbatək qumun üstündə topaldıqaç oynayır, uduzanda məyus olur, səs-küyləri aləmi başına götürürdü. Yaxınlıqdakı quyudan vedrə ilə su çəkir, sal daşın üstündə əl-ayaqlarını yuyurdular. Bu dişgöynədən sudan doyunca içir, vedrədən ovuclayıb bir-birinin üstünə atırdılar. Qaş qaralanda isə bağ evlərinə dönər, bugünkü sərgüzəştlərindən ağızdolusu danışar, gülməkdən uğunub gedərdilər.
Rüfətlə sözü-söhbəti tuturdu. Onunla hər mövzuda danışmaq, fikir bölüşmək mümkün idi. Rüfətin anası Tahirə xala İmranı görəndə onu öz balası kimi dindirib danışdırır, evə dəvət edir, uşaqlara çay süzürdü. Rüfət, dostuna böyük qardaşının öz avtomobili ilə qəza törətdiyini, vurduğu piyadanın həlak olduğunu nəql etmişdi. İmran onun bu üzdən həbsxanada cəza çəkməsini çox ağrılı qarşılamışdı.
Rüfətgil atalarını erkən itirmiş, evin bütün ağırlığı analarının üzərinə düşmüşdü. Tahirə xala heç yerdə işləməsə də, xırda alış-verişlə evi dolandırır, ailəsini korluq çəkməyə qoymurdu.
Ailənin yeganə qız övladı Sevinc Rüfətin əkiz tayı idi. İmranla da yaşıd olan bu qonşu qız onuncu sinifdə oxuyurdu. Şux qaməti, gülərkən yanaqlarında sezilən kiçicik çökəklər, iri qara gözləri, tutaş kirpikləri ona xüsusi gözəllik verirdi. Asta danışığı, qarşısındakını ədəblə, səbrlə dinləməsi, mütaliəyə həvəsi onu yaşıdlarından çox fərqləndirirdi.
Sevinc açıq-çəhrayı qızılgüllərin ləçəklərini siniyə yığıb qayçıyla xırdalayaraq arıtlayırdı. Bakı kəndlərində “həmişəbahar” adlandırılan bu qızılgülün ləçəklərindən mürəbbə bişirəcəkdilər. Tahirə xala həmin gün uşaqları küləfrəngidə çaya qonaq eləmişdi. İmran şəhərətrafı bağların yaraşığı sayılan bu hündür, yelçəkən guşədə var-gəl edib sərinləyir, ən yuxarı pillədən aşağı boylanıb Sevinci gözdən qoymurdu. Bir müddət idi ki, qonşu qıza bəslədiyi məhəbbət ürəyində yuva qurmuşdu. İmranın baxışlarından duyuq düşən qızın yanaqları allanır, oğlanı, ani də olsa, gözaltı süzürdü.
Anası bağdan dərdiyi gilənarı boşqaba yığıb Sevincə verdi:
– Küləfrəngiyə çıx, nübar payı uşaqlara ver, qızım, – dedi.
Qız azca duruxdu. Sonra anasının sözünü yerə salmayıb, boşqabı ondan alaraq pillələri qalxdı. Qonşu Kərəm dayının oğluyla nərd oynayan Rüfətin səs-küyündən qulaq tutulurdu. Sevinc ən yuxarı pillədə İmranla üz-üzə gəldi. Bir an baxışdılar. İlk ağlına gələni dilə gətirdi:
– Sən çox gözəlsən, Sevinc. Necə olub ki, hər yay səni gördüyümdə bunu anlaya bilməmişəm…
Yanaqları gilənar rənginə çalan qız həyəcandan özünü elə itirmişdi ki… Əlindəki boşqabı tezcə İmrana verib, bir göz qırpımında aşağı endi. Anası onun halətini duymasın deyə, meyvə ağaclarının yamyaşıl çətirində gözdən itdi.
***
İndi aşkar dinməkdə olan məhəbbət İmranın həyatına bir az öncə sakitcə, səssiz-səmirsiz gəlmişdi. Qəbul imtahanlarına hazırlaşdığı bir vaxtda bu sevgi onu hardan tapmışdı belə?! Fikrini toplaya bilmir, istəklisinin yaraşıqlı çöhrəsi hər an gözü önündə canlanırdı. Sevinci görmək, ona yetmək üçün yollar arayırdı. Bir gün bacısının telefon kitabçasında belə bir qeydə rast gəldi: “Bağ qonşumuz Sevinc”. Gecə-gündüz arzuladığı qızla indi danışa bilərdi. Ürəyi quş kimi çırpınan İmran ertəsi gün Sevincə zəng edib ona hər şeyi anlatmış, “Yollarımız birləşərsə, qovuşub xoşbəxt olarıq!” demişdi.
Qız isə əvvəlcə susmuş, sonra titrək səslə:
– Tanrı nə yazıbsa, o da olacaq, – demişdi.
İmran düşünürdü: “Deməli, sevgimiz qarşılıqlıdır. Hər ikimiz ali məktəbdə oxuyacaq, bir işin qulpundan yapışacağıq. Məhəbbətimizi qoruyacaq, sonra ailə quracağıq”. O qədər sevinirdi ki, hər şeyi anasına danışmaq, atasına bildirmək istəyirdi.
***
Görəsən, valideynləri nə deyəcəkdi? Ürək sirrini öncə anası Nafisəyə söyləməyi düşünmüşdü. Xoş bir cavab alacağını zənn etsə də, gözlədiyinin əksini eşitmişdi:
– Oğlum, əvvəla, sənin hələ nə yaşındı, evlənmək eşqinə düşəsən. – Anasının gözləri az qala hədəqəsindən çıxmışdı. – İkincisi, məndən sənə əmanət: Eli hürküt, axsağından yapış!
İmran bu “nəsihətlərin” mənasını bir qədər sonra daha dərindən anlayacaqdı. Sən demə, Nafisənin əndişəsi boşuna deyilmiş. Anasının belə yanaşması qəlbini qırsa da, fikirləşirdi ki, onun hirsi, hikkəsi tezliklə keçib gedər. Vaxt gələr, övladının könül məsələsinə münasibəti dəyişər. Heyhat!..
Son zəng çalınmış, məzunlar məktəb illəriylə vidalaşmışdı. İmran sənədlərini Neft və Kimya İnstitutuna vermişdi. Sevinc isə Pedaqoji İnstitutu seçmişdi, müəllim olmaq istəyi ilə qəbul imtahanlarına hazırlaşırdı. Artıq vaxt-vədə yaxınlaşırdı. Kitabxanadan evə qayıdıb dərsliklərini bir daha vərəqləyirdi. Sevincgilə zəng edən Nafisənin gur səsi birdən otaqlara yayıldı:
– Tahirə, bu nədir, aaz, oğlumu tora salıbsınız?! Keçməz bu arzu-kamın! Öz kənd-kəsəyimdə qız qəhətdir bəyəm?
İmran bu sözləri eşidib tez qonşu otağa keçdi. Əsib-coşan anasına acıqlı nəzər salıb:
– Ana, sən nə edirsən, ayıbdır axı, – deyə bildi.
Yer-göy başına fırlandı. Bu cür təhqiramiz qınağa məruz qalan Sevincin halını düşündü. Anası iki cavanın sevgisini həzm edə bilmədiyi üçün bu köntöy addımı atmışdı və beynində dolaşan fikirləri oğluna söyləməkdən usanmırdı:
– Qardaşı “türemşik” olan qızı ala bilmərik. Anası alverçi olan qız da bizə heç gərək deyil. Oğluma öz kəndimdən qız seçəcəm!
Anası ilə söz güləşdirməyin mənasız olduğunu hələ ağlı kəsəndən anlamışdı. Heç atası Qadir kişi ona söz çatdıra bilmirdi, o ki qala övladları. Bu hökmlü, ədalı qadın ailədə söz sahibi idi.
Anasının çılğın hərəkətindən qəlbi qırılmış, qaşısıalınmaz arzusunun üstündən qara xətt çəkilmişdi. İmran evdə heç kəsə bildirmədən hərbi komissarlığa gedərək ərizə yazıb vaxtından əvvəl həqiqi hərbi xidmətə göndərilməsini xahiş etmiş və tezliklə ordu sıralarına qoşulmuşdu. Yola düşməzdən əvvəl Sevincə ünvanladığı məktubu bacısına verib ona çatdırmağı tapşırmışdı. Məktubda yazılmışdı: “Mən orduya getdim. Səni çox sevirəm, Sevinc! Məni gözləyəcəyinə inanıram”.
***
Uşaqlıq dostu Kərimin “Nə yaman xəyala daldın, ay İmran”, – deməsi ilə sanki göydən yerə endi:
– Həə, yerdə qalanını isə az-çox bilirsiniz, – dedi. – Müstəqillik illəri bizə düşərli oldu. İndi cavanlarımız öz yurdumuzda, Milli Orduda xidmət edirlər. Mənim əsgərlik illərim isə sovetin hələ duruş gətirdiyi vaxtlara düşüb. Uzaq Şərqdə, Usinsk şəhərindəki hərbi hssədə xidmət etmişəm. Bölük komandiri idim. Bölüyümüzdə Gürcüstanın Marneuli bölgəsindən Səməd adlı bədəncə zəif, çəlimsiz bir əsgər də qulluq edirdi. Qarışıq millətlərdən olan bir neçə “dembel”in-tərxis müddəti yaxınlaşan əsgərlərin Səmədi lağa qoymasını dəfələrlə görüb, onlara təpinmişdim.
Bir şaxtalı qış gecəsi yenicə yuxuya getmişdim ki, Səməd həyəcan içində məni silkələyib oyatdı. Onun üz-gözü qan içində idi. Dedi ki, məni həmin “dembel”lər döyüblər. Hövlnak yerimdən sıçrayıb hər dəfə “Səmədə toxunma” dediyim yekəpər əsgərin yaxasından yapışaraq ona necə zərbə endirdimsə, başı çarpayının tininə dəyib yerə yıxıldı. Özüm də bilmədən ona ağır bədən xəsarəti yetirmişdim.
Bu xoşagəlməz hadisədən sonra məni qaupvaxta saldılar. Qarlı-çovğunlu bir gündə mən saxlandığım həbsxanaya gəlmiş ata-anamı gördüm. Nə hisslər keçirdiyimi özünüz təsəvvür edin… Əllərimi don vurduğu üçün məni hərbi hospitala yerləşdirdilər. Barəmdə açılan cinayət işinin istintaqı üçüncü ay idi ki, davam edirdi. Valideynlərim mənə baş çəkmək üçün yenə Bakıdan Usinskə, müalicə aldığım hospitala gəlmişdilər. Bir gün palatada danışıq səsinə oyandım. Yarıyuxulu vəziyyətdə idim. Anam sakit səslə atamdan:
– Ay Qadir, görən tanış-bilişdən aldığımız borcun altından necə çıxacağıq – deyə soruşurdu. Sonra isə:
– Dünən ərzaq üçün şəhərə çıxanda yolüstü bir neçə mağazaya girdim. Münasib qiymətə qadın paltarları alıb şəhərimizdə bir az baha satsaq, borclarımızı ödəyə bilərik. Axı, bizim dükanlarda belə rəngarəng mallar yoxdur…
Atam razılıq əlaməti olaraq başını yelləməklə ona cavab verdi. Kişinin çiyinlərindən sanki dağ götürüldü. Məndən gizlətsələr də, eşitmişdim ki, atamın işləri elə də yaxşı deyil, ailədə dolanışıq çətinləşib.
İndi yanaşı oturub pıç-pıçla danışan valideynlərim bəlkə də güman edirdilər ki, hələ yatmışam. Üzümü onlara çevirib hal-əhval tutanda uşaq kimi sevindilər. Anam boynumu qucaqlayıb:
– Anan ölsün, a bala, – deyib göz yaşlarını saxlaya bilmədi.
Məni dünyaya gətirən varlığı bağrıma basdım. Anamın solğun və pəjmürdə görkəmi vardı. Bəlkə də baş verən olaylarda özünü günahkar sayırdı.
Bir həftədən sonra keçirilən məhkəmə iclasında mənə Rusiya qanunları ilə hökm oxundu və dörd il həbs cəzası verildi. Cəza çəkdiyim dövrdə dünyanın ən böyük həqiqətini – Allahı dərk etdim. Anladım ki, uca Yaradanın hökmü olmadan heç bir istəyimizə yetə bilməz, mal, mülk, iş, vəzifə sahibi ola bilmərik. Amma anam nə vaxtsa nələr, nələr deyirdi… Bəs əvəzində nə oldu?
Budur, zəif bir insanı müdafiə edərkən əlimdən çıxan xəta üzündən adıma “türemşik” damğası vurulan həbsxanadan evə dönmüşəm. Dəmiryolu vağzalında məni ilk qarşılayan uşaqlıq dostum Rüfət oldu. Mənim nə vaxt qayıdacağımı atamdan öyrənibmiş. İllərin ayrılığından sonra doğma qardaştək görüşdük. İki oğul atası olduğunu, Tahirə xalanın ağır xəstəlikdən sonra dünyasını dəyişdiyini, bu günədək ailə qurmayan Sevincin isə anasından sonra qardaşı Rüfətə sığındığını öyrəndim. Tale üzümə gülüb, həyatımın ən nisgilli sualına cavab almışam: O, hər şeyə rəğmən məni gözləyib!
Evə çatanda isə daha bir xoş xəbərə sevinmişəm: bacım Sevincgilin kəndindən olan bir cavanla ailə qurub, oğul-uşaq sahibidir. Görürsünüz, bütün bunlar Allahın möcüzəsi deyilmi?
__________________________________________
Südabə Sərvi

“Vətəninə göz dikəni əz oğlum, Tarixini şərəfinlə yaz, oğlum!” (Serhat Kabaklı)
O VƏTƏNDİ, TORPAQ ÜÇÜN ÖL OĞLUM!
Aslan igid babaların sələfin,
Döyüşdülər torpaq üçün bil, oğlum.
Vətənindi göz bəbəyin, şərəfin,
Şəhidlərin qisasını al oğlum!
Ürəyində təpər olsun hər zaman,
Vur düşmənə zərbələri anbaan.
Qoy yox olsun yurd yerindən çən, duman.
Bu torpağın göz yaşını sil, oğlum!
Hörmət elə qocaya, yol ötənə,
Yurd sevgisi ürəyində bitənə.
Polad kimi Mübariz ol Vətənə,
Xainlərin gözlərini dəl, oğlum!
Qəlbin ocaq, gözlərində yurd yeri,
Yadellinin bu torpaqda yox yeri!
Haydı, qoçum, qəhrəmanım, dur yeri,
O Vətəndi, torpaq üçün öl, oğlum!
O Vətəndi, torpaq üçün öl, oğlum!!
** **
Səni sevdim, nə qazandım,
Tərk etsəm, nə qazanacam?
Gözümdən elə düşdün ki,
İtirsəm, nə qazanacam?
Bir qocayam, əldə çəlik,
Ürək oldu çilik-çilik.
Bu sevgini birdəfəlik,
Bitirsəm, nə qazanacam?
Sərvi deyər, yol sənindi,
Haqq-ədalət gərəyindi.
Yerə düşən ürəyindi,
Götürsəm, nə qazanacam?
______________________________
Günay Novruz

Ölüm kiçilsin
Ölümün nə xəbəri var mən
Bəlkə ölümü aldadım belə…
Deyim ki, ay, Ölüm, bu mən
Deyim ki, burax gedim, ölən
Ölüm də çaş-baş qalıb, dursun
Bəlkə ölümü öldürüm belə.
Öldürüm insanlar daha ölməsin,
Ölüm kiçilsin, heç böyüməsin.
Ah bu ürəyim
Ah bu musiqilər,
Hər biri qılınc kimi.
Kəsir… kəsir səni.
Ah bu gözlərim…
Qaçhaqaçdadı
Gəzir… gəzir səni.
Ah bu canım…
çırpır özünü daşa, divara
Əzir… əzir səni.
Ah bu ürəyim…
döyünür hələ
Sevir… sevir səni
____________________________
Gülnarə Cəmaləddin
Bizə də növbə çatacaq,
Darıxma,könül,darıxma.
Dünya bizi də satacaq,
Darıxma,könül,darıxma.
Bəlkə də bu fani aləm,
Dəymiyəcək bir telinə,
Bəlkə lap baha satacaq,
Ucuzdan ucuz ölümə.
Nə biləsən xeyri, şəri,
Yoluna hardan çıxacaq?
Dünyanın ən bəd əməli,
Başına hardan gələcək?
Nə biləsən bəxt üzünə,
Nə zaman,hardan güləcək?
Dünyanın təmiz adamı,
Hansı əcəlnən öləcək?
Hamı öz cismində qərib,
Hamı öz içində əsir.
Bu dünya şeytan tələsi,
Hərə bir nöynən ilişib.
Hər gün içimiz sökülür,
Düşür,gözümdən tökülür.
İnsan bir ucdan bükülür,
Ağ bələyə,ağ kəfənə.
Nə sirrsən,sirri xudasan,
Açılmaz bağlı odasan,
Dünya adıynan aldadıb,
Atmısan bizi oda sən.
Məşhər elə bu faniymiş
Qiyaməti qopur hər gün.
Bu dünya qıl körpüsüymüş,
Neçə insan keçir hər gün.
Güldü,şeytan sağolmuş.
Dərdi basdım bağrıma,
Baxıb gördüm dağolmuş.Gözümdə yaş qoymadı,
Ovcumda daş qoymadı,
Can almaqdan doymadı,
Bu verana,dağılmış.Aldım mənim olmadı,
Bildim qəmim olmadı,
Qibləm,çəmim olmadı,
Kim bizləri çağırmış.Bəxt üzümə gülmədi,
Göydən alma gəlmədi,
Necə oldu bilmədim,
Baxdım gördüm nağılmış.
______________________________
YADINA MƏN DÜŞƏCƏM
Yenə sakitlik çöküb, yenə qaş qaralanda,
Əl-ayaq çəkiləndə yenə tənha qalanda,
Öz-özündən xəbərsiz xəyallara dalanda
Yadına mən düşəcəm.
Sahil boyu… sevənlər hey əl-ələ verəndə,
Kimsə sevgilisinin saçlarını hörəndə,
Yenə başının üstdə göyqurşağı görəndə
Yadına mən düşəcəm.
Meydanlar bəzənəndə, bayraqlar salınanda,
Xonça bəzəmək üçün bayramlıq alınanda,
Gözləmədiyin anda qapınız çalınanda
Yadına mən düşəcəm.
Kimsə öz eyvanında aynasını siləndə.
Kimsə divar dalında bəxtəvərcə güləndə,
Kiminsə zümzüməsi qulağına gələndə
Yadına mən düşəcəm.
Səmtini azan külək pəncərəni vuranda,
Yüklü xatirələrin düşüncəni yoranda,
Məhəbbətsiz yaşamaq gözlərinə duranda
Yadına mən düşəcəm.
Evinin hər bucağı mənə dönüb baxanda,
Həsrət səni mənimtək sinəsinə sıxanda,
Kitabının içindən iki yonca çıxanda –
Yadına mən düşəcəm.
Məhəbbət uman zaman hər saatdan, hər ildən,
Nəzir verib bir dua gözləyərkən səfildən
İtən yadigarlarım tapılacaq qəfildən –
Yadına mən düşəcəm.
Yadına gətirəndə ömrün xoş anlarını,
Cavanlığın, şöhrətin xoşbəxt zamanlarını,
Sevgi umduqlarını, sevgi umanlarını –
Yadına mən düşəcəm.
Yadına mən düşəcəm!
ANAMA
Əziz anam, ömür adlı qatardan
Ayrıların sırasına düşmüşəm.
Doğmalarım yadlarıma qarışıb,
İki dünya arasına düşmüşəm.
Bu gün imiş dünənlərin yarını,
Sevən sevib, gəzən tapıb yarını.
Dərən dərib nübarını – barını,
Mən talenin urasına düşmüşəm.
İsmətimdən pərdə çəkib üzümə,
Dar günümdə güvənmişəm özümə.
Arxalanıb ağ diləkli sözümə,
Misraların qarasına düşmüşəm.
Qərib eldə ömür keçib talanda,
Xeyir- şərdə, həqiqətsə yalanda.
Şeirlərim sarı simmiş, çalanda
Ürəyimin yarasına düşmüşəm!
Mizan əyri, çox da ona düz deyin!
Fələk sayır bildiyini, yüz deyin!..
Mən düşündüm, tapammadım, siz deyin –
Tərs qismətin harasına düşmüşəm?
______________________________
Xanım İsmayılqızı

