Azərbaycan.media xəbər verir ki, Fəridə Aslanova müharibələrin dinc insanlara, xüsusilə uşaqlara vurduğu ağır zərbələr barədə emosional fikirlərini bölüşüb.
O bildirib ki, məlum müharibə fonunda İranın Minab şəhərində yerləşən məktəbə raket düşməsi və nəticədə 100 – dən çox qız uşağının həlak olması ilə bağlı yayılan məlumatlar insanlıq adına böyük faciədir.

“Bu ürəkdağlayıcı mənzərəyə görə bütün dünya utanmalıdır. Elə bir zamana gəlib çıxmışıq ki, itin-pişiyin balasına yazığı gələn insanın niyə insana yazığı gəlmir? Dünya qan çanağına dönüb. Dirilər ölülərin dərdini çəkə-çəkə sanki diri-diri gömülürlər”, – deyə jurnalist qeyd edib.
Fəridə Aslanovanın sözlərinə görə, milliyyətindən, dinindən və irqindən asılı olmayaraq, uşaqların həlak olması hər kəs üçün böyük ağrıdır:
“Haradasa bir körpənin canına qıyırlarsa, lap yəhudi balası olsun, lap erməni – fərq etməz, acıyıram. Çünki insanam və insani hisslərim var. Cəmiyyətdə nə baş verdiyini dərk etməyən günahsız körpələrin taleyinə çox yanıram”.
Jurnalist əlavə edib ki, yayılan bəzi görüntülərin süni intellekt vasitəsilə hazırlanması barədə iddialar səslənsə də, müharibələrin dinc əhali üçün yaratdığı faciə dəyişməz reallıqdır.
Fəridə Aslanova həmçinin uşaqlıq illərinin müharibə dövrünə təsadüf etdiyini xatırladaraq bildirib ki, o illərdə mərmi səslərindən qorxaraq gecələr yata bilmədiyi günlər çox olub.
“Biz də müharibə uşaqları olmuşuq. Hər gecə Xocalıdakı uşaqları düşünürdüm. Qorxurdum ki, birdən düşmən bizə sarı gəlsə, bacı-qardaşlarımı necə qoruyacağam. Uşaq ağlımla müxtəlif xilas planları qururdum”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, müharibələr təkcə insanların həyatını deyil, bütöv nəsillərin taleyini dəyişdirir və uşaqlıq illərini əlindən alır.
Jurnalist dünyada davam edən münaqişələrin həm insanlığa, həm də təbiətə ağır təsir göstərdiyini vurğulayıb:
“Partlayan raketlər, yanan neft çənləri, hərbi sursat anbarlarından qalxan qara tüstü sonda yenə də bizim nəfəs aldığımız havaya qarışır. Bu, pafoslu sözlər deyil, reallığın özüdür”.
Fəridə Aslanova sonda müharibələrin dayandırılmasının vacibliyini qeyd edib:
“Təki bu müharibə bitsin. Dünya bizim evimizdir, uşaqlar isə gələcəyimizdir”.
Mənbə: Azərbaycan.media
