Azərbaycan.media xəbər verir ki, politoloq Heydər Oğuz İranın son hücumlarının səbəbləri ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, Şərq əl-Əvsat nəşri İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) region ölkələrinə hücumlarının arxasında duran səbəblərə aydınlıq gətirib. Nəşrin yazdığına görə, komandirlərinin öldürüləcəyini əvvəlcədən gözləyən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin hücumundan əvvəl hərbi hissələrin dözümlülüyünü artırmaq məqsədilə aşağı rütbəli zabitlərə geniş səlahiyyətlər verib.
Politoloqun sözlərinə görə, bu qərar səhv hesablamalar və müharibənin şiddətlənməsi riskini artırır. O qeyd edib ki, orta səviyyəli zabitlərə hətta qonşu ölkələrə hücum etmək səlahiyyəti verildiyi bildirilir.
“Bu hadisədən sonra İranın Türkiyəyə – hansı ki, NATO üzvüdür – ballistik raket atdığı iddia olunur. Hesab edirəm ki, Naxçıvana hücumu da bu kontekstdə dəyərləndirsək, məsələnin əsl mahiyyətini anlaya bilərik”, – deyə o bildirib.
Heydər Oğuz əlavə edib ki, Donald Tramp daha əvvəl İranın yüksək rütbəli məmurlarına qarşı sui-qəsd əməliyyatlarından sonra ölkədə nümunə ola biləcək idarəçilərin qalmadığını qeyd etmişdi.
Politoloqun fikrincə, Naxçıvana dron hücumları da göstərir ki, İranda təcrübəli siyasi və hərbi xadimlərin sayı azalıb və onların yerini təcrübəsiz rəhbərlər tutur. O, bu vəziyyəti tarixi müqayisə ilə izah edərək bildirib ki, bu proses müəyyən mənada XVIII əsrdə Osmanlı imperiyasında başsız qalan “dəlilər” hərbi birləşməsini xatırladır.