Qəribə yerə çatdım,
Bir addım göyə atdım,
Sözə üzümü tutdum,
Söz ilə yaralandım.
Nəfəsimdi çəkilən,
Ürəyimdi sökülən,
Xəncər kimi dikilən
Göz ilə yaralandım.
Taleyimdi yazılan,
Hissim, ipdən asılan,
Yaram üstə basılan
Köz ilə yaralandım.
Bir ağrı var yüklənən,
Qəm ilə çiçəklənən,
Sarı simə köklənən,
Saz ilə yaralandım.
Allah, mən sənin kölən,
Dərdin üzünə gülən,
Üstümə qona bilən,
Toz ilə yaralandım.
** **
Hər gün bu gün deyil ki,
Hər gün dünən də olur.
Hər gün gördüyün işıq,
Yanıb sönən də olur.
Hər adam bir bölümdə
Hər an keçir zülümdən.
Hər cəlladın əlindən
Çıxıb dönən də olur.
Hər gücün bir sonu var,
Hər dərdin bir donu var,
Hər kəsin tək canı var,
Susub dinən də olur.
Hər səhər açılmır ki,
Hər yoldan qaçılmır ki,
Hər adam uçulmur ki,
Durub enən də olur.
Hər ağrı dilə düşməz,
Hər fikir ələ düşməz,
Hər yanan külə düşməz,
Baxıb ölən də olur.
___________________________
Telli Pənahqızı

Dağının beli quruyub,
Ağzında dili quruyub,
Dünya bizə gülüb gedir.
İrəli cumub yüyürür
Hamıdan umub yüyürür,
Dünya bizə gülüb gedir.
Qalıb irişə- irişə.
Baxıb dövrana- gərdişə
Dünya bizə gülüb gedir.
Dost kimmiş, xətrimə deyəndə bildim,
Zəhər nə…acı söz yeyəndə bildim,
Bu da bir imtahan, bu da sınaqdır!
Satqını, yaltağı yaxın qoymadım…
Bəzən nadana da pislik qıymadım,
Bu bir tənəmi, yoxsa qınaqdır?!
Anlamaz, him elə, göz vur, eşitrdir,
Ya ağıldan səqqət, qəmə ortaqdır…
Söz desən üzünə baxıb irişər,
İçində vuruşar Xeyir ilə Şər,
Anlaməz dünyaya qara yamaqdır!
______________________________
Narıngül Nadir

Bir zaman söyləmişdin,
Ayrılıq uçan quşdu.
Sən getdin uzaqlara,
Hamı birlikdə susdu.
Hamı birlikdə köçdü,
Şəhər də boşalıbdı.
İp üstə yaddan çıxıb
Bir köynəyin qalıbdı.
Sən mənə adamlardan,
Bir köynək yaxın idin.
Ürəyimə hər kəsdən,
Bir göynək yaxın idin.
Səni kimə tapşırım?
Deyə bilmədim, getmə.
Deyirəm ki, qəm yemə,
Uzaqları incitmə.
** **
Gizlənpaç oyunudur,
Yağış gedər, göy qalar.
Göyün yiyəsi yoxdur,
Açıq qalar qapılar.
Yağış yağar, torpağa
Su ömrünü bağışlar.
Ürəyimiz şumlanar,
Yağışlara qarışar.
Hər yaz bir ümid itər
Sel gələr, su aparar.
Gedək, ömrü ötürək
Gedək, nə olar, olar.
_____________________
Aləmzər Sadıqqızı

Elə güldür…
Tanrım, bircə gün bağışla,
İçində dərd, qəm olmasın.
Nə verirsən dop-dolu ver,
Bir anı da kəm olmasın!
Sən Yaradan, biz yaranan,
Sən yazdıran biz də yazan,
Madam əlindədir pozan,
Elə sil dinən olmasın…
Gözlərimə duman gəlib,
Məni məndən uman gəlib,
Qapına bir adam gəlib,
Yolunda sis-çən olmasın.
Nə göz qalıb, nə göz yaşı,
Ağrıyır könlümun başı,
Tök ətəyindən tök daşı,
Elə güldür nəm olmasın.
Ömrüm heçə-puça gedir,
Xoş gün uça-uça gedir,
Aləm səndən naçar gedir….
Heç bir gün də dəm olmasın?
Ömrü uduzur…
Bir ömrü xəyalla yaşamışam mən…
Hekayə yazmışam, nağıl qurmuşam,
Min ağrı, min acı daşımışam mən.
Nə də yuxularım gerçək olmayıb.
Mən xəyal qurduqca uçulub dünyam,
Ötüb illər, aylar yeri dolmayıb.
Könlümdən keçənlər ömrə dolmayıb…
Mən xəyal evimdə yaşadığımdan,
Həyatla aramda bir ev olmayıb…
Ondan içim şaxta soyuqdu bayır…
Mən daha saymıram özüm sayanı,
Mən nələr sayıram,fələk nə sayır…
Bir azca ömürdü , bir azca huzur,
Daha əllərimi qaldırdım göyə,
Əllərim bilir ki, ömrü uduzur…
______________________________

Baxmırsan üzümə, üzüm tək qalıb,
Hər kəsin sözünü götürə bilir…
Söykəyib ovcuma yanaqlarını,
Köksünü uşağ tək ötürə bilir.
Nə sual verirəm – cavabı birdir,
Nə sual verirəm – susub keçirsən.
Çiyələk dodağın mənə qəsd edir,
Üzündən gülüşü silib keçirsən…
Nə küsə bilirəm sənən dərs alıb,
Nə dözə bilirəm tərs uşağ kimi.
Bir dəfə gözünü üzümə dik, gəl,
Bunu yozacağam barışıq kimi.
**
Bir az dərd adamlaşır,
Bir az adam dərdləşir.
Bir az yol yoxuşlaşır,
Bir az ayaq sərtləşir.
Bir az əl ağaclaşır,
Bir az göz eynəkləşir.
Bir az dəri köhnəlir,
Bir az qəlb göynəkləşir.
Bir az dizin bükülür,
Bir az bel əyriləşir.
Bir az qolun boşalır,
Bir az güc seyrəkləşir.
Bir az saçın tökülür,
Bir az saçında kəpək.
Bu kimin qəbridir ki?
Bir az daşından öpək!
________________________
Şəfəq Sahibli

MƏN TƏNHA QU QUŞUYAM
Mən tənha qu quşuyam ,
Dərdlərimlə baş-başa.
Kah suya çırpılıram,
Gah qayaya gah daşa.
Baxıram göy dənizə,
Boylanıram səmaya.
Gündüz günə baxıram,
Gecəs tənha Aya.
Həyat öz axarında,
İnsan öz istəyində.
Mən tənha qu quşuyam,
Kədər var ürəyimdə.
** **
Sevgi başdan yalansa,
Ürək daşdan yonulsa.
Dünya özü oyunsa
Dolusu nə, boşu nə?!
Günüm aya qarışdı ,
Taleyimi qar aşdı.
Həyat yolu yarışdı
Enişi,yoxuşu nə?!
Bu da ömrün sərt üzü,
Kədər üzü , Dərd üzü.
Gördünsə namərd üzü,
Nəxoşu nə, xoşu nə?
__________________________
Səmayə Güləliqızı

Sevgi gözdü….
Tanrım, mənə sevgi göndər,
Nə duman, nə sis olmasın.
Tər-təmiz qızıl külçəsi
Mayasında mis olmasın..
***** ***** ****
Quzu kəsərəm adına..
Şahpər ollam qanadına,
Qızınaram tək oduna,
Alovunda his olmasın.
**** ***** ****
Sevgi gözdü… baxışı nə?
Min bəzək vur naxışına,
Bu həyatın axışına,
Ülvi olsun, süs olmasın…
**** **** ***** *****
Çıxaq payızın seyrinə…
Səmayənin taleyinə,
Kim qəmlənə, kim sevinə…
Barış olsun, küs olmasın…
** **
Birini sevəcəksən
Bir gün birin sevəcəksən
Unudarsan məni əbəs.
Sevən qəlbin od tutacaq,
Ona gələr adi həvəs.
***
Günlər keçər boş,sayğısız,
Qalmısanmı,getmisənmi?!
Mənim kimi deməyəcək,
” Canım,nahar etmisənmi”?
***
Xəyallar boğacaq səni,
Dərdini deyən tapılmaz.
Sevginə imdad dilərsən,
Buna heç,məhəl də qoymaz.
***
O, da səni belə sevər,
Sən məni sevdiyin kimi…
Aldanmaq yaxacaq səni,
Yaxdığın ürəyim kimi.
____________________________
Aybəniz Əliyar

Ucalıqdan deyilmiş
Ya insan yox, ya inam yox insana,
Yox olmaq da ucalıqdan deyilmiş.
Eşq nə lazım hissləri tox insana,
Tox olmaq da ucalıqdan deyilmiş.
Sözdən qaçdım, ayrılığın doğuldu,
Sözü sevdim, eşq içimdə dağ oldu,
Sevdamız da üzümüzə ağ oldu,
Ağ olmaq da ucalıqdan deyilmiş.
Məndən soruş ürəyimin yaşını,
Gün ovutmaz bu dağların qışını,
Zaman-zaman bulud aldı başını,
Dağ olmaq da ucalıqdan deyilmiş.
Deyənmi var, şair xoşbəxt biriydi,-
Şeir masam əsl sevda yeriydi,
İnsan gördüm ölümüylə diriydi,
Sağ olmaq da ucalıqdan deyilmiş.
Aybənizəm, qəm yediyim çox oldu,
Qazancım söz, çəkdiklərim ah oldu.
Beynim yenə ürəyimə şah oldu,
Şah olmaq da ucalıqdan deyilmiş.
Qarışqa yuvası
Dolub qarışqayla evim-otağım,
Bahar çoxdan gəlib, siz gecikmisiz.
Kim sizə bir belə ixtiyar verib,
Evimin içində yuva tikmisiz?
Bu nə haray-həşir, eyib deyilmi?
Yenə çağrılmamış qonaq olmusuz.
Qanad çıxarmısız kəpənək kimi,
Bəlkə gəlin gedir bir qarışqa-qız?
Bəlkə sevgi kimi yoxdu yeriniz,
Beləmi bildirir hicran özünü?
Yenə at oynadır sürüləriniz,
Pəncərəm uzunu, pərdəm uzunu.
Yatmışam sizi də verib yuxuya,
Bu gecə ovcuma dolmusuz nədən?
Bir eşqi-pünhanı sevmişəm deyə,
Əlim bala batıb bəlkə bilmədən?…
______________________________
Aida Adıgözəl

Ölümdən sonrası
Bilirsən, necə olur gələnlərin getməsi?
Gəl, öyrədəcəm sənə gecənin sükut səsin…
İçində sınan şüşə, qanadan qırıqların,
üstünə uçan divar, qapı-pəncərələrin.
Gəl, öyrədəcəm sənə özünlə danışmağı,
yumursan gözlərini, gözünün içində O!
Haransa ağrı verir, əlinlə axtarırsan,
hə, sən demə buraymış, sancan zəhrimar o sol…
Sonra… sonrası heç nə! Üzündə acı gülüş,
bir azca göz yaşları, divara baş döymələr.
– “Axmağın yekəsisən, dəlinin də zır təki”, –
özünə yağdırdığın ən yeddiqat söymələr.
Beləcə keçir günlər, beləcə sağalırsan,
öyrəşirsən hər gecə daş-divara dönməyi.
Üstündən keçir gedir milyon kainat ili,
göylərdən öyrənirsən ulduz kimi sönməyi.
Bax, yeri belə olur gələnlərin getməsi.
Sönmüş vulkan ocağı, sunami yumuş şəhər…
Üst-üstə qalaqlanmış çürümüş xatirələr,
zəlzələlər uçurmuş minillk sərdabələr…
Durnam
Qanadı qırılmış yaralı durnam
Məndən uzaqlarda, oralı durnam.
Səndən xəbərim yox xeyli zamandır,
ümid yox! Kimlərə soralı durnam.
Deyir yaraları sagaldır zaman,
qalmadı ovunum təsəlli filan.
Yolun gedərgəlməz, dönüşün yalan,
gözüm yollarında saralı durnam.
Vidalar doğulur ayrılıqlardan,
vidalar yoğrulur göz yaşlarından.
Gedişin ömrümü dəyişdi yaman,
günüm gecəm təki qaralı durnam.
Gözüm qara bulud, icimdə tufan,
qışım başlamamış haqladı boran.
Ocaqsız yanıram atəşdə aman,
saçımı küləklər daralı durnam.
______________________________
Təranə Vahid
Çoxlu ürək
Həvva öləndə Adəm tarlada darı əkirdi…
Qaş qaralanda Mirzə oğurluğa gedən adam kimi dəvikə-dəvikə Firudinin qapısını iki dəfə astadan döydü. Əvvəlcə içəridən Firudinin hıqqıltısı eşidildi:
– Gəlirəəəm ə, gəlirəm…
Gəldi də. Əlində çay dəsmalı, qapını Mirzənin üzünə açıb onu uşaq kimi danladı:
– Ə, gəl çıx da, zalımın balası, elə bil dağ dalına getmisən…
Mirzə burnunu çəkdi, əlinin dabanında gətirdiyi payı Firudinə ötürdü, yanpörtü qapıdan içəri keçib çaxmaq gözləriylə bir anda evə göz gəzdirdi. Allahüçünə ev səliqə-səhmanlıydı. Heç demzədin, bu evdə on üç ildir qadın yaşamır.
Gözü açıq süfrəyə sataşanda: “Rəhmətlik qaynanam məni çox istəyirdi, hələ də istəyir…” – deyib ürəkdən güldü.
Firudin çay süzə-süzə “İndi istəməsin”, – dedi.
Mirzə oturmağına oturdu, bu dəfə də gözü qırağı güllü nimçədəki ürək formalı şirniyyata ilişdi, eyni açıldı, kefi duruldu, qımışa-qımışa:
– Yenə ürəkləri isti-isti bişirib yığmısan haaa…
– Yaxşıdı, eləmi?
Mirzə gözünün birini yumub, birini açdı, müştəri gözüylə qırmızı ürəkləri gözdən keçirib:
– Yaxşıdı nədi, bu dəfə quşu gözündən vurmusan, Mirzə canı, bazara çıxarsan, göydə gedər. Sən də ürəksatan Firudin kimi qəsəbədə ad-san qazanarsan. Hələ bəlkə qarşına halal südəmmişin biri də çıxar.
Firudin utandı.
– Kiri ə, gic-gic danışma, dadına bax, – deyib çayı süfrəyə qoydu.
– Qıymaram! Adam ürəyə toxunar?! Bunlar yemək üçün deyil, sənətkar, baxmaq üçündür, necə ki, sənət əsərləri olur ha, adamlar uzaqdan baxır, baxır, baxır, ürəyi titrəyir, elə bir şeydir.
Mirzə sözünü qurtaranda dodağı qaçdı, qızıl dişlərinin işığı qəfil çaxan şimşək kimi üz-gözündə dolaşdı.
– Onda ürəyin istədiyi qədər bax, – dedi Firudin.
Araya sükut çökdü. Yaqut rəngli ürəklər hərəsinin ağlını alıb bir yana apardı. Elə bir yerə ki, o yerə getməyə indi ürəkləri gəlməzdi…
Mirzəylə Firudin kiçik qəsəbədə yaşayırdılar. Qohum deyildilər, heç qonşu da sayılmazdılar, özləri də ayrı-ayrı işin-gücün qulpundan yapışırdılar, yatanda da biri Yaxın Şərqə, biri Uzaq Şərqə baxırdı. Onları bir-birinə yaxınlaşdıran dərdləriydi. İkisi də ahıl çağında arvaddan yetim qalmışdı. Bu yaşdan sonra evlənməyə hamı pis baxır axı, o da ola oğul, uşaq, nəvə ola… Amma bir gün oğul-uşaq hərəsi öz yuvasına çəkiləndə Mirzəylə Firudin damın altında tək-tənha qaldılar, balaca qəsəbənin gözü də canlı kamera kimi üstlərində…
Bilənlər bilirdi, Mirzənin günü pis keçmirdi. Dərd Firudinin dərdiydi. Qadın görəndə özünü itirir, əl-ayağı bir-birinə dolaşır, yaxınlaşmağa da ürək eləmirdi. Arvadı Gülsənəmlə bir dastanlıq ömür yaşamışdı, gül kimi sevgisinin üstünə toz qondurmağa ürəyi gəlmirdi. Dünyada belə kişilərin olduğunu düşünəndə qəsəbə arvadları doluxsunur, “Firudinin qadasını alaq, başına dolanaq, kül bizimkilərin kişi başına” – deyirdilər. Allı-güllü sözlər Firudinin qulağına çatar-çatmaz, başındakı qarışıq sevda küləkləri pırr eləyib Qaf dağınacan uçur, bir müddətdən sonra daşlara sinə-sinə geri qayıdırdı. Düzdü, Firudin sədaqətli kişiydi, amma ölü deyildi, nəfəs alırdı, nəfəs verirdi, yeyirdi, içirdi.
Yaşayırdı? Bax, bu yalan olardı. Yaşamırdı! Yaşamaq başqa şeydi. Səksən yaşlı nənəsi öləndə babası Savalan kişi demişdi ki, sevgi bağı qırılanda adam ölür. Arvadının qırxı çıxmamış çəliyini əsdirə-əsdirə kəndin ən kifir qarısına elçi düşmüşdü. Pis eləmədi ki, səkkiz il bir-birinə söykənib yaşadılar. Firudin də ölmək istəmirdi, sevmək istəyidi. Amma onun sevgi limitinin üstünə “abır” etiketi yapışdırıb qəsəbənin gözəgəlimli yerindən asmışdılar. O da yaşamaq üçün özündən sevgi oyunları uydurur, ürək formalı peçenyelər, şirniyyatlar bişirib özünü ovudur, hərdən bişirdiyi ürəkləri sevib əzizləyir, hərdən də ağzına atıb yeyirdi.
Amma Mirzə özünü başqa cür ovudurdu. Yolunu tez-tez qadın alt paltarları satan Səmayənin dükanından salır, guya ondan nəsə soruşur, imkan tapan kimi gözünü yarıçılpaq, incəbelli manikenlərə dikib bir anlıq dünyadan zövq alırdı.
Səmayə də ütük arvadıydı, Mirzənin qarnının azarını bildiyindən:
– Ə, bunlardan birini al, dayna, – deyib onunla məzələnirdi.
Mirzə də söz altında qalmırdı:
– Onu niyə, ay Səmayə, gəl elə səni alım, – deyirdi.
Firudingildə, ürəkli süfrənin arxasında Mirzə ürəklərə baxa-baxa ürəkləndi:
– Hə, Firudin kişi, deyirəm, Səmayə yaxşı kadındı, – dedi.
Firudinin eyni açıldı:
– Hə, yaxşıdı, çox yaxşıdı, indi elə kadını gün işığında çıraqla da axtarsan, tapa bilməzsən, – dedi.
Mirzə diksindi, çəpəki Firudinə baxdı. Mirzənin qarnının dərdindən xəbərsiz olan Firudin başındakı sevda quşlarını uçurdub, yenə ürəklərdən söz saldı.
– Xavarın var, yeni ürək qəlibləri hazırlamışam: incə, kök, butavari, ürəklər… Gələn dəfə gələndə hayıl-mayıl qalacaqsan.
Mirzə qəfil yerindən qalxıb “day gedim, işim var”, – deyəndə Firudin əl-ayağa düşdü.
– Ə, hara gedirsən, kefin istəyən kəllə-paça bişirmişəm, kənddən başıxamurlu da göndəriblər, getmə, – dedi.
Başqa vaxt olsaydı, Mirzə əlüstü razılaşar, sevindiyindən sümükləri oynayardı. Amma bu dəfə belə olmadı.
Mirzə gedəndə Firudin ürəklərdən üç-dördünü kağıza büküb dərd ortağının cibinə qoydu. Mirzə də havalı-havalı çıxıb getdi.
Səhərin gözü açılar-açılmaz xəbər gəldi ki, bəs, bu gecə Mirzəylə Səmayə kəbin kəsdiriblər. Firudin xəbəri eşidəndə həyətdəki kötüyün üstünə çökdü, çiyinləri büküldü, səsi titrəyə-titrəyə: neyləsin, hamıya ikinci ürək lazımdır, – deyib köks ötürdü.
O gün Firudin ürək bişirmədi…
______________________________

İnanma könlüm
Hər eşqin, sevdanın bəxti bir olmur,
Bəxtini eşqində sınama könlüm,
Hələ sağalmayıb aldığın yara,
Sınıq üstə sınıq calama, könlüm.
Gəl könül dostunun sözünü dinlə,
Çox şey yaşanacaq hələ səninlə.
Zarafat eləyib öz taleyinlə,
Məni bir də oda qalama, könlüm.
Səninlə sevinib, gülür gözlərim,
Sevincin, fərəhin bölür gözlərim.
Yadından çıxmasın bu son sözlərim,
Kimsəyə könlünü bağlama, könlüm.
Sanma o vəfasız anlayar səni,
Yenidən həyata bağlayar səni.
Qorx ki, ovçu kimi ovlayar səni,
Ağzım yanıb, məni qınama, könlüm.
Bəxtini eşqində sınama, könlüm.
Bəs niyə unuda bilmirəm səni?
Sən ki, qərarını verib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Məni ürəyindən silib getmisən,
Bəs niyə unuda bilmirəm səni?
Yalqızam, yanıma düşüb qollarım.
Artıq sənsizləşib ömür yollarım,
Bəs niyə unuda bilmirəm səni?
Bacara bilmirəm mən öz qəlbimlə.
Deyəsən, taleyim küsüb mənimlə,
Bilmirəm, unuda bilmirəm səni.
Hicran kərpic-kərpic qəlbimi sökür.
Həsrətin gözümdən qanlı yaş tökür,
Bilmirəm, unuda bilmirəm səni.
Qırılıb ümidim, itib gümanım.
A zalım, düz sözü mən necə danım,
Vəfayam, unuda bilmirəm səni.
_____________________________

MƏN ZABİT ANASIYAM!
Milli Ordumuzun zabiti oğlum Ramilə
Beşiyini asmışam, gözümtək qorumuşam,
Yuxusuz gecələri gündüzlərə qatmışam.
Şirin-şəkər balama həzin layla çalmışam,
Beşiyimə, laylama, övladıma bağlıyam,
Mən zabit anasıyam!
Şükür, sənin yanında alnım açıqdır, Vətən.
Bir cəsur, bir qəhrəman oğul böyütmüşəm mən.
Bir qarış torpaq üçün canını fəda edən,
Bayrağına, himninə, şərəfinə and içən
Zabit anasıyam mən!
Rahat yuxu yatmıram, çünki düşmən yatmayıb.
Hələ çox “arzusu” var, arzusuna çatmayıb.
Bəxti yatmış dərdləri bir kimsə oyatmayıb.
Düşmənin arzusunu gözlərində öldürən
Zabit anasıyam mən!
Dağlarımın başında buludlarım ağlayır,
Dili batmış o yetim bulaqlarım ağlayır.
İçimdə qəzəb, nifrət çaylar kimi çağlayır,
Məni bu intiqama, bu qisasa səsləyən
Zabit anasıyam mən!
Düşmənə “göz dağı”san, gücümsən, qüvvətimsən.
Ürəyimin təpəri, gərəyim, köməyimsən.
Vətənin “dar günü”ndə səsinə hay verənsən,
Bu torpağa, bu elə, bu Vətənə bağlısan.
Səni Vətənə verdim,
Sən Vətənin oğlusan!
VƏTƏN
Dünyaya açılan qapımsan mənim,
Ruhumun, könlümün gözüsən, Vətən.
Mayası səndədir müqəddəsliyin,
İlahi qüdrətin özüsən, Vətən.
Qəlbimin işığı, gözümün nuru,
Uludan ulusan, ucadan uca.
Salım qollarımı boynuna, Vətən,
Səni misra-misra öpüm doyunca.
Zirvələr söz açır ucalığından,
Dərələr şahiddir dərinliyinə.
Sənin bərəkətli, barlı torpağın,
Geniş sərhədləri geyib əyninə.
Hünər dünyasına güzgüdü sanki.
Ömür kitabının hər səhifəsi.
Hər bir qarışında duyulur, Vətən.
Zamanın addımı, tarixin səsi.
Ulu əcdadların daşlaşan ömrü,
Boylanır Laçının qayalarından.
Hər daşda bir igid nərəsi yatır,
Qan damır tarixin yaralarından.
Ellərin arzusu qanadlanaraq,
Süzəcək səmada bir gün quş təkin.
Şərəflə qorunan yurd yerlərində,
Ruhu gülümsəyir ulu Babəkin.
Taleyindən keçən qərinələrin,
Alnını bəzəyir ərən imzası.
Sənin qüdrətinə qoşa qanaddır,
Xətai qılıncı, Ələsgər sazı.
Ana laylasından hənir alıbdı,
Ürəkdə alışan qeyrət ocağı.
Doğmalıq ətirli hər qarış torpaq,
Ana qucağıdır, ana qucağı.
Oğul qeyrətini əyninə geyən
Canlı səngərlərin mübarək, Vətən.
İlahi sevgiylə yoğrulubdusa,
Hər duyğu Vətəndi, hər ürək Vətən.
Dərbənd qalasından Təbrizə qədər,
Uzanan bu yurdun səsi içimdə.
Mənim Şah babamın, Şah Xətainin,
Əbədi harayı, ərzi içimdə.
Hər bahar gələndə sızıldayacaq
Qırılmış budağın qönçə ağrısı.
Bilirəm qəlbində heç uyumadı
Zəngəzur həsrəti, Göyçə ağrısı.
Ana laylasına hopan məhəbbət
Sənin təravətin, ətrindi, Vətən.
Millətin ruhunda, elin dilində,
Daim əzizlənən xətrindi, Vətən.
Ömrünə güzgüdür oğul qeyrəti,
Cürət qanad açıb hər qarışında.
Vətən əsgərinin məhəbbətindən,
Üzündə sevgi var dağın, daşın da.
Sənin qeyrətini çəkən oğullar
Ulu qüdrətini duyur dərindən.
Durub keşiyində igid ərənlər,
Qeyrət ətri gəlir səngərlərindən.
______________________________
Adilə Nəzər

KÖNÜL
Təzə tər səhəri verdin küləyə,
Barı günortaya dur bələn, könül.
Axşamın düşəcək, bir az tez elə,
Bir gülə- bülbülə cilvələn, könül.
Yaşa bir gününü toy-nişan kimi,
Süzülsün gözlərin ballı şan kimi.
Qağayı dənizə yaraşan kimi,
Sən də çıx sahilə, ləpələn, könül.
Dinlə bulaqları, xoşdur ahəngi,
Hicrana, həsrətə bir az da ləngi.
İlhamın gətirsin nəğmə çələngi,
Bir təzə eşqə düş, təzələn, könül.
Adilə, nə olsun, quru budağam,
Payıza yol gedən sarı yarpağam.
Cadar-cadar olmuş susuz torpağam,
Yağış ol, üstümə səpələn, könül.
***
Çox üşüdür yaz küləyi,
Gülüşlər susur yarıda.
Ələyir fələk ələyi,
Köçür cavan da, qarı da..
Qış kimi keçirik yazı,
Bitmək bilmir ağrı, sızı,
Zalım geyir al-qırmızı,
Məzlum soluxur sarıda..
İnsan yerə həvəsləyir..
Özün axtarır, səsləyir.
Əkir, böyüdür, bəsləyir,
Qismət olmayır barı da.
Qəlbdən qeyri yer oymuruq,
Qəmi çəkməkdən doymuruq.
O bizik, heç nə duymuruq,
Qulaq var dəlir darı da…
Utanırıq söyləməyə,
Sual vermək olmaz, deyə..
Dərdi göndərir bəndəyə,
Dərmanı qalır Tanrıda.
Mahcamal Babayeva

Almışdı dənizdən yenə dürr, Ay gecə yarı.
Ay nurlu iz üstündə qədər say gecə yarı.
Bir körpə uşaq vaxtın içindən nəzər etdi,
Könlüm dilə gəldi, dedi lay-lay gecə yarı.
Durmaz əbədiyyət yuxusundan, daha durmaz,
Verməz sənə bir xoş nəfəsin pay gecə yarı.
Gündüz gülüşün lövhəsin hüsnündə niqab et!
Ağlar gözünün çağlamağın yay gecə yarı.
Mart çıxsa da candan çıxa bilmir yeni dərdin,
Aprel bitib, atmış qədəmin May gecə yarı.
Yetmir ki əlim, bəlkə səsim yetdi deyirdin,
Əfsus ki “O” da, vermədi bir hay gecə yarı.
Açdın bu ömür səhnəsinin pərdəsin ağlar!
Ey Mahcamal etdin yenə ah-vay gecə yarı!
Apardı
Boşuna keçirmir vaxtını ölüm!
Qurur sinələrdə taxtını ölüm!
Sınayır hər bir an baxtını ölüm!
Bəxti gətirməsə bir yağlı nadan,
Bəxti gətirəndə Sabir apardı!
Özünü hünərlə öyəndir ölüm.
Yaxşını üzünə söyəndir ölüm.
Hər gün mərd qapısın döyəndir ölüm!
Qapı açılmasa bir qəbirqazan,
Qapı açılanda Cabir apardı!
Talayır arzunu, diləyi ölüm.
Sındırır arxanı, dirəyi ölüm!
Susdurmaq istəyir ürəyi ölüm!
Susdura bilməsə bir yolun azan,
Susdura biləndə Mahir apardı!
Kiminə ən nəhəng nifrətdir ölüm!
Kiminə ən yüksək qiymətdir ölüm!
Kiminə şərəfdir, şöhrətdir ölüm!
Bu gün “O” şərəflə, şöhrətlə yazan,
Bir Arif adında Şair apardı!
______________________________
Aysel Xanlarqızı
SƏN GƏLDİN
Xatirələr kirlənmişdi o gecə,
Yudum, yudum, kirpiklərimdən asdım.
Yad əllərdə isitdiyin əlini,
Köz eləyib əllərimə dağ basdım.
Mən ovcumda öləcəkdim,
sən gəldin…
Bir uçqunda dağıntılar altından,
Ölməmişdim, yaralanıb çıxmışdım.
Bir gecədə əllərinin tumarı,
Boya kimi saçlarımdan axmışdı…
Mən saçımdan öləcəkdim,
sən gəldin…
Gözlərimdə qayıq oldu həsrətin,
Boğulanda tutub çıxdım naəlac.
Bu dünyanın hər nəyinə tox ruhum,
Təkcə sənin saf eşqinə acdı, ac,
Mən acından öləcəkdim,
sən gəldin…
Ürəyimə gün doğmadı bir dəfə,
Ömür keçdi gecə kimi qoynumda…
Unutmağa güc yığırdım içimdə,
Soyunurdum bu sevgini əynimdən.
Mən gücümdən öləcəkdim,
sən gəldin…
Son şeirimi son nəfəs tək, yazmamış,
Söz içində öləcəkdim,
sən gəldin…
SƏNSƏN
Qollarına avar çəkən gözlərin,
Qucağındır səcdə yeri, and yeri.
Həsrətinə yorğun düşən şəhərin
Yanağında biri var ki… o, sənsən.
Dan yerinin saçlarını saraldan,
Qayıdış yox, qürub adlı bir yoldan.
Ürəyimi götürdüyün vağzalda
Gecikdiyim bir qatar ki… o, sənsən.
Bahar qollarımda, payız saçımda,
Şehli baxışların kirpik ucunda.
Şirin görüşlərin titrək ovcunda,
Bir xatirə yeri var ki… o, sənsən.
Ulduzların gecə rəngli gözündə,
Vücudumun hər sətirlik izində,
Bir şeirin közə dönmüş sözündə
Misraları darıxar ki… o, sənsən.
Nəfəsinə qurban etdim zamanı,
Kitab-kitab sözə dönən insanım.
Bu dunyada sevgi adlı unvanım,
Hardan bilsin adamlar ki… o, sənsən.
_____________________________
Sevil Azadqızı

CƏNNƏT NƏFƏSLİ ANAM
Bilirəm,
dünyanın bütün çiçəklərini dərsəm,
Yenə də əllərinin ətrini verməz…
Sən mənim həm ilk sözüm,
Həm son sığınacağımsan, Anam!
Sən elə bir qadınsan ki,
dualarınla taleyimi toxuyursan.
Saçındakı hər ağ tel
mənim üçün bir fədakarlıq dastanıdır.
Baxışlarında dincəlir ruhum,
Gülüşündə bahar gizlənib, Anam!
Bu gün təkcə təqvim bayramı deyil,
Bu gün mənim dünyamın günüdür.
Çünki dünya səninlə başlayır,
Sənin sevgini geyinincə isinir ürəyim, Anam!
Yaxşı ki varımsan,
Yaxşı ki mənim Anamsan!
Bayramın mübarək, ey dünyamı gözəlləşdirən insan!
Bayramın mübarək, Anam!
ÖMRÜMƏ GƏLƏN YAZ, SEVİNDİR MƏNİ
Gəlişinlə buz bağlamış sükutu dağıt,
Barmaqların toxunsun ruhumun titrək simlərinə.
Sən sadəcə təqvimin dəyişən vərəqi deyil,
İllərdir yorğun düşmüş ümidlərimin canlanışısan.
Ömrümə gələn yaz, sevindir məni!
Bax, hər tumurcuq bir sualdır əslində:
“Niyə hələ də dayanırsan?”- deyir küləyə.
Kökümüz torpağın qaranlığında olsa da,
Üzümüz günəşin ədalətinə tərəfdir.
Həyat – itirdiklərimizlə qazandıqlarımızın
o qəribə, o amansız tarazlığıdır.
Mənə çiçəklərin rəngini deyil,
Onların dik durmaq cəsarətini gətir.
Payızdan qalan o sarı xatirələri
Yaşılın sonsuz sədasıyla ört.
Çünki hər kəs baharı rəsm edə bilər,
Amma hər kəs baharı yaşaya bilməz içində.
Gəl ki, zamanın o kəsici tərəfi kütləşsin,
Gəl ki, gedişlərin ağrısı qönçələrdə gizlənsin.
Bir uşaq sevinci qədər sadə,
Bir filosof sükutu qədər dərin ol.
Ömrümə gələn yaz…
Yalnız pəncərəmə deyil,
Yorğun düşüncələrimə də günəş sal,
Sevindir məni.
Ömrümə gələn yaz, sevindir məni!
______________________________
Esmira MƏHİQIZI

* * *
Səni gün ağlada, bulud ağlada,
sonra da bir islaq umud ağlada,
səni etmədiyin sübut ağlada-
deyə bilməyəsən, mən etməmişəm.
Barmağın altında tətik olasan,
qəfil açılmağa ütük olasan,
hamının gözündə itik olasan-
deyə bilməyəsən, mən itməmişəm.
Uzaqdan keçəsən, gendən gedəsən,
qona bilmədiyin gündən gedəsən,
gedəndə biləsən, kimdən gedəsən-
sonra deməyəsən, mən getməmişəm.
______________________________
Mən belə gedirəm, belə yüyürür,
mən belə gəlirəm, gələ yüyürür,
elə ayaq açıb, elə yüyürür-
məni ötüb gedir dərdlərim belə.
Sözü də çürüdür, çürüdür söz-bez,
dərdin dumanında yolu sez ki sez,
əvvəl dalaşardım, küsərdim tez-tez-
indi barışmışam dərdlərim ilə.
Bir yola düşürəm, yol dərdə çıxır,
ol dərddən başlayır, öl dərdə çıxır,
üz tutub hayana getsəm də, axır –
mən gedib çıxıram dərdlərimgilə..
_______________________________________
Şahnaz Şahin

Gecənin duası…
Ha su tökdüm, yaz olmadı bu dərdim,
Kotan çəkdim, düz olmadı bu dərdim.
Səndən başqa kimə desəm bu dərdi…
Bağışlamaz…
Allah, məni bağışla…
Bir hasar çək, diblərinə gül də ək,
Qələm götür, gözlərimə sürmə çək.
Çıxıb gedər bəni-Adəm təkbətək…
Bağışlamaz…
Allah, məni bağışla…
Sıx gözünü ağ varağa qara yaz,
Sarı deyil Sarı gəlin… bir də yaz.
Günahım var, nə fərqi ki, çox, ya az..
Bağışlamaz…
Allah, məni bağışla…
Quru yerdi baş qoyduğum and yeri.
Hey sökülür arzuların bənd yeri.
Dilimdədi Tövbə, İman, Fənd yeri…
Bağışlamaz?
Allah, məni bağışla… bağışla…
** **
Ürəyimə yatmadı
Oxuduğun bu nəğmə.
Gecələrin içindən,
Səhərə əl eyləmə.
Sevgi məktubu yazma,
Ta mənə quş dilində.
Göylər yerlə danışır,
Narın yağış dilində.
Ruhum uçduğu yer də,
Ruhlar aləmi deyil.
Fırtınalar önündə,
Neyləyə bilər sahil.
Biz ki, qohum deyilik,
Axı niyə qan çəkir.
Əlimdə yol biletim,
Məni son güman çəkir.
Unuduram özümü,
Unuduram səni də.
O ocağı, o közü,
O bənzərsiz təmi də…
Burax, burax əlimi,
İcazə ver, qoy gedim.
Bir də qovuşacaqmı,
Yollar….
Mən hardan bilim.
_________________

Mən səni bağışladım
Mən səni bağışladım – bu, məğlubiyyət deyil,
Susmağı seçdim, kəsdim mənasız hayqırtını.
Daşlaşan bu səbrimdə tükəndi hər nə varsa,
Bağladım ürəyimdə bir sevgi qapısını.
Gizlində çox ağladım, gizlətdim aynalardan,
Çox yalanlar danışdım özümə, keçsin deyə.
Ağrısam da sınmağı mənə yaraşdırmadım,
Ləyaqətlə öyrətdim dərdimi böyüməyə.
Neynək, məni itirmək sənin seçimin idi,
Qalmaq mənim səbrimdən doğulan körpə oldu.
Sitəmli yalvarışlar bitən gücümün idi,
Sənin zərbəndən sonra bu eşq ölü doğuldu.
Qoy, İsadan sonra da elə çarmıxa çıxan
Bu qırılmış könlümün çatan növbəsi olsun.
Məni unutmağın da, məni itirməyin də
Bütün günahlarının sonsuz tövbəsi olsun!
13-ün yarısı
Saat on üçün yarısı idi,
gecənin qırılmış bir bəndi…
Bu gecə yenə oyaq idim,
sabaha sağ çıxmağa çalışırdım,
alnıma dirənmiş kirpik uclarından.
Keşikdə idim – ayıq-sayıq.
Bir az da qorxurdum,
ürəyimdən bir hərf düşər, itər deyə…
Pıçıltıyla əzbərləyirdim
yeni yazdığım bəndi.
Bir şeir
tüstülənirdi gecənin duyğusunda.
Arada var-gəl edən
nəfəsimə oxuyurdu:
“Gördün, üşüyürsən, yandır özünü…”
______________________________
Nilufər Şıxlı
NƏ ZAMAN Kİ…
Nə zaman ki, bir gün unudularsan,
Səfalət kölgəsi adına düşər,
Etdiyin səhvlərə peşman olarsan,
Varların, yoxların yadına düşər
Səni xar eləyən bütün əməllər
O məğrur başını aşağı salar.
Amma nə dəyişər… ötüşüb illər…
Geçikmiş etiraf özünə qalar.
Geriyə qayıtmaz bircə an belə,
Çirkabdan təmizə çıxılmaz daha.
Batdıqca batarsan sən bilə-bilə,
İtirdiyin zaman dönməz sabaha.
Ömrünə-gününə buraxma şəri,
Peşman olmağının yoxdur dəyəri!
***
Bir-bir əl üzdüyün şirin arzular
Yuxuna gəldikcə ağlasan əgər,
Sabaha baxmasan yeni ümidlə,
Dərdini üst-üstə saxlasan əgər,
Könlünə düşməsə bəxtinə düşən,
Gözəl duyğuların solsa, saralsa,
Dünəni gözündən salan qorxular
Səni də bu günün gözündən salsa,
Qınama kimsəni – öz günahındı!
İntiqam almağa bəraətin yox!
Demək ki, özünə yoxdu inamın,
Ya da inanmağa cəsarətin yox?!
Uğur gəlib çıxmaz arzulamaqla,
O, alın tərindən cücərib çıxar!
Sabahı qəlbiylə suvaran insan
Hər kəsin gözünə vüqarla baxar!
______________________________
Sevinc Yunuslu
***
Ötən qış ötdü şaxtalı,
Dedim… dedim ki, yaz gələ.
Unut məni, çıxım gedim,
Gedim… gedim ki, yaz gələ.
Göz yaşımdı yağan yağış,
Sevgim bəzək, sevgim naxış.
Gərək sevdiyimə bu qış,
Yetim… yetim ki, yaz gələ.
Qışdan qışı dərib bahar,
Ömrümə göndərib bahar,
Bu qışı döndərib bahar,
edim… edim ki, yaz gələ,
Gedim, gedim ki, yaz gələ.
***
Tufanlı havada, boranlı qışda,
Şehlənsə bilinər gülün sevinci.
Kiçicik namədə, böyük ümidlə,
Necə sevindirdiz, bilin, Sevinci.
Çay daşdan süzülüb birləşsə dağla,
Qarşısı alınmaz hasarla,bağla.
Ha çarpış, ha toqquş, yolunu bağla,
Nə olsa aşarmış selin sevinci.
Bahar arzusunu nurlu ürəklə,
Çatdırar hər yana xoş bir küləklə.
Dillənsə bir arzu təmiz diləklə,
Ürəkdən daşarmış dilin sevinci.
______________________________

Bir qaragöz qız nağılı.
Gözlərindən axıb getsin,
Bir şıdırğı yaz nağılı.
Şahididir gör nələrin-
Qara-qara gecələrin
Dümağ, bəmbəyaz nağılı.
Köksü altda umudu var.
Birdən ölər, unudular,
Götür, qardaş, yaz nağılı.
Ay təmiz, ağ ürəyim.
Hardasan, ay bənövşə,
Nərgiz, zanbağ ürəyim?Kimdi sənə daş atan,
Kimdən gəldi xoş xatan,
Eşqi qanına qəltan,
Köksü dağ-dağ ürəyim?Ağlama, bəsdi, kiri,
Dedimmi, sevmə şeri,
Ay bir zaman dipdiri,
Ay sappasağ ürəyim?!İndi yan-yaxıl belə,
İndi çox sıxıl belə.
Mərd Şahinə Könülə,
Namərd, alçağ ürəyim.
_________________________

Ötdü gənclik illəri,
Soldu könül gülləri.
Məhəbbətin telləri,
Tamam qırıldı getdi.
Gəncliyimə yağan qar,
Etdi bu dünyamı dar.
Qocaldıqca arzular,
Könül xar oldu getdi.
Məhv oldu ewq bəhərim
Bogur məni qəhərim,
Açilmayir səhərim,
Gecəm zar oldu getdi.
Bir vaxt axar çay idim,
Günəş idim,Ay idim.
Allahdan xoş pay idim,
Gənclik yoruldu getdi.
Gözlərində həyası,
Üzündə var ziyası.
Əfşanın eşq dünyası,
Çökdü,tar oldu getdi.
_________________________
Şair, ilhamını al gecələrdən.
Qələmim bir sətrin telin darayır,
Bir nəğmə süzülür bal gecələrdən.
Hicran qollarını saldı boynuma,
Axdı göz yaşlarım gizli qoynuma,
Düşdü ürəyimə xal, gecələrdən.
Gözlədim saçıma dən tökülüncə,
Gözlədim kəfənə can bükülüncə,
Bir ömür üzüldü lal gecələrdən.
______________________________

Yenə də göylərdə gəzir xəyalım,
Deyəsən, şıdırğı yağış yağacaq…
Gedim buludların qadasın alım,
Yoxsa, məlul-məlul durub baxacaq.
Tutum küləklərin ətəklərindən,
Ağappaq bant vurum gəlinlər kimi,
Şimşəyin tüfəngin alım əlindən,
Çaxmağın qoparım bilənlər kimi…
Alım Ay nənəmin ipək yaylığın,
Silim göy üzünün alın tərini,
Atsınlar daşını qoy subaylığın,
Ulduzun ulduza verim əlini.
Sevinsin göy üzü, yağmasın yağış,
Gecəni qayğısız keçirək bu gün,
Gedənlər getmişdir, xəyallar qalmış,
Bir mənəm, bir keçmiş… bir ürək bu gün…
____________________________________
GETMƏK
Getmək tək qapıdan çıxmaq deyil ki,
bəzən bir söz ilə getmək də olur,
Bəzən bir baxışla, bir işarəylə,
süzülən göz ilə getmək də olur.
Bir dam altında da getmiş olursan,
bəzən ürəyin öz qapısın azır,
Bəzən öz içində itmiş olursan,
qəlbinə bir yadlıq, özgəlik sızır.
Boş qalır könlünün böyük hissəsi,
dolur ora boşluq, dolur heç nələr,
Ömründən silinir ilin üç fəsli,
bir fəslə sığışır boş qərinələr.
Boş qalan yuva tək olursan o an,
pərğular küləklə sovrulub gedir,
Fərqi olmur ötür…, dayanır zaman,
ömrün səhra kimi qovrulub gedir.
Getmək tək qapıdan çıxmaq deyil ki,
Yuxudan oyanmaq kimidi getmək…
______________________________
Naibə Yusub

İçindən çıxmağa oyuq gəzirəm.
Fırlanır durmadan, hərlənir başım,
Sərxoş dünyamızda ayıq gəzirəm.
Can verir çarxında qızıl saraylar,
Çəkdikcə hesabı kükrəyən çaylar
Sahilə çıxmağa qayıq gəzirəm.
Batırıb qoynunda səfinələri,
Açıb yaxasından qərinələri,
Zamanı udmağa aşıq gəzirəm.
Bürüyüb dövrəsin kiçik səfillər,
Bitib-tükəndikcə soylar, əsillər,
Dərdini çəkməyə aşiq gəzirəm.
Yürüyür üstünə Qərbin riyası,
Hanı Ulu Şərqin parlaq ziyası,
Zülmətlər qoynunda işıq gəzirəm?
Bir gün qanad verə düşən lələyə…
İxtiyarı verib Tülkü lələyə
Payımı almağa qaşıq gəzirəm.
Bir zərif ləçəyəm, üzümə gülsən,
Sularda boy verən gözümü silsən,
Sanaram, ulduz da, Ay da mənimdir…
Ulduzlu səmanın şehini bilsən,
Ötən hər zamanın behini bilsən,
Sanaram, bahar da, yay da mənimdir.
Gecədə gündüzün şərini bilsən,
Naibə, dünyada yerini bilsən,
Sanaram, dəniz də, çay da mənimdir.
______________________________
GƏLDİM, GƏLMƏDİN
Sən gəzən yerləri, yar, addım-addım
Yoxlamaq istədim, gəldim, gəlmədin.
Ətrinə bənzəyən gülü, çiçəyi
Qoxlamaq istədim, gəldim, gəlmədin.
Döndərib bir sərin mehə əlimi,
Oxşamaq istədim bəyaz telini.
Doldurub gözümə dağlar gölünü
Saxlamaq istədim, gəldim, gəlmədin.
Apara bilmərəm gora sevdamı,
Butanın bağrında yara sevdamı.
Qara taleyimi, qara sevdamı
Bağlamaq istədim, gəldim, gəlmədin.
A Ğ L A
Yad ağlasa yalan ağlar.
“Dərdi demə dərt bilməzə,”
Dərdi olan yanar ağlar.
Özünü yox, dərdi unut.
Könlüm təşnə gözüm bulud,
Leysan kimi yağar ağlar.
Zaman bizi ələr gedər.
Bir gün Şirdə mələr gedər,
Bizdən betər yaman ağlar.
Var dünyada qalan demə.
Ağlayanda balam demə,
Göz-göz olar yaram ağlar.
Buta qordu,kül içində.
Ana, bülbül gül içində
Öz bağrını yarar ağlar.
_________________________

Gətirin mənə
Nə müddətdir həsrət məni dağlayıb,
O güllü-gülşəni gətirin mənə.
Vətənsiz ürəyim yara bağlayıb,
Əvəlik məlhəmi gətirin mənə.
Gözüm qalıb baharında,yayında,
Nişanlı qızların payız toyunda,
Gələsi olsanız bayram ayında,
Bir yaşıl səməni gətirin mənə.
Ürəyim çırpınır,sızlayır yaram,
Dərmanım ordadır,yaman naçaram.
Qar altından Qərib-qərib boylanan,
O ağ bənövşəni gətirin mənə.
Bilən bilir Pərvanənin dərdi nə?
İllərdi ki,qalıb vətən dərdinə,
Dağ yerinə qorxuram ki,dərd dinə,
Siz bütöv vətəni gətirin mənə.
Dağların
İllərdi həsrətəm isti qoynuna,
Nədəndir açılmır yolu dağların.
Görən bizdən ötrü darıxırmı heç ,
Çiçəyi dağların,gülü dağların .
Quşlar oxuyurmu yenə obaşdan,
O yerlər bircə an çıxmırki başdan .
Xoş ətir duymağa torpaqdan,daşdan ,
Yaman qəribsəyib eli dağların .
Sızlayır gör neçə vətən yaralı ,
Pərvanənin bitmir dərdi,məlalı,
Görün doğma övladlardan aralı ,
Keçibdi nə qədər ili dağların ,
Nə zaman açılar yolu dağların .
______________________________
Aydan Xəndan

Zəriflik axtarma kobud adamda
Onun ruh aləmi başqa qurulub ,
Bağlıdır qapısı zövq dünyasının ,
Gözləri önünə hasar vurulub.
Kobud insan bilmir incəlik nədir ,
Aləmi ağ -qara rənglərdə görür ,
Ulduzlar onunla küsülü kimi
Parlayıb, vaz keçir yanmaqdan, sönür.
Buludlar onunla səmada gəzmir,
Dəniz ləpələri susur, dillənmir,
Ay belə gecələr ondan gizlənir
Gözəl kainatın qənimidir o.
Əsgərə məktub
Bu məktub qəlbimin dərinliyindən
Sənə ünvanlanıb, əzizim əsgər!
Bilirəm, kifayət olmaz kəlmələr
Sənin etdiyini vəsf etsəm əgər.
Keçdiyin yolların yaman çətindir
Oralar yurdundur, öz vətənindir!
Zalım düşmənləri vuran, yox edən
Sənin qüdrətindir, sənin əlindir!
Biz isti evlərdə, sənsə səngərdə
Biz ekran başında, sən ön cəbhədə
Dualar səslənir hər bir ağızdan
Tanrı yarın olsun, sənə döyüşdə!
Illərdir səbr etdik, cavab gözlədik,
Dünya gözün yumdu haqsızlıqlara
Xalqım öz yurduna həsrət qalarkən,
Yadlar sahib çıxdı gülüstanıma.
İndi zaman, dövran dəyişib artıq
Güclü ordumuz var, sərkərdəmiz var!
Qoy aləm eşitsin haqq səsimizi!
Qarabağ əbədi bizim olacaq!
Əsgərim, şücaət yaraşır sənə
Çünki mərd bir xalqın övladısan sən
Qələbə uğrunda dözüb ağrıya
Odlara atılıb daim öndəsən!
İgidlər böyüdüb bizim analar
Bu vətən torpağı sizə yar olar
İşğaldan qurtulmuş zirvələr boyu
Ucalar əbədi bizim bayraqlar!
Əsgərim, paytaxtdan sənə salam var
Qəlbimiz sizlərlə bir yerdə atar
Halal olsun sizə, qorxmaz oğullar
Nə qədər siz varsız, vətən var olar!
Doğma şəhər
Hər üzünü uzun illər bilirsən.
Darıxanda qoynuna atılırsan,
İnciyəndə gen gəzir, deyinirsən.
Doğma şəhər doğma insan kimidir
Onu bəyənirsən , dəyər verirsən,
Hər küçəsi xatirələr daşıyır
Unutdum desən də, vaz keçməyirsən.
Doğma şəhər doğma insan kimidir
Ondan qaçsan belə, geri dönürsən,
Yaşlanıb dəyişsə üzdən ilbəil,
Onu sən hamıdan gözəl bilirsən.
Doğma şəhər doğma insan kimidir
Vaz keçə bilmirsən, canım deyirsən .
Qəlbini sındırsa, könlünə dəysə,
Yenə əfv edirsən, çünki sevirsən!
Həsrət nədir çəkən bilir rəsmini bitmiş sevdanın,
Acı nədir dadan bilir şirin sandığı xülyanı,
Rəngləri solan deyildir, al əlvandır
bu dünyanın.
O çəkdiyin rəsmə baxıb niyələrini sorarsan,
Dadını bəyənməsən də, acılara qatlanarsan,
Əbəbi sürən deyildir hər çiləsi bu dünyanın.
Səbir daim həmdəm olar həyatdan bezdiyin anda,
Ümid yola işıq salar qaranlıqlar qorxudanda,
Niyyət sözə sadiq qalar doğuşdan təmiz olanda,
Qoynuna atıl, çəkinmə, sənin olan bu dünyanın.
______________________________

İNSANDAN KÖÇÜR DÜNYA !..
Daha insan əlindən,
Fırlanmır, qaçır dünya..
İnsan dünyadan köçmür,
İnsandan köçür dünya..
Yeyilib fırlanqacı,
Bəlkə tükənib pəri?
Çıxıbdır öz oxundan,
Dünya olub sər-səri..
Gah tərsinə fırlanır,
Dayandırır zamanı,
İnsanların əlində,
Qalıb dünyanın canı..
Götürülüb aradan,
Yerin-göyün pərdəsi.
Utanır, fırlanmağa,
Qalmayıblar həvəsi..
Gah da qaçır sürətlə,
Saat zamanı qovur,
Qısalır insan ömrü,
Zaman saatı qovur..
Dünyanın əli göydə,
Ərşə çıxır naləsi..
İnsan məskəni olmaq,
İstəmir Yer Kürəsi !…
Könlüm Süleyman istəyir
Dərman gətirib gəlmisən,
Təbib, canım can istəyir.
Xəstə halım şəfa bulmaz,
Fələkdən aman istəyir…
Hanı məlhəm, yanır canım,
Ərsi titrədir fəqanım
Gedibdir dinim, imanım,
Ruhum din-iman istəyir.
Əlacsızdır dərdi-sərim,
Aydan, Gündən yox xəbərim,
Uzun olur gecələrim,
Gecə könlüm dan istəyir.
Cığateləm, döndüm neyə,
Deyin, sevinsin Fələyə.
Dərman neylər mən xəstəyə
Könlüm “Süleyman ” istəyir!
______________________________
Güllü Eldar Tomarlı
Olsun – olsun
Şair Dədəm, sənin sirin –sirdaşın ,
Arzumdu hər zaman söz olsun–olsun .
Hər kəlmən bir çələng qoysun başına .
Hər misran od olsun , köz olsun – olsun .
Sözdən – sözə elə qala qurubsan ,
O qalada çox mərdanə durubsan .
Çox mənəm deyəni yolda yorubsan
Ta ki , ilham pərin saz olsun – olsun .
Tale sənə verdiyini bol verib
Hər şeirinə qanad verib , qol verib .
Elə bil ki , dağdan gələn sel verib ,
Allah özü sənə göz olsun – olsun .
İsti təbin , daim coşan qanın var ,
El içində şöhrətin var , şanın var .
Hələ yazılası çox dastanın var
Daim qəlbin bahar, yaz olsun olsun .
Zər kəlamlar hələ çoxdu başında ,
Mirvarilər düzüm – düzüm qarşında ,
Güllü görüb səni müdrik yaşında .
Arzumdu kaş ömrün yüz olsun – olsun .
YAŞATDI MƏNİ
Taleyimdə duman-çən,
Ömrüm-günüm oldu tən.
Qəvvas olub dərindən
Üzmək yaşatdı məni.
Bir az dədə-babadan,
Bir az eldən-obadan.
Bir az yurddan-yuvadan,
Yazmaq yaşatdı məni.
Haqqa açdım gözümü,
Haqqa dedim sözümü.
Düz bir ömür özümü
Gəzmək yaşatdı məni.
Güllü, öndə dağ-dərə,
İnan yenə mərdlərə.
Dərdlərimi dəftərə
Düzmək yaşatdı məni.
Həyat Şəmi

Gəlmişəm sənə
Dərd qalasın keçib, gəlmişəm sənə.
Dolanmışam dua kimi başına,
bəla kimi gecə gəlmişəm sənə.
Hər sevgini nədəndi sən bilmişəm,
Eşq yolunda İrfanatək yetmişəm,
Dönüb orda heçə, gəlmişəm sənə.
Yol bağlanıb, körpü yanıb, daş donub.
Bilə-bilə gözlərimə yaş olub,
Almamışam vecə, gəlmişəm sənə.
Ən Müqəddəs arzulardan keçmişəm.
Ayrılığı alaq kimi biçmişəm,
Dərddən keçə-keçə gəlmişəm sənə.
Ayaqların özgə yarçün yorulub,
Daha burda yer göy ilə tən olub,
Bir xaraba küçə gəlmişəm sənə.
Dağ başında əlçatmayan qar oldun.
Burda idin, nə oldun, necə oldun,
Ruh canımdan köçə, gəlmişəm sənə.
hüzurunda nurun üçün əl açım,
Solub getdi sevgi adlı ağacım,
Gör hə halda, necə gəlmişəm sənə.
Havası isti olsun.
İki gözlü evinin,
bacası tüstü olsun.
Bağçada dibçəkləri,
Həyətində quyusu,
Ağaclarında heyva,
uzağında qayası.
Mən də olum içində,
o həyətin, o bağın.
Qara günü götür get,
Qadasın alım ağın.
Elə bu cür tərs olum,
Yalnız bir az da xoşbəxt.
Yadıma sal arada,
Yaşayıram bəxtəbəxt.
Ordan bir içim sevgi,
Özümün olsun yalnız.
Cüt nağıl uydurmayım,
Gecələrində yalqız.
Kirayəyə olmasın,
sevginin çiçəkləri,
noğulunda sevinc var,
uğurdan böcəklərin.
Ordan bir ucuz ölüm,
Kimsəyi ağrıtmayan.
Nə anam, nə qardaşım,
Anlamayan duymayan.
Elə bil olmamışam,
Bu dünyanın içində,
Bir gül boyda canım yox,
Bu üzdə bu biçimdə.
Ordan bir az ayrılıq,
Bu dünyanı unudum,
ordan bir az laylay ver
Öz canımı uyutum.
_____________________________
ŞEİR QADIN
Zərifliyini görüb,
Səni
çiçəyə bənzətdilər…
Şıltaqlığını görüb
Səni
küləyə bənzətdilər…
Gözlərində yaşı görüb,
Səni
dənizə bənzətdilər…
Sonsuz vəfanı görüb,
Səni
torpağa bənzətdilər…
Sən
Tanrının yaratdığı
şeirsən, qadın.
Mən
Səni
ruhumu oxşayan
şeirə bənzədirəm.
Şeirdir sənin adın…
Şeir kimi doğulmusan.
Kuplet-kuplet yaşayarsan.
Heca-heca ağlayarsan.
Sətir-sətir gülərsən.
Gülüşünlə yer üzünün
kədərini silərsən.
Gah şeir kimi sevinclisən.
Gah şeir kimi kədərli…
Lakin
şeir kimi əbədisən, qadın!
Şeirdir sənin adın…
QIZIMA
Romanın məşhur küçələrini
dolaşdıqca
yadıma Sən düşürsən.
Darıxıram, Qızım…
Kolizeyin yanında
anasının qucağında
tarixə gülümsəyən qızcığaz
Sənin gülüşlərini xatırladır.
Darıxıram, Qızım…
Az qaldı.
Gözlərini
söndürüb yandırana kimi,
Vətənə – Sənə qayıdıram.
Darıxıram, Qızım…
Bu tarixi yerlərdə
içimdə Səni gəzdirirəm.
Birlikdə dolaşırıq
Roma Forumunu, Navona meydanını,
İspan pillələrini, Palatino təpəsini.
Sənin gözlərinlə baxıram həyata…
Darıxıram, Qızım…
Bilirsən?
Mən buluddan
nəm çəkən adamam.
Durduq yerdə
içimə qəm əkən adamam.
Amma
Səndə tapdım
itirdiyim gücümü.
Romaya gedərkən
arxamdan buludlar ağlamışdı…
İndi Romada payızdır.
Ağaclar ağlayır.
Göz yaşları
Yarpaq-yarpaq tökülür…
Darıxıram, Qızım…
Bu sətirləri yazarkən
Səndən mesaj gəldi.
“Sənin üçün darıxıram, Ana!”…
Gözlərimdə yaş göyərdi…
Mən də
Quşun səma,
Torpağın su
Dalğanın sahil üçün
darıxdığı kimi
Sənin üçün darıxıram, Qızım…
Qızım, Sənin üçün darıxıram…
___________________________
Nuranə Nur

Getsəm…
Getsəm ,tək getməyəcəm,
Bir dost, bir sirdaş,
Bir ana , bir bala ,
Bir sevgili götürəcəm özümlə…
Getsəm tək getməyəcəm,
Bir doğmalıq , bir anlayış,
Bir rahatlıq,bir təbəssüm,
Bir də,
bir ilıq baxış götürəcəm özümlə…
Getsəm tək getməyəcəm,
Ayı, Günəşi, Göy üzünü,
Dənizləri, çayları,
İlləri , ayları götürəcəm özümlə…
Getsəm tək getməyəcəm ,
Təmizləri , əslləri,
Yağışları, qarları,
Bir də bütün fəsilləri
Götürəcəm özümlə…
Getsəm tək getməyəcəm
Aparacam hamını,
Aparacam hər şeyi .
Getsəm gedəcək mənlə,
Doğulmayan , ölməyən
O körpə balamız da,
Onu bölə bilmərik,
Amma bu kainatı ,
Bölmüşdük aramızda .
Getsəm ,tək getməyəcəm,
Arxamca çox ağlama.
heç nə qalmadı məncə,
Yığdım kiçik bağlama.
Darıxmaq kimi…
Darıxmaq kimidir hər şey,
Günüm də, mənim günümdə
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə.
Gecə düşər, günüm doğar ,
Ulduz-ulduz xəyalıma.
Arzularımı udmuşam ,
Ağrı verir sol yanıma.
Günün qapısı aralı,
Sabah dolur bir anlığa.
Gecənin ömrü yetmədi,
Bir pəncərə qaranlığa.
Üşüyür şəklin əlimdə,
Ürpənir bax nəfəsim də.
Qışın da ürəyi əsir,
Quşbaşı qar həvəsində.
Darıxmaq kimidir hər şey,
Günüm də, mənim günümdə.
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə.
___________________________________
Xanım Aydın

Elə unut…
Məni elə unut ki, elə bil sevməmisən,
Özün özünü aldat,
De ki, yuxu görmüsən…
Xəzri alsın-aparsın,
Gilavara çatdırsın,
O da sovursun göyə,
Heç izim də qalmasın –
Bu şəhərin, bu yurdun,
Bu ölkənin sərhədsiz,
Hüdudsuz enliyindən…
Səslərim daşa dəysin,
Sözlərim qaya olsun,
Qoy hardasa qırılsın, bir ovuc torpaq olsun.
Xatirələr toz-duman,
Qoy sərilsin dənizə,
Bəlkə yelkən aparar, bəlkə lövbər batırar.
Ürəyində bir hənir, bir çırpıntı qalmasın.
Məni elə unut ki, adım da qoy yad gəlsin,
Özüm, sözüm bir yana,
Kölgəm də özgələşsin…
Bir gün rastlaşsaq əgər hər hansısa dünyada
Ruhumu da tanıma, o da yad olsun daha.
Bir titrətmə, bir soyuq
Düşsə birdən canına
Özünlə tək qalanda.
Ürəyindən bir ağrı
Qopsa, mənəm uzaqda.
Dərman içmə boşuna…
Məni elə unut ki…
Vüsalın tərs, hicranın düz üzüyük
Sənə çatmaq ulduzlara çatmaq qədər çətin,
Ovuca su götürmək qədər asan.
Sənə toxunur,
Çatdığımı düşünürəm,
Vüsalına gülümsəyirəm.
Və…
Və ulduza çatmadan hicran başlayır…
Tənhalığın yüz ili kimi çəkir
Ömürdən sənsiz keçən hər gün.
Sən isə…
Sən isə mənsiz keçən hər gün
Dünənkindən daha çox can atırsan
Sonsuzluğa…
Sənlə mən vüsalın tərs,
hicranın düz üzüyük –
Adsız barmağa taxılan qızıl üzüyük…
____________________________________
Aysel Fikrət

Göz yaşı
İstədim şeir yazım,
Məndən öncə tərpəndi.
Düyünləndi gözümdə,
Bircə damla göz yaşım.
Nə dili var, nə ağzı,
Nə bilim, nədi dərdi.
Düzüldü kirpiyimə,
Yanıb-yaxdı göz yaşım.
Yanan ürəyə sərin,
Qanan adama dərin.
Gəlin gözümdən dərin,
Qurub taxtı göz yaşım.
Nə mən soruşdum ondan,
Nə o anlatdı məni.
Elə belə, səssizcə,
Dolub baxdı göz yaşım.
Əzəldən bir iş tutdum,
Bəxtim, gülməz üzümə.
Gəl ki indi dərdə bax,
Olub baxtlı göz yaşım.
Bağışlaya bilmədim
Özümü bu canımda.
Baş-başa verib susduq
Mən, O, Gözüm, göz yaşım.
***
Səni yanpörtü yaşadım, ömür,
Elə düşündüm mən hələ son deyil.
Bu günü dünəndən daşıdım, ömür,
Hər gün bir olmazım yeni don geyir.
Məhəbbət aldatdı, həqiqət satdı.
Nə vardı əlimdə samana döndü.
Hələ günlərimə isinəmmədən.
Gözümün önündə zamana döndü.
Uşaqtək qaçmadım göy çəmənlikdə,
Gənc olub gülməyim yadıma gəlmir.
Ucada alınmaz qala misalı,
Hər geydiyim sevgi adıma gəlmir.
Qorxdum dənizindən, qorxdum çayından,
Göyün buludundan üşəndim, heyhat.
Gəl ömrün sonunda birdən gülümsə,
Əlli ildə bir yol ürəyimə yat.
Qorxuram dünyadan köçən günümdə,
Dünyanı görmədim desəm gülərlər.
Allahdan özgəsi bilməyən dərdi
Gözümün yaşından sezib bilərlər.
Sevgidən ağrıdan uydurub şeir,
Kağızdan göy çəkdim, günəşi oldum.
Baxıram son eşqin ucsuz yoluna,
Görünür, insan yox, mən elə yoldum.
Şahanə Müşfiq

DARIXAN QADIN
Nə üzlü qonaqmış bu darıxmaq da,
Fikrimdən qovuram, qəlbimdən gəlir.
İndi bahar fəsli deyil, mən bilən,
Bəs necə burnumda qoxun güllənir?
Belə darıxmağı kim icad edib?
Görüm darıxmaqdan məntək boğulsun…
Sənsiz gözlərim də yolun itirib,
Gəl ki, yazıqlar da “evə yığılsın”…
Xoşbəxt günümüzdən xatirə şəkil –
Gözümün kökütək saralıb indi.
Yollar da üstümə sənsiz qayıdır,
Görüm zəhrimara qalsın həsrəti!
Boyumdan yekədi, əynimə gendi,
İçində itmişəm bu darıxmağın.
Qayıt, duman gözlüm, qayıt, yubanma,
Yolunda boy atıb “Darıxan qadın”.
AYRILAQ…
Bu ayrılıq heç xoşuma gəlmədi,
Gəl barışaq, sonra yenə ayrılaq.
Bircə dəfə ayrılmağın nə dadı,
Təkrar-təkrar, dönə-dönə ayrılaq.
Belə ayrılığa mən necə dözüm?!
Gərək gözlərindən ayrıla gözüm.
İnadkar qəlbimə yetməyir sözüm,
Əlim küssün əllərinə, ayrılaq…
Alışmasın öpüşünə yanağım,
Unutsun adını gərək dodağım.
Səssiz getmə, tutulacaq qulağım,
Çıxaq zilə, düşək bəmə, ayrılaq.
Gəl tələsmə, ayaq saxla bir anlıq,
Göz yaşımı qoy çantana yavanlıq.
Deyirlər ki, soyuq olur ayrılıq,
Həsrətini sər üstümə, ayrılaq…
…bu ayrılıq heç xoşuma gəlmədi,
Gəl barışaq, sonra yenə ayrılaq.
Bircə dəfə ayrılmağın nə dadı,
Təkrar-təkrar, dönə-dönə ayrılaq!
_______________________________________________________
Kəmalə Mirzəyeva
Düzbucaq
Yenə heç nədən qanını qaraltdı:
– Bilmirsən, yumurta belə bişəndə mən yemirəm. Axı nə olan şeydir ki, sən onu da bu iyirmi iki ildə öyrənə bilmədin…
Elə istəyirdi and içsin ki, yumurtanı qaynamağa qoyanda saata baxıb və düz dörd dəqiqənin tamamında götürüb.
Qapı möhkəm çırpıldı. Elə çırpıldı ki, Narın bir anlıq mətbəxin aynalarının qırılıb töküldüyünü düşündü.
Həyətə çıxıb darvazanı bağlamaq istədi. Amma bir-iki addım atıb dayandı. Nar ağacının altında əyləşdi. Adətən, belə vaxtlarda – ürəyi dolanda, ağlayanda Şirin gəlib onu qucaqlayar və güldürənə qədər də əl çəkməzdi:
– Sən ərini tanımırsan, ay mama, axı niyə belə ürəyinə salırsan? Mən gözümü açandan o, hər şeydən narazıdır da…
Bir az susar, sonra gülə-gülə:
– Xoşu gəlir də səni incitməkdən…
Daha sonra anasına yol göstərərdi:
– Sən də gərək bircə dəfə onunla belə rəftar edəydin…Onda başa düşərdi yəqin… Ən yaxşısı sən onu hərdən qorxut daa… De ki, belə eləsən axırda tək qalacaqsan… De ki, baş alıb gedəcəm… Atam evinə qayıdacam.
Adətən, Şirin bunları deyəndə ikisini də gülmək tutardı. Çünki Şirin də, o özü də yaxşı bilirdi ki, bu, mümkünsüzdür. Narın elə bir ailədə tərbiyə almışdı ki, orda ərə getdiyin evdən geriyə dönüş ola bilməzdi. Həm də neçə ildən sonra axı nə deyib qayıdacaq ki?
Xeyli oturdu. Birdən yadına düşdü ki, Şirin yoxdur. Daha doğrusu, çox-çox uzaqlardadır Şirin. Daha belə vaxtlarda onun dadına yetişən, deyən-gülən, onun könlünü açıb güldürən, yaşına uyğun olmayan bir halda anasına “həyat dərsi” verən Şirin də yoxdur.
Telefonun səsinə diksindi. Səhər-səhər kim olar?
– Alo, – deyincə Şirinin səsi gəldi:
– Can, mama, burda da rahatlıq vermirsiz eee mənə. Yuxuda gördüm səni də, papanı da. Amma qarışıq yuxuydu. Heç əməlli-başlı da yadımda qalmayıb.
Üzüntüsünü, kədərini gizlətməyə çalışdı:
– Orda saat neçədir ki, oyanmısan?
– İki saat fərqimizə görə bizdə saatlar 7-ni göstərir. Nə fərqi var e? Əsas de görüm necəsiniz?
– Yaxşıyam, qızım, atan da çox yaxşıdır, – dedi.
– Atam, əlbəttə, yaxşı olar da, yəqin səhər-səhər…
Şirinin sözünün davamını gətirməyə imkan vermədi:
– Sən orda da bizi düşünmə, imtahanlarına hazırlaş.
– Hazırlaşıram, ay ana, hazırlaşıram. Amma bax, birdən qərarını versən, düşünmədən gəl. Qoy bir az da sənsizliyin dadını görsün…
– Elə demə…
– Bax, qaldığım evi, universitetimi, iş yerimi görsən… Hələ şəhərin gözəlliyini demirəm – görsən heç geri qayıtmaq istəməyəcəksən…
– Danışarıq, axşam atanla danışaram…
Bütün günü nə deyəcəyini, necə başlayacağını, onu necə razı salacağını düşündü.
İlk tanışlığında təbəssümünə, xoş davranışına vurulduğu insanla indi bir kəlmə söz danışmaq, nəyisə bölüşmək, onu nəyəsə razı salmaq mümkün deyildi. Evliliklərinin ilk illərində bəh-bəhlə yediyi yeməklər çoxdan, onun təbirincə desək,”zəhər”ə çevrilib.
Axı o, belə deyildi…
Səhərdən qalan süfrəni yığışdıra-yığışdıra qayınanasını xatırladı…
Cəmi bircə dəfə qayınanasına Niyazdan şikayət etdi. Kaş ki deməzdi. Aldığı cavab qəlbini incitdi. Daha bir də kimsəyə nəsə demədi.
– Mənim oğlum ağıllı-başlı adamdır. Əgər səninlə pis davranırsa, demək günah səndədir. Sən onu dəyişmisən, dəli etmisən. Yaxşı qadın özünə qamçı…, yox eee özünə söz dedirtməz!
Sonra günlərlə oturub düşünmüşdü ki, bəlkə doğrudan da, günah elə onun özündədir. Bəlkə doğrudan da, Niyazı qıcıqlandıran nələrsə edir? Şirinin dünyaya gəlişindən sonra bir-birinə daha da möhkəm bağlanmalı olduqları halda hər şey əksinə oldu…
Bəlkə də belə şeylər hər bir ailədə baş verir. Bir çoxu, ola bilər ki, bu “incəliklər”i görməzdən gəlib, qaynanasının təbirincə desək,”udub” yaşayırdı. Amma ona çox çətin idi… Çox şeyi “uda-uda” deyəsən özünə əməlli-başlı ziyan vurmuşdu. Boğazında sanki bir düyün yaranmışdı, udquna bilmirdi. Həkim elə ilk simptomlarını bilən kimi “nevroz” – deyib təəssüf dolu baxışlarla onu süzmüşdü…
– Dərman yazıram, amma yaxşı olar ki, bir müddət mühitini dəyişəsən, səni narahat edən, qıcıqlandıran nə varsa, ondan uzaq olasan.
– Həkim, mümkün deyil, yoldaşımın xasiyyəti elədir ki, harasa çətin gedə bilim.
– Onda çalış işə düzəl, başın qarışsın, yeni insanlarla ünsiyyətdə ol…
Narının susduğunu görüb davam etmişdi:
– Bəlkə təhsilin yoxdur, ona görə iş tapmaqda çətinlik çəkəcəyini düşünürsən. Amma sizə bir şey deyim, indi diplomsuz adama daha çox ehtiyac var.
Həkim resept yaza-yaza nazik, incə manikürlü barmaqlarını göstərərək:
– Baxın, ən gözəl iş budur,vallah, ən çox tələbat indi bunadır. 10-15 gün kursa gedib bir salonda işə də düzələ bilərsiz…
Açı-acı gülümsəmişdi. Evdə yataq otagında şkafın rəfində yatan qırmızı diplomunu xatırlamışdı. Universitetin şərqşünaslıq fakültəsinin ən fəal, ən sevilən tələbələrindən olduğu o illər elə uzaqda qalmışdı ki…
Toydan iki ay sonra – elə diplom müdafiəsinin axşamı aralarındakı söhbət arzularının, istəklərinin üstündən xətt çəksə də, onun əksinə getməmişdi. Evliliyin o qədər şirin çağıydı ki…
– İş deyirsən, səni başa düşürəm, amma evdə də iş az deyil, evimizə kim baxsın?
– Axı mən gecə-gündüz oxumuşam ki…
– Elə bilirsən işləmək asandır? Bilirsən nə qədər stress yaradır adamda… İnan, sənə qıymıram, sənə görə deyirəm.
– Mən…
– Mən yox, biz varıq, – deyib sözünü tamamlamağa qoymamışdı. Narını möhkəm-möhkəm qucaqlayıb elə qucağında fırlada-fırlada da qulağına pıçıldamışdı:
– Sənin işə ehtiyacın yoxdur. Mənim isə ancaq və ancaq sənə ehtiyacım var. Səni elə yaşadacam ki, hamı sənə qibtə edəcək…
Niyaz onu, doğrudan da, ilk illər elə yaşatdı ki, nə diplomu, nə də karyera qurmaq arzuları yadına düşdü… Sonra nə oldu, bilmədi. O, yavaş-yavaş dəyişdi. Niyə dəyişdi, nədən dəyişdi? Sevgi-məhəbbətlə dolu, hər istəyini anındaca yerinə yetirən o gülərüzlü insan getdi, yerinə sanki bir başqası gəldi…
Güzgünün qabağına keçib xeyli özünə baxdı. Gözündəki ifadədən özü də üşəndi. Düşündü ki, görəsən, dünyada onun kimi beləcə güzgüyə baxıb özü-özündən qorxan nə qədər insan var?
Özünə yazığı gəldi. Bu, mən deyiləm bəlkə? Bəlkə Niyazın belə olmasında da günah onun özündədir? Bəlkə, bəlkə…
Sürətlə evdən çıxdı. Elə bil güzgüdəki insandan qorxmuşdu. Dayanmadan gedirdi. Evlərindən bir az aralanmışdı ki, kimsə onu səslədi:
– Narın, nə olub, hara tələsirsən belə?
Başını çevirib onu səsləyən qonşusunu gördü. Leylanın həmişəki kimi üzü-gözü də, paltarı da sanki işıq saçırdı. Əynində arıq, incə vücudunu saran qırmızı paltar vardı.
– Heç…
– Necə heç? Özü də belə havada? Əynin-başın da belə nazik…
– Hə, tələsik çıxdım, geyinə bilmədim, – deyib ondan uzaqlaşmaq istədi. Qonşu qadınların çox da sevmədiyi, həmişə deyib-gülən, ən gözəl geyimlərini nümayiş etdirməkdən xüsusi zövq alan Leyla ilə danışmaq bu dəqiqə onun üçün ən böyük işgəncə ola bilərdi…
Uzaqlaşmaq istəsə də, Leylanın ondan əl çəkmək fikri yox idi.
– Dayan, sən xoşuma gəlmədin, nə olub sənə, – deyən Leyla sualına cavab almayıb tələsik özünü ona yetirdi. Əlini onun çiyninə qoyanda Narını qəhər boğdu, hönkürtü ilə ağlamağa başladı.
Leyla heyrət içindəydi. Kənardan az qala hamının həsəd apardığı bu ailədə görən nələr baş verir?
Narın boğula-boğula ancaq bunu deyə bildi:
– Leyla, mən daha dözə bilmirəm, Niyazla aramızdakı münasibət… Onunla heç nə danışmaq olmur.
– Nə oldu sizə?
Susaraq:
– Elə bilirsən mən kefdəyəm? Hamıda olur da…
– Yox, biz çoxdan… o çoxdan belədir.
– Kişilərin çoxu belədir.
– O, heç məni dinləmir ki..
– Bəzən kişiylə qadın arasında ağlımıza gəlməyən şeylər baş verir.
Sonra dünyada hər şeydən hali olan biri kimi rahat bir şəkildə tövsiyəsini verdi:
– Sən çalış özünə zaman ayır. Qızın da yoxdur burda. Evdə bütün günü oturub neynirsən ki?
– Necə?
– İşə başla, köhnə dostları axtar tap, görüş onlarla, əvvəlki Narını geri qaytar.
O anda dərindən nəfəs alaraq həkimin dediklərini yada salmışdı – uzaqlaşmaq, yeni mühit, yeni insanlar…
Leyla yenə nəsə deyirdi:
– Əsas cəsarətli ol, özünü geri qaytarmaq üçün bir addım at!
– Düz deyirsən, mən o addımı atmalıyam.
Leylanı qucaqlayıb öpdü və qayıdıb evə tərəf getdi.
Narın artıq qərarını vermişdi – gedəcəkdir burdan. Qoy heç Niyaz onun birdəfəlik getdiyini də bilməsin. Elə bilsin ki, qayıdacaq.
Həyəcanla axşamı gözlədi.
***
Həmişəki kimi axşam Niyaz işdən qayıtdı. Oturub iştahla yeməyini yedi. Gözlədiyindən fərqli olaraq:
– Gəl otur, birlikdə yeyək, – dedi.
Səhərki adam deyildi elə bil. Çay içəndə də əlini uzatdı, onun çoxdan sığal görməyən əllərini sıxdı. Bu gün çox qəribəydi Niyaz. Tərəddüdlə, çəkinə-çəkinə:
– Səninlə söhbət etmək istəyirəm, – dedi.
Bir az susub:
– Şirin hələ uşaqdır. Ondan çox narahatam. Yeri-yurdu necədir, qaldığı şərait necədir? Bilirəm, sən də narahatsan. Bəlkə on günlüyə gedim uşağa baş çəkim?
Bu sözləri deyənə kimi o qədər həyəcan keçirdi ki… Gözləyirdi ki, indi bomba kimi partlayacaq…
Niyaz onu bayaqkı qayğı ilə, mehribanlıqla süzdü:
– Düz deyirsən, mən də narahatam. O desə də, hər şeyi gedib gözünlə görsən yaxşıdır.
– Deməli, gedim?
– Əlbəttə, get.
Qulaqlarına inanmadı…
İstədi qalxıb onu qucaqlasın. Amma xatırladı ki, Niyaz daha belə şeyləri sevmir…
– Allah səndən razı olsun… Elə narahatam ki, nə yeyir, nə içir, kimnən oturub durur?
– Yox, sənə bu həftəyə bilet alaq, elə bu şənbəyə… Mən də gedərdim, amma işi qoyub çıxa bilmirəm.
Narın bu dəfə ürəyində Allaha sonsuz təşəkkür etdi ki, Niyaz işini qoyub onunla getmək istəmədi…
Artıq səfər hazırlığına başlamışdı. Niyaz da bu günlər tamam dəyişmişdi. Lap qəribə olmuşdu. Yeməklərini bəh-bəhlə yeyirdi. Həmin mehriban, istiqanlı Niyaz sanki nədənsə duyuq düşüb geri qayıtmışdı.
Bu söhbətin ardınca Narın:
– Paltarım çoxdur, – deyib təkid etsə də, güclə mağazaya aparıb ona geyimlər almışdı. Qayıdarkən maşını yolüstü qadın gözəllik salonunun qarşısında saxlayıb:
– Get ürəyin istəyəni elə, amma qızımızın yanına qəşəng get, – demişdi.
Narın bu baş verənləri heç cür anlamasa da, o gün saçlarını ən sevdiyi rənglə – açıq qəhvəyi rənglə boyatdırmışdı. Fikir verərdi həmişə – Leyla da saçını bu rənglə boyadırdı.
– Bir az tez gedək. Birdən yollarda tıxac olar.
Axşamdan hazırladığı yeməkləri bir-bir soyuducuya yığan Narın:
– Yeməyin çoxdur. Hazırlamışam, – dedi.
Sakit bir səslə:
– Ac qalma, – dedi və özünə də qəribə gəldi ki, Niyazın yeyəcəyindən-içəcəyindən niyə bu qədər narahatdır. Qəlbən küsdüyü insana bu qədər diqqət, mərhəmət hardandır?
Telefonu zəng çaldı. Şirindi. O da orda narahatdı.
– Hazırıq, elə beş-on dəqiqəyə atan məni aparacaq hava limanına. İnşallah, gecikmə olmaz…
– Gəl, mama, gəl…
Şirinin sözünü birdən yarımçıq kəsdi. Niyazın uzaqda olduğunu görüb pıçıltıyla dedi:
– Tamam yadımdan çıxıb, diplomumu da götürüm.
– Neynirsən axı, ay mama, burda o diplom nəyə yarıyar ki?..
Narın tutuldu. Şirinə hiss etdirməsə də, səsi titrədi:
– Orda boş dura bilmərəm, işləyərəm yəqin…
– İşləmək istəsən, iş taparıq. Sən təki gəl.
Yox, ruhdan düşmək olmaz. Gedəcək, diplomunu da aparacaq. Vaxt gələcək Niyaza da, elə qızına da sübut edəcək ki, o bu diplomu boşuna almayıb.
– Nə oldun? Çıxmırsan? – Niyaz onu səslədi.
Səliqə ilə diplomunu büküb çantasına qoydu. Son dəfə evə nəzər saldı. İllərini verdiyi bu evdə yaşadığı bütün gözəl və acı xatirələr bir-bir gözünün önündə canlandı. Niyazla keçirdiyi anlar, gülüşlər, mübahisələr, kədərlər…
Həyatında yeni bir səhifə açmaq vaxtıdır.
Yol boyunca Niyaz onun əlindən tutdu. O da əlini çəkmədi…
Uçuşdan əvvəl Niyaz onu qucaqladı. Narın o anlarda gözlərini yumdu. Çünki bu gözlərdə sevgiylə yanaşı kədər, küskünlük də vardı…
Artıq hər şeyi geridə buraxmağın, öz yoluna davam etməyin zamanı gəlmişdi.
Canı-ciyəri Şirin, yeni dostlar, yeni həyat onu gözləyirdi… Yeni bir yola çıxmışdı, nəhayət, onu qaranlıqdan azadlığa çıxaran, özünü tapmağa aparan bir yola çıxmışdı…
Uçuşa dəqiqələr qalırdı… Fikirləri qovur, bircə təyyarənin tez havaya qalxmasını istəyirdi. Bəlkə bundan sonra, buludların arasında özünün də anlamadığı o düşüncələrdən xilas ola biləcək.
Stüardessanın səsi gəldi:
– Telefonları söndürün. Kəmərləri bağlayın…
Əlini çantasına atdı. Diplomunun altından telefonu götürüb söndürmək istədi…
Bir səs gəldi. Mesaj idi. Niyazı bu yaxınlarda müayinə edən həkimdəndi. Açmaq istəmədi. Amma söndürmək də istəmədi. Tərəddüd və narahatlıqla açdı…
“Narın, özü bilməsin deyə sənə yazıram, vəziyyət heç də yaxşı deyil. Dilimə gətirmək istəmirəm – ondandır, həm də deyəsən, “bəd”indən… Mütləq sabah gəl, danışaq…
Stüardessanın baxışları altda telefonu söndürməmişdən qızına bir səs ata bildi:
– Şirin, mənə sabaha qayıtmağa bilet al. Gələndə deyərəm ətraflı…
______________________________________________________________________________
Səma Muğanna

Mən beşikdəmi, yaxud məzardamı doğulmuşam, xatırlamıram. Siz bilirsiniz məzar daşım neçə vaxtdır yuyulmur? Təbii ki, insanlar yuyulmur deyəcək, ancaq kənardan görün necə kobud səslənir?
Bəs yaxşı, məzar daşımda uyumuramsa, kimdir məni o kor-koranə olan qaranlıq küçədən səsləyən?
Zaman insanlar kimi qəddar deyil, amma dəyişkəndir. Ona toxunmayın ki, o da sizin keçmişinizə toxunmasın. İnsanın qaysaq bağlayan yaralarını opardıqca ah-naləsi tükənmir, amma zamanı bu maraqlandırmır. Zaman həyatımızda baş verən hadisələrin parçaları kimidir, sanki karton kağızına bənzəyir. Büküb atmağa çalışırıq, amma o yenə bizə geri dönür. Zaman da elədir. Zamana toxunduğunuz vaxt onun da sizin dünyanızı alt-üst edəcəyini bilin, çünki gənc qızın dünyasını məhv etdi.
2018-ci ildəyik, amma zaman bizi 2016-cı ilin qalın paltosunu çiyinlərinə alıb gözləyən yalqız payıza aparır:
Bu gün hava çox soyuq idi. Səmanın əlləri soyuqdan tir-tir əsirdi. Deyəsən, harasa gecikmişdi və çatmaq üçün tələsirdi. Səmanı “Ay kimi işıqlı qız” adlandırırlar. Nədənsə, heç kəs bilmirdi ki, Səma gecələri Ay ilə niyə söhbətləşir? Sanki öz balası, kiçik bacısı kimi onun gözlərimizi, hətta göz bəbəklərimizi kor edən simasına sığal çəkir.
Səma gözəl rəssamdır. Onun rəsmlərində də həmişə Ay təsvir olunurdu. Biz deyəndə ki, “Ay Səma, bəsdi də. Axı o Ay parçasında nə görmüsən?” özündən çıxar, möhkəm əsəbləşər, hətta bizdən küsərdi.
Səma kitab kimidir. Onu çözmək, anlamaq çox çətindir. Ta ki, o günə kimi..
Bərk yağış şiddətlə yağırdı. Bu gün yağışın göy üzündən küsüb hönkürtü çəkməsi də elə tam yerinə düşmüşdü. Axı niyə? Bu vaxt Səmanın telefonuna zəng gəldi. Səma heç vaxt telefonu səssizə qoymazdı, ancaq bu gün nədənsə səssizdə idi. Ümumiyyətlə, neçə gün idi ki, Səma qəribə davranırdı. Sanki bütün duyğuları dəyişmiş, ya da başqasının duyğularıyla qarışmışdı. İnsanın duyğuları heç vaxt itmir. Əgər bir insan ki, sevgidən uzaqdır, baxın, o çaynikdə qalan çayın dəmi kimi köhnədir. Solun üstünə deyil, qaynar çayın qəfildən əlimizə tökülməsi kimi alovludur, hirslidir. Əslində, bu sadaladıqlarım və insan xarakterini təsvir edir…
Telefonunu açmayan Səma yenə kağızın üzərində rəsm işləyir, lakin bu dəfəki rəsmi çox qarışıq və gizli görünürdü. Hiss olunurdu ki, o, çox həyəcanlı və gərgindir. Masasının üstü boya olsa da, diqqətini rəsmdən ayıra bilməyən Səma heç qapının döyüldüyünü də eşitməmişdi. Bir neçə dəfə qapı tıqqıldatdılar və qəfildən bərk yumruq kimi vuruldu, Səma o an rəsmindən ayrılıb qapıya tərəf yaxınlaşdı:
– Kimdir?
– Şükürlər olsun, Səma, sonunda gəlib çıxdın. Mənəm Ayşən.
– Ay,Ayşən, üzürlü hesab et. Gözlə, açıram qapını.
Səma qapını açdığında da fikirli idi. Onun gözlərindən oxunurdu ki,daxili dünyasında nələrsə baş verib. Ancaq Səmada belə bir xüsusiyyət var ki, onu analiz edəndə həmin insanlardan yalnız uzaqlaşır və həmişə də deyir ki, “mən bu dünyanın adamı deyiləm”
Ayşən içəri keçdiyi an Səmanın daxili dünyasında baş verən təlatümü hiss etmişdi elə bil. Divana keçib əyləşəndə Səmaya işarə edərək yanında oturmasını söylədi.
Səma keçib oturduğunda da, sanki tikan üstündə idi. Fikri masanın üzərindəki rəsmdə idiı. Baxır, ancaq gözləri Ayşəni izləyirdi
Gözlər yalan deyil, insanı yalanlarla dolduran, yalançı edən onun göz bəbəkləridir. Göz bəbəklərindəki işıq yalanı, xəyanəti ifadə edir, çünki göz bəbəkləri hər şeyi görüb. Səma rəsmə tərəf çevrilsə də, gözləri Ayşəni görməyə çalışır. Özünü inandırır ki, o, Ayşənə baxır.
Əslində, bu belə deyildi. İnsanlar parçalara bənzəməsə də, rəqəmlər kimi təkrarlana, ancaq gizli bir açar kimi də qorxulu ola bilərlər. Açar dedim, çünki onun açarı rəqəmləridir. Rəqəmlər də kodlarıdır. Bu kodların cavabını yalnız Səma bilirdi. Təəssüf ki, özünün də bundan xəbəri yox idi.
– Səma, yaxşısan?
– Hə, Ayşən, həm də çox yaxşıyam.
– Heç nəsə onu görmürəm.
– Niyə?
– Güzgüdə qalx bir özünə bax.
“Güzgüdə özünə bax” sözü Səmanın ürəyini dəlib-deşdi, çünki o, heç vaxt güzgüyə baxmazdı. Sanki baxarsa, bütün sehrli qüvvələr onun cəlladına çevrilib öldürəcəyini düşünərdi. Təəssüf ki, bu düşüncə tərzini yalnız özündə tapdığı üçün ən yaxınlarından belə gizlədirdi, amma bu gün gerçək duyğularını maskalanmış simasından gizlədə bilmədi. Divandan qəfil qalxıb təşvişlə Ayşənə dedi:
– Əgər güzgüyə baxarsam, cəlladım gələcək.
– Nə? Səma, nə danışdığın fərqindəsən?
Ayşən Səmanın dediyinə xeyli güldü və zarafat etdiyini düşünüb dedi:
– Sən ən yaxşısı başını gecələri rəsm üzərində çalışmaqla yorma. Bəsdi, ay qız, ağlından niyə elə fikirlər keçirirsən?
– Ayşən, yox! Yox! Anlamırsan məni.
– Əzizim, mən səni anlayıram. Sən ən yaxşısı həkimə görün, belə olmaz axı. Gəl, Səma, elə bu həftə gedək. Mənim tanış həkimim var. Yaxşı,
tanınmış psixoloqdur.
– Mən dəli deyiləm! -dedi və sıçrayışla yerindən qalxıb qaynar çayı üstünə tökdü. Bu zaman səsini belə çıxarmadan ayağından zərif
barmaqlarıyla yapışıb ağrını hiss etməmək üçün dişlərini bir-birinə sıxdı
– Neylədin sən! Dəli olmusan?
– Heç nə. Ayşən, xahiş edirəm boş ver.
– Necə yəni boş ver? Sənin bütün əsəblərin korlanıb. Yox ee yox, Səma, getməliyik, ancaq əvvəlcə ayağına baxaq. Mən sabah həkimlə
danışacam.
– Dedim axı sənə, istəmirəm! İs-tə-mi-rəm! Niyə anlamaq istəmirsən?
Mən dəli deyiləm! Əsəblərim də yerindədir. Deyirəm sənə ki, cəllad gəlib məni aparacaq. O gün yenə gəlmişdi.
– Səma, mən sənin yaxşılığın üçün deyirəm.
– Demə! Və indi evimi tərk et!
Ağrısı qüvvətli olsa da, Ayşənə o qədər hirsli idi ki, ağrını hiss etmirdi. Ayağa qalxıb Ayşəni çölə çıxartdı və qapını da birbaşa üzünə bağladı. Hönkürtü gəldiyini hiss etdiyində divarın bir küncünə qısılıb bərk ağladı. Başını qaldırıb göy üzünə baxdığında dedi:
– Göyün şahzadəsi Ay, hardasan axı? İnsanlar məni başa düşmür. Mən insanlardan qaçmaq istəyirəm. Nolar axı, al məni yanına…
Dediyi an etibarilə göy guruldadı və şimşək çaxdı. Səmanın ağrıları getdikcə çoxaldığından bu ağrılara tab gətirə bilməyib yatağına uzanmağı qərara aldı. Güc-bəla ilə də olsa, yatağına uzandı və anında yuxuya daldı…
İnsan bədənindəki ağrıları, yaxud ürəyindəki sızıltını hiss etdikdə tükənmir. İnsan milyonlarca insanın içində tənha olduğunu hiss etikdə ağlayır və bu ağrı-acı sadəcə tənhalığın lal dilinin söylədiklərinə çevrilir.
Tənhalıq nədir? Bu sualın cavabını bilirsiniz? Necə ola bilər ki, onun dili olmasın? Əlbəttə, var. Sadəcə siz görmürsünüz. Onun dili var, ancaq danışmır. Danışmadığı üçün də Səma bu ağrını bədənində hiss etdikcə daha da taqətdən düşürdü…
Səma dərin yuxudan oyandığında telefonu açıb dəfələrlə ona zəng olunduğunu gördü. Dostları, iş yoldaşları. Qəribədir ki, Səma bizim üçün bir neçə saatlıq yuxuya dalsa da, onun kainatında bu belə deyildi. Məhz o gün çarpayısından qalxıb pəncərəyə yaxınlaşdığında gecə olduğunu görən Səma yenə adəti üzrə Ay’ın simasına sığal çəkmək üçün barmaqlarını rəqs etdirdi. Zaman elə bil nə geridə, nə də irəlidə idi. Məhz bu günü yaşayırdı!
Səma masanın üzərinə yarımçıq qoyduğu rəsmə diqqətlə baxdıqdan sonra onu əlinə aldı və gözləri ilə izlədi. Rəsmdə bir gənc qız və göy üzündəki Ay təsvir olunmuşdu. Ancaq “Ay” zülməti işıqlandırmırdı. Onun işığı Günəşdə idi. Bəlkə də bu düşüncə tərzinə görə Səmanı “dəli” adlandırırdılar!
Diqqətlə Ay’a baxan Səmanı dünyasından bir neçə dəqiqəlik qapının zəngi ayırdı. Qapıya yaxınlaşıb: -“Hələ zülmətdir, padişah, sübhün kraliçası Günəş doğulmayıb. Ay ilə söhbətləşirəm. Mənə mane olmayın!” -deyən Səma yenə pəncərəyə yaxınlaşıb divarın bir küncünə kiçik körpə kimi qısılıb göy üzünü izlədi..
Bu zaman göy üzündə görünən Ay’ın simasında iki göz peyda oldu. Heyrətlənən Səma qorxudan divarın lap küncünə qısılsa da, amma bu möcüzənin necə baş verdiyini anlamaq istəyirdi. Masasının üzərində yarımçıq qalan rəsminə xeyli baxdı. Ətrafda hər yer səhər olsa da, onun gözləri hər tərəfi yalnız zülmətin şahzadəsi Ay’da görürdü. Rəsmini yavaşca əlinə alıb Ay ilə sanki söhbətləşməyə başladı. Qəribədir ki, Səma danışmasa da, əlləri ilə izah edirdi. Demək, tənhalığın dili olmasa da, ağrıyla, sızıltıyla danışdığı kimi, Səma da göz yaşlarını danışdırırdı…
Gözlərindən damla-damla axan damcıları belə görən Ay yağışı elə şiddətlə ağladırdı ki, hətta Səma heyrət içində idi. Əlindəki rəsm birdən-birə toz oldu. Səma hələ də bu duyğulardan çıxa bilmədiyi üçün qorxmadı, amma təəccübləndi. Ovuclarında kiçik bir kağız parçası peyda oldu və Ay göy üzündəki yağışın hönkürtüsünü kəsib ona işarə etdi. Qızcığaz məktubu açıb oxumağa başladı:
Əzizim Səma, sən məzar daşında, yaxud beşikdə doğulduğunun cavabını axtarırsan. Onun cavabı sənin özündədir. Bu məktubu yazan Ayın elçisidir. Bayaqdan Ay ilə söhbətləşirəm və mənə deyir ki, bu qız çox istedadlıdır və ürəyinin fırçası o qədər gözəl çəkir ki, məni belə valeh edir. Sən nə beşikdə, nə də məzar daşında dünyaya gəlmisən. Bəli, Səma, sənin dəhşətli, hətta acımasız bir cəlladın vardı. Onu deməkdə doğru etmisən, amma sən ondan qurtuldun! Sənin cəlladın yuxu idi. İndi sənə hər tərəf qaranlıq görünə bilər, amma qaranlıq deyil.
Səni təbrik edirəm, əziz Səma, Ay’a yazılan və illər boyunca cavabı tapılmayan kodun cavabını tapdın! “Ay” parıldasa da, daima yalnızlıq onu tükədirdi. Kodları birlikdə topladıqda bu cavabı aldıq: “Ay Tənha deyil, onu aydınladan Səması var!” göy üzünün Səması da sənsən, əziz Səma! Sən cəlladını öldürməyi bacardın və bununla birgə insanların basqısı altında olmaqdan da qurtuldun! İnsan ağrı-acı hiss etdiyində təkrarlanan keçmişinə baxmalıdır. Səma keçmişini unutmadı, amma yalan üzərində yaradıldığı həyatının parçalarını tapdı. Onları tapıb birləşdirdikdə də cavabı aldı: “Ay tənha deyil, çünki Göy üzünün Səması var”
O, keçmişlə indinin arasında qaldığını zənn etsə də, əslində, zaman da həyat kimi ona kiçik oyun oynadı. Bu oyunun qalibi olmadı. Bu oyunun dürüstlüyü bəlli oldu!
Samirə Əşrəf

Arzularda qalan şəhər “Yaşıl vadi”… – Samirə Əşrəf yazır
“Çəhrayı atlar tez-tez yuxuma girməyə başlamışdı. Elə tez-tez ki, bunun yuxu, yoxsa gerçək olduğunu ayırd edə bilmirdim…”
Yazıçı Şərif Ağayarın sayca üçüncü romanı “Arzulardan sonrakı şəhər” bu sözlərlə başlayır. Hələ uşaqlıq dövrünü yaşayan, yeniyetməliyə qədəm qoymaqda çətinlik çəkən Həsənin yuxularını və düşüncələrini çəhrayı rəngli atlar işğal edib. Həsən bu işğaldan narahatdır. Çünki onun yuxusuna girən atlar ağızları dəmir məftillə bağlı olduğundan ot yeyə, su içə bilmirlər, əzab çəkirlər. Məftilin çənələrində açdığı yaralardan qan süzülür və Həsən uşaqlığının ən qayğısız illərində dilsiz-ağızsız heyvanlara qarşı insanlar tərəfindən edilən zalımlığı heç bir zaman unuda bilmir. Elə həmin zülmün ərşə qalxması, çəhrayı atların səssiz-səmirsiz fəryadı Həsəni məcbur edir ki, xəyalən də olsa, özü üçün yaman, rəhimsiz insanların olmadığı, pisliklərdən arınan bir şəhər yaratsın. Elə bir şəhər ki, orada ölüm-itim olmur. İnsanlar qayğısız, mehriban yaşayırlar. Hətta ağaclardakı yarpaqlar da tökülmür. Həmin şəhərin sakinləri üçün bircə qayda var. Xeyirxahlıq!
Həsən ümid edir ki, özü də daxil olmaqla Arzulardan sonrakı şəhərin digər sakinləri bu şəhərdə yalnız yerinə yetən arzularla yaşayıb, xoşbəxt olacaqlar. Arzulardan sonrakı şəhərin adı Həsənin arzularına və sevdiyi insanların əməllərinə görə dəyişir. O, həmin şəhərə “nənəmin əlləri”, “Kiyev”, “Mərmər”, “Mehribanlıq” kimi müxtəlif adlar seçir. Sevdiyi qız Gülsümü isə həmin şəhərin şahzadəsi edir. Şəhərin müqəddəsliyinə və təmizliyinə xələl gətirən adamlar və adlar dərhal onun xəyalından silinir.
Həsənin xəyal dünyasında baş verən düşüncələrin nizamını pozan bir nənə “Miss-154” də var. Nənə kifir, davakar, hövsələsiz, hikkəli, yeri gələndə öz xeyrini güdəndir. Ancaq o, həm də mehriban, canıyanan, ürəyi yumşaq, özünü fəda etməyi bacaran qadındır. Həsən bu dünyada yaxşılıq adına hər şeyi nənəsinin əllərindən görür. Ən çətin, kədərli anlarında nənəsinin isti, şəfqət dolu əllərinə sığınır.
“Bircə əlləri gözəldir. Elə yumşaq, elə isti, elə məhrəmdir ki! Onun əlləri olmasa, bir gün də yola getmərik. Ən hirsli vaxtımda “mənim balam!” – deyib saçlarıma sığal çəkdimi, o saat mağıllayıram. Nəsə bir hikmət var nənəmin əllərində. Sirrini aça bilmədiyim dərin bir hikmət. Mən nənəmin əyri ayaqları, donqar beli, sallaq döşləri, yaylığının altından çör-çöp yığını kimi sağa-sola çıxan, darağa, sığala yatmayan cod saçları, qumbara partlayan ağzı, qoz ləpəsinə oxşayan üzüylə deyil, hələ də cavanlıq təravətini itirməyən əlləri ilə qohumam. Nənəmi bütöv bir qlobus kimi təssəvvür etsək, mənim vətənim onun əlləridir. Şimallı-cənublu iki vətən!”
Qadın bədəninin ən məhrəm hissəsi onun bətnidir. Hər bir qadın hələ yeniyetməlik dövründən anlayır ki, bətni onun gələcəyi və davamıdır. Bunun üçün də daima özünü istidən, soyuqdan, zərbədən qoruyur. Əyləşəndə, uzananda, hətta yol gedəndə belə həmişə əllərini öz bətni üzərində çarpazlayır. Bəlkə də elə buna görə hər qadının bətnindəki istilik onun əllərinə hopur. Həmin istilik övladının başındakı tumarda, hirslənərkən yanından götürdüyü çimdikdə, hazırladığı xörəyin hərarətində belə duyulur və uşaqların yaddaşında özünə həmişəlik yer edir.
Məhz bu səbəbdəndir ki, anasını erkən itirən Həsən nənəsinə və onun əllərinə tapınır. Onun içindəki qadın, ana sevgisi nənəsinin əllərində təzahür edir.

“Başımı nənəmin dizinin üstünə qoydum, gözəl və sevimli əlləri saçımda, dodağımın yarasında gəzdikcə içimi qəribə bir kövrəklik bürüdü.
“Nənə, mənə anamdan danış…”, – deyib gözlərimi yumdum, bir gilə yaş dığırlanıb üzümə düşdü. Nənəmin dizinin astaca titrəməsindən onun da səssiz ağladığını hiss etdim”.
Müəllif nənə obrazını bu cür incə detallarla vurğulamaqla həm də kənardan hikkəli, yaman, davakar görünən, ətrafa o qədər də xoş təsir bağışlamayan insanlar haqqında düşüncənin yalnış olduğuna işarə edir.
Nəvəsini qorumaq, kimsəsizliklərini heç kimə hiss etdirməmək, öz içindəki dərdləri büruzə verib, özünü ələ verməməkdən ötrü nənənin yaratdığı, ifritələri xatırladan eybəcər obraz yanağından dığırlanıb Həsənin üzünə düşən bir damla göz yaşı ilə məhv olur. Oxucu burada qızını gənc ikən itirmiş, bu itkinin bədbəxtliyində payı olan doğmaca qardaşı ilə düşmən olub dəfninə gedə bilməyən, dəfni kənardan ağlaya-ağlaya izləyən pilə ürəkli qadınla tanış olur.
Və bu tanışlıq oxucunun nənə haqqında yaranan təəssüratında dərin bir peşmançılıq yaradır.
Həsən nənəsinin əllərini özünə vətən seçdiyini düşünsə də, əslində o, nənəsinə, onun varlığına ana kimi, vətən kimi sığınır, ona öyrəşir. Nənə Həsənin keçmişinin, ən gözəl xatirələrindən qalan yeganə yadigarıdır. Buna görə də o, nənəsi ilə nə qədər dalaşıb atışsa da, söz güləşdirsə də, yenə də onu sevir, onsuz yaşantısının mənasız olacağını dərindən hiss edir.
Ana, vətən və məkan yoxluğu nənə əlləri ilə assosiasiya olunsa da, çəhrayı atlarla deformasiyaya uğrayır. Anasının ölümündən sonra Həsənin yuxusuna çəhrayı atlar girməyə başlayır. Həsən yuxuda atların qoxusunu da hiss etdiyini və həmin qoxunun anasının qoxusuna bənzədiyini deyir.
Həsən nənəsini anası qədər çox sevsə də, qoxusu ilə bərabər yadında qalan anasını unuda bilmir. Anasının atlara minəcəyi günə qədər Həsəni böyüdə bilməməsi onun uşaq qəlbində ağrılı nisgilə çevrilib. Digər tərəfdən isə Həsənin böyüyüb at çapacağı dərələr, düzəngahlıqlar, dağların ətəyi də artıq yoxdur. Oralar düşmən tərəfindən işğal olunub, dağıdılıb.
Bu səbəbdən çəhrayı atlar həm də Həsənin işğal olunmuş torpağını, məkansızlığını simvolizə edir. Həsən yuxusuna gələn atlardan ayrılmaq istəməsə də, oyanandan sonra onları xatırladıqda əzab çəkir. İnsanların atlara qarşı olan rəhmsizliyi onun uşaq düşüncəsini, psixologiyasını zədələyir.
Həm vətənin, həm də ata-ananın yoxluğu çəhrayı atların yuxular aləmində görsənməsi ilə Həsənin daxili aləmini çalxalayır. O, bu qədər yoxluqla, itkilərlə barışa bilmir. İtki, ayrılıq, nisgil olan yerdə isə yuxular da narahat olur…
“Arzulardan sonrakı şəhər” romanında paralel dünyalar və həmin dünyaların qəhrəmanları var. Biri xəyalları, arzuları, ümidləri ilə var olan Həsən, digəri isə vaxtilə öz qəbiləsinin igid cəngavəri olub, sonradan Misir fironunun minlərlə köləsindən birinə çevrilən Amanisdir.
Amanis öz qəbiləsində xoşbəxt ömür sürür. Onun qəbiləsi digər qəbilələrdən güclüdür. Hətta o qədər güclüdür ki, bu güc başqa qəbilələrin məkanlarını işğal edib, insanlarını kölə etməyə qadirdi. Amanisin gözləri qarşısında zalımcasına yarğandan atılıb qətlə yetirilən kölə uşaq onun yaddaşında özünə yer edir. O, heç bir vaxt Xaxas xəndəyindən yarğana atılan balaca oğlanı unutmur. Həmin uşağın xəyalı daima onu izləyir. Amanis özü köləlik həyatına məhkum olanda bütün varlığı ilə əmin olur ki, həmin oğlanın səssiz naləsi, onun anasının ahı, fəryadı lənətə çevrilib onların qəbiləsini məhv edib.
Amanisin Misir fironunun köləliyində keçən günləri məşəqqətli və dözülməz olur. O, tez-tez əsir alıb öldürdüyü mizraqçının gözəl və bədbəxt qadınını xatırlayır. Qadının onunla həm instiktiv həzlə, həm də əzabla sevişməsi əsirlikdə olarkən Amanisə əzab verir. O, qeyri-ixtiyari qəbiləsi ilə birgə əsir alınıb aparılmış arvadı Miladesi xatırlayır, qadının sonrakı aqibətini mizraqçının arvadının aqibəti ilə müqayisə edib sarsılır.
Amanisin Misirdəki kölə həyatı sizif əməyini xatırladır. Bu taledən nə qaçmaq, nə də xilas olmaq mümkündür. Kölələr üçün hətta ölüm seçimi belə verilmir.
Bəzən Amanisin firon tərəfindən zülmə tabe edilməsi yadımıza həm də İsa Məsihin əzablarını salır.
Amanis bilir ki, başını divara çırpıb özünü öldürməyə cəhd etsə və ölə bilməsə, onu ölümdən də ağır cəza gözləyəcək. Buna görə də o, ümidlərə sarılaraq günün birində köləlik boyunduruğundan qaçmaq və xilas olmağa cəhd edir. Lakin bu cəhd onun sonu olur.
.jpg)
Şərif Ağayarın digər nəsr əsərlərində olduğu kimi “Arzulardan sonrakı şəhər” romanı da insandan bəhs edir. Yazıçı bu romanı ilə ən ali varlıq olan insandan tutmuş, xırda bir həşərata qədər hər bir canlının yaşamaq haqqının müdafiəsinə qalxır. Ağzı bağlanıb əzaba düçar olan atların günahı onlara zülm verən insanların sonrakı nəsillərini haqlayır.
Tarix təkrar olunur. Amanis kimi Həsənin də eli qaçqın düşür, obası yandırılır. Əsərdə Tanrı rolunu icra edən Şərif Ağayar başqa qəbiləni talayıb qadınlarını gözü yaşlı qoyan “Yaşıl vadi” insanlarını cəzalandırsa da, onların qəhrəmanı Amanisi bağışlamasa da, Həsənə toxunmur. Yazıçı qələminin ölümcül zərbəsi Həsəndən yan keçir. Özünə arzulardan sonrakı şəhər quracaq qədər təmiz, ləkəsiz olan Həsən yetimlik çəksə də, torpaqsız qalsa da, yalan danışmır, insanları sevir, onların ağrılarını dərindən duyub, onlar üçün kədərlənir. Bu kimi səbəblərdən yazıçı yeniyetməliyə ayaq qoyan qəhrəmanını diri saxlamağa, qorumağa cəhd edir, onu ölməyə qoymur. Xəyallarında qurmuş olduğu arzular şəhərinə “Yaşıl vadi” adını verən Həsən həm də gələcəyə göndərilən yaxşı əməllərin daşıyıcısına, simvoluna çevrilir. Onun hamıdan qoruyub-gizlədiyi şəhəri isə xəyallarda və arzularda qalır.
___________________________________________________
Aysel Şıxlı haqda bir neçə söz – Reyhan Yusifqızı yazır

Aysel haqqında birinci dəfədir yazıram. Ayselin şəkil çəkməyi sevən balaca qızdan fəal oxucuya, sonra isə istedadlı yazara, rəssama dönüşməsini illərlə müşahidə edən biri kimi onun bugünkü uğurlarının təsadüfi olmadığını deyə bilərəm.
“Mənəm, Yusif” hekayəsi ilə imzasını tanıtmış Aysel Şıxlınn ilk romanı – “Qanadsız Mələk” gənclər tərəfindən böyük maraqla qarşılandı. Əvvəla ona görə ki, müasir Azərbaycan gəncləri bu əsərdə özünü gördü. Səhvləri və düzləri ilə, necə varsa elə. Həmçinin kitabın nəfis tərtibatı, müəllifin özü tərəfindən işlənmiş üz qabığı, axıcı dili və orijinal üslubu diqqəti cəlb edirdi. Bu səbəblərdən qısa müddətdə kitabın tirajı bitdi və təkrar nəşr olundu.
23.09.23 tarixində “Libraff” kitab evində romanın ikinci nəşrinin təqdimatı və müzakirəsi oldu. “Yazmağa davam edirəm. Fərqli janrlarda özümü sınayıram. Daha uğurlu işlərim var və olacaq”, – Aysel Şıxlı dedi.
“Mən sənə uğurlar arzulayıram, Aysel. Arzu edirəm ki, “Şıxlı” imzasını uğurla davam etdirəsən. İri həcmli əsər yazmaq həm bacarıq, həm də cəsarət tələb edir. Sən çox cəsarətli qızsan!” Elçin Şıxlı.
“Əsəri oxuyuruq və özümüzü görürük. Sanki güzgüyə baxırıq. Oxuyanda mənə o qədər doğma gəldin ki… Uğurların daimi, yolun açıq və aydın olsun!” Vüsalə Babayeva.
“Sən bizim fəxrimizsən, Aysel. “Mənəm, Yusif” hekayəsini oxuyanda bildim ki, sən gözəl yazıçısan” Səbinə Yusif.
Qeyd edim ki, gənc yazarın ikinci kitabı: “Arzuların səyahəti” artıq nəşr olunub və tezliklə təqdim olunacaq. “Kitabın illüstrasiyalarını özüm çəkəndə fikirlərimi oxucuya daha yaxşı ötürürəm”, – deyən Aysel bu kitabın bütün illüstrasiyalarını özü işləyib. Müasir rəssamların işlərini, kitab illüstrasiyalarının inkişaf trendini izləyən müəllifin çəkdiyi illüstrasiyalar da fərqlidir.


İradə Əlili

BİR ÇİÇƏK İSTƏMİŞDİM…
Bir çiçək istəmişdim o gün. Yalnız bir çiçək. Bəzən coşan, bəzən kövrək olan könlüm, bir çiçək istəmişdi… Məni ovunduracaq, bir anlıq da olsa, bir günlük də olsa dərdlərimi könlümdə susduracaq bir çiçək istəmişdım, bir çiçək gözləmişdim… Bəlkə o çiçək, həmin o mən gözlədiyim çiçək də mənim əllərimin hərarətini istəmişdi, o da gözləmişdi onu gözələyən bir titrək əllərdə nə zaman qonaq olacağını, o əlləri sevindirəcəyini. Onu gözləyən o titrək əlləri isitmək üçün, ovundurmaq üçün bəlkə onun da gözləri yolda qalmış, o da həsrət çəkmiş, bəlkə o, özüdə tənhalıqda qalaraq onu gözləyən zərif əlləri düşünmüşdü və ağlamışdı… Bəlkə o da bu titrək əllərin həsrətindən acı çəkmişdı, qəhərlənmişdi. Ləçəkləri solmuş, yarpaqları saralmışdı…Ömrünün payızı vaxtsız gəlmişdi…
Bir çiçək istəmişdim, yalnız bir çiçək…
______________________________________________________
Məlahət HÜMMƏTQIZI
Həkim-yazıçı

“Sürpriz” – Məlahət Hümmətqızının hekayə
1983-cü ilin yayı idi. Məktəbdən yenicə tətilə çıxmışdıq ki, atam Kəlbəcərə, “İstisu” sanatoriyasına istirahətə gedəcəyimizi söylədi. “Sanatoriya” sözünü eşitcək elə bil qurbağa gölünə daş atıldı. Qardaşlarımla bir-birimizə baxışdıq. Məndən üç yaş böyük qardaşımın qaşları düyünləndi. Otaqda var-gəl etməyə başladı. Barmaqlarını ovcuna sıxıb rinqə çıxan boksçular kimi bir neçə dəfə digər əlinə çırpdı. Getmək istəmədiyini sözlə deyil, hərəkətləri ilə bildirdi. Mənə baxıb başını yellədi, yəni bu nə məsələdi? Planlarımız alt-üst olmuşdu. Təcili bir şey etmək lazımdır ki, bizi özləri ilə aparmasınlar. Ürəyimdə plan cızanda atam bildirdi ki, qardaşlarım nənəmlə və xalamla Bakıda qalacaqlar, bircə mən gedəcəyəm.
Sanatoriyaya getmək, rəfiqələrimdən ayrılmaq istəmirdim. Sanatoriyanın duzsuz, dadsız yeməklərini yemək, lax yumurta iyi verən suyunu içmək istəmirdim. Rejimlə yatmaq, rejimlə durmaqdan zəhləm gedirdi. Pijamada gəzən qoca kişilər, yaşlı qadınlar arasında nə edəcəkdim? Keçən yay tətilində sanatoriya sərgüzəştlərini dadmışdım. Oynamağa uşaq belə yoxdu. Dərman, xlor iyi verən otaqlar, dəhlizlər ürəyimi bulandırırdı. Xəstəxanadan fərqi yoxdu. Hələ ağ xalatlı, üzü daim güləş həkimlərin, tibb bacılarının əlindən bezmişdim. Mənə vitaminləri elə məharətlə içirdirdilər ki, gəl görəsən. Əllərindən lap təngə gəlmişdim. Qaçıb gizlənməyə yer axtarırdım. Mən sanatoriyanı heç sevməmişdim. Yox, bu dəfə bilə-bilə sanatoriyaya getmək dəlilikdi. Bütün bəhanələri işə salmışdım. Başım ağrıyır, qarnım ağrıyır, halsızam deyərək bəhanələr gətirir, zır-zır zırıldayır, evdə hər kəsin iştahını qaçırmışdım. Nə olur olsun, rayona, sanatoriyaya getməkdən yayınmaq istəyirdim.
Atam xasiyyətimə və nadincliyimə bələd olduğundan məni evdə qohumlarımıza tapşırıb getmək istəmirdi. Bilirdi, nəzarətsiz qalsam, bir xata törədəcəm. Ona görə bu “dəli qızı” özüylə aparmağa məcburdu.
Avqust gəldi. Anam yola hazırlıq görürdü. Atam axşam işdən qayıdanda qapını açan anam gözlərinə inanmamışdı. Atamın ayağının altında nəhəng qarpızı görüb mat qalmışdı. Təngnəfəs olan atam bir neçə dəqiqə danışa bilməmişdi. Qarpızı beşinci mərtəbəyə sürücüsü ilə birgə qaldırmışdı. Anam: “Bakıda bundan yekə qarpız tapa bilmədin?”- deyib gülmüşdü. “Adil həkim zəng vurmuşdu, dedi gələndə böyük bir qarpız gətir. Güclə tapmışam. İyirmi kilodu. Yəqin qonaqlıq edəcək”.
Artıq Kəlbəcər səfəri ciddiləşmişdi, atamın dediyinə görə, gələn həftə yola çıxacaqdıq. Qarşıda bir həftə vardı. Bilirdim ki, nə etsəm xeyri yoxdu, atam məni aparacaqdı. Mən də niyyətimdə qərarlı idim, getməmək üçün yeni bəhanələr fikirləşirdim. Birdən ağlıma qəribə fikir gəldi. Qarpız! Uşaqcasına fikirləşdim ki, qarpızı korlasam, atam hirslənib mənə acıqlanacaq, mən də küsüb rayona getməyəcəyəm. Qardaşlarım axşam evə yığışanda onlara futbol oynamağı təklif etdim.
– Necə? – deyə kiçik qardaşım soruşdu, – axı topumuz yoxdu. Mama gizlədib ki, şüşə sındırmayaq.
Mən:
– Narahat olmayın, topumuz var, – deyib qarpızı dığırladıb ortalığa gətirdim.
Uşaqlar təəccüblə qarpıza baxdılar:
– Qarpızla futbol oynayacağıq? Buna təpik vursaq, ayağımız qırılar.
– Biz ayaqla deyil, əllə oynayacağıq. Mən sizə dığırladacağam, sizsə mənə. Hətta oturdu da oynaya bilərik. Kim tez otursa, o qalib olcaq, – deyib onları həvəsləndirdim.
Uşaq ki, uşaq. Necə sadəlövh imişik… Beləliklə, atam işə, anam dükan-bazara gedən kimi oynumuza başlayırdıq. Qarpız dığırlandıqca balaca qardaşım, gülür, sevinirdi. Hərdən qarpız şkafın küncünə də dəyirid, onda narahat olurdum, nə olur-olsun, qarpız partlamamalı idi.
Günlər ötdükcə yeni oyunlar fikirləşir, qarpıza qarşı sui-qəsd planımızı yerinə yetirirdik. Yazıq qarpızın başına olmazın oyunlarını gətirirdik. Bostanın dinc pələngi artıq dilə gəlmişdi, dığırlandırdıqca içindən səs gəliridi. Artıq qorxmağa başlamışdım. Şux yaşıl rəngli qarpız tündləşmişdi. Artıq qarpızın atasını yandırmışdıq, atam onu qaldıranda içinin töküldüyünü anlayacaq, məni cəzalandıracaqdı.
Sən saydığını say, gör fələk nə sayır? Yola çıxacağımız gün atamın vacib işi çıxdı. Bizi sürücü ilə göndərəcəyini, yolda bizə yetişəcəyini bildirdi. Bütün planlarım alt-üst olmuşdu. Mən nə edəcəyimi bilmirdim. Hirsimdən barmaqlarımı dişimlə gəmirirdim. Artıq olacağa çarə yoxdu.
Atam Kəlbəcərin enişli-yoxuşlu, burma-burma dağ yollarında qalmayaq deyə, arxamızca “Niva” maşını göndərmişdi. Dediyinə görə, dağa yalnız o çıxa bilərdi. Sürrücü çətinliklə də olsa qarpızı qucağına götürüb maşının baqajına qoydu. Anam lazım olan əşyaları çantaya yerləşdirib qapıda qardaşlarımla, nənəm və xalamla görüşdü.
– Ana, uşaqlar sənə əmanət, onlardan muğayat ol. Sağlıqla qalın, görüşərik inşallah, – dedi.
– Get, uşaqlardan arxayın ol, qızım, oğlanlar sakitdir, saxlamağa nə var ki? Sən o yanındakı keçidən ehtiyatlı ol, dağ yeridi, yıxılıb eləməsin, – mənə baxıb güldü, sonra könlümü almaq üçün qucaqlayıb üzümdən öpdü.
Nənəmin sözlərindən incimədim, əksinə hamımız gülüşdük. Anamla maşına mindik. Hava açılmamış ertədən yola çıxdıq. Yol boyu nə anam danışdı, nə də mən. Uzanan yollara baxıb xəyala daldım. Hərdən mürgüləyirdim. Maşın dağların qoynuna qalxanda günəşin al-əlvan şüaları üz-gözümü qıdıqlayıb məni yuxudan oyadırdı. Yuxulu gözlərimi açıb günəşə baxır, yenidən huşa gedirdim. Bir də ayılanda qabaq oturacaqda atamı görüb təəccübləndim. Atamın yolda bizi haxlamağından xəbər tutmamışdım. O, sürücü ilə şirin söhbət edir, anam da qulaq asırdı. Mən pəncərədən az qala buludlaracan qalxan dağlara, sıldırım qayalara baxıb vahimələnrdim. Macəra filminin içinə düşmüşdüm sanki. Özümü qorxulu filmlərdəki kmi hiss edirdim. Pəncərədən aşağı, dolanbac yollara baxıb, tez də gözlərimi yumurdum. Maşınımızın dərəyə aşacağından qorxurdum. Yüksəkliyə qalxdıqca ürəyim bulanırdı. Yolda bir neçə dəfə qaytardım da. Maşın dağın başına qalxdıqca halım pisləşirdi. Anam təzyiqimin yüksələcəyindən qorxurdu. Özünə götürdüyü dərmandan mənə də içirdi. Atam tez-tez maşını saxlatdırır, “bir az da döz, çatırıq”, – deyib məni sakitləşdirməyə çalışırdı.
Gözlərimi açanda anamı başımın üstündə gördüm. Göz yaşlarını gizlətməyə çalışırdı. Qulağıma yad adamın səsi gəliirdi. Deyəsən, sanatoriyanın baş həkim idi, mənə baş çəkməyə gəlmişdi. Atam onun haqqında çox damışmışdı deyə, ağlıma gəldi ki, gələn o olacaq. Yanılmamışdım. Həkim yaxınlaşıb alnımdan öpdü. Üzünü atama tutub:
– Müəllim, maşallah, Allah saxlasın, gül baladı. Şükür, yaxşıdır. Bizim dağlara qalxmaq hələm-hələm adamın işi deyil, – dedi, – dur ayağa, mənim balam, bu cənnət məkanda xəstələnmək olmaz, insanlar buraya şəfa tapmağa gəlirlər. Havaya çıx, özünə gələcəksən, – üzünü atama tutub davam etdi, – sabah axşam qonağımsınız. Qarpız yaddan çıxmasını ha… – deyib bərkdən güldü.
Ürəyim qopdu, qarşıda məni nə gözlədiyini təsəvvür etməyə başladım. “Başıbəlalı”qarpızı atamdan istəyən bu adammış və mənim üzümdən atam bu mehriban insanın yanında xəcalətli qalacaqdı. Çox peşmandım, amma daldan atılan daş topuğa dəyər.
Qonaq atamla bir az söhbət edib getdi. Az sonra valideynlərimlə sanatoriyanın həyətinə çıxdıq. Xeyli gəzdik, yerin altından qaynayıb çıxan “İstisu” bulağının dupduru suyundan içdik. Təbiətin çəkdiyi füsunkar mənzərə gözlərimizi qamaşdırırdı. Həkimin dediyi kimi, bura şəfa qaynağı idi. Gömgöy səmada süzən nəhəng qartallar bu əsrarəngiz diyarda insana bir əfsanə, nağıl ovqatı bəxş edirdi. Göz qamaşdıran, göylərəcən ucalan dağlar, sivri qayalar, gen dərələr, özünü dağ başından atan və ətrafa inci səpələyən şəlalə qeyri-adi mənzərə yaradırdı. Əlimi alnıma qoyub sanatoriyanın həyətindən yüksəkdə hərəkət edən avtobuslara baxmaqdan yorulmurdum. Hərdən elə bilirdim ki, başqa zamana, mistik bir ölkəyə düşmüşəm, sehrli xalatın köməyilə. Bir də “Taxtabazar” adlanan alış-veriş yeri müasir çağımızın göstəricisi idi. Yerli və xarici qonaqlar hökmən o bazara baş çəkir, yadigar olaraq suvenirlər alırdılar. Yüksəkliyə qalxarkən təzyiqimin yüksəlməyindən qorxan valideynlərim “Taxta bazar” arzusunu ürəklərində saxlamışdılar. Amma yaxşı ki, getməkdən vaz keçmişdilər. Yollar çox dar, təhlükəli idi. Avtovuslar hərəkət etdikcə yol kənarından xırda qayaların qopub dərəyə düşdüyünü görürdük.
Buranın havası da qəribə idi. Gün ərzində bir neçə dəfə üzü dönürdü. Qəfil göyün üzünü qara buludlar alır, göy guruldayır, yağış yağırdı. Daldalanmaq üçün hərə bir tərəfə çəkilirdi. Sakit yağmağa başlayan yağışın ardınca göy şaqqıldayaraq gurultu qoparır, yer-göy lərzəyə gəlirdi, dağ-daş zəngi çalırdı. Gurultu kəsilincə yağış şırıltısı simli orkestr kimi səslənirdi. Sonralar Şopenin “yağış” valsını dinləyəndə hər dəfə o günlərin əks-sədasını eşidirmiş kimi olurdum. Göy son akkordlarını nöqtələyib yeddi rənglə bərq vururdu. Göyqurşağı deyilən möcüzəni ilk dəfə Kəlbəcərdə gördüm. Yağışdan sonra güllərin, çiçəklərin rayihəsi aləmi bürüyürdü. Sanki havaya yasəmən və qızılgül ətri çilənirdi. Hiss olunurdu ki, hava istər-istəməz insanın ruhunu ağuşuna alır.
Axşam filmlər nümayiş olunurdu. Azı üç-dörd dəfə tamaşa etdiyim “Bobbi” adlı hind filmi ucqar dağların başına qədər gəlib çıxmışdı.
Kəlbəcərdə gördüyüm hər şey mənə maraqlı gəlirdi. Turistlərin sayı-hesabı yox idi. İnsanlar arı kimi qaynaşırdılar. Səhərlər bulağa enir, lüləkli stəkanlarla istisu içirdik. Gün ərzində valideynlərim “istisu “ müalicəvi vannaları, naftalan vannaları qəbul edir, masaj, fizioterapiya prosedurları götürürdülər.
Demək olar ki, Kəlbəcəri qarış-qarış gəzdik. Dağ döşündə görünən yamaclar, ətəklərində bitən çiçəklər bizi heyran etmişdi. Bir xeylax gəzib gülləri, çiçəkləri iylədik. Anam bildiyi, tanıdığı otlardan, çiçəklərdən yığdı. Atam da arıçılardan bal almağı unutmadı.
Həmin günün axşamı Bakıdan gətirdiyimiz sovqatı götürüb baş həkimin evinə qonaq getdik. Tərslikdən atam bu dəfə də qarpızı aparmağı sürücüyə həvalə etdi. Ev meşənin düz ortasındaydı. Dağ döşündən axan şəlalənin səsi evdə aydın eşidilirdi. Dağ o qədər yaxından görünürdü ki, elə bilirdin, əlini uzatsan, dağa, şəlaləyə toxunacaq. Həkim atamın şəniniə qonaqlıq təşkil etmişdi. Süfrədə bizdən başqa bir neçə qonağı da vardı. Məclis çox gözəl və şən keçirdi. Bakıdan gələn qonaqlara sağlıqlar deyilir, badələr qaldırılırdı. Nəhayət, yeməkdən sonra süfrəyə təmtəraqla Bakı sovqatı gətirildi. Qarpızı görəndə halbahal oldum, ürəyim həyəcandan atlanıb-düşürdü. Süfrə başında əyləşən qonaqların gözü həkimin əlindəki bıçaqda idi. Həkimin kefi saz idi, ayaq üstə güclə dururdu. Həkimin bıçağı qarpıza toxundurmağı ilə qarpızın bomba kimi partlamağı bir oldu. Qarpızın qıpqırmızı şirəsi fəvvarə kimi ətrafa sıçradı, adamların üz-gözü, üst-başı bulaşdı. Ətraf qarpız gölünə çevrildi. Gözlənilməz partlayışdan həkim özünü itirmişdi, nə baş verdiyini bir anlıq anlamadı. Gülməli səhnə yaranmışdı, məclis əhli süfrədən qalxıb üst-başını təmizləyirdi. Atam nə baş verdiyini artıq anlamışdı və üst- başını təmizləyə-təmizləyə əsəbi halda mənə baxırdı. Həkim də ayılan kimi olmuşdu, atamın baxışlarından nəsə hiss etmişdi. Həkim mənə baxıb qəfildən qəh-qəhə çəkdi. Çox keçmədən qonaqlar da ona qoşulub gülüşdülər, atam da gülürdü. Ürəyim yerinə gəldi, qurtulmuşdum. Qeyri-ixtiyari gülüşlər mənə də sirayət etdi. Mən də gülürdüm. Ürəyimdə isə özümü danlayırdım, təxribat planına gərək yoxmuş, yaxşı ki, atam məni Kəlbəcərə gətirmişdi. Qardaşlarıma, rəfiqələrimə nələr danışacaqdım, nələr…
Hazırladı: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
