🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Audiovizual Şura: Televiziya proqramlarının bağlanması səlahiyyətimizə aid deyil

Azərbaycan.media xəbər verir ki, son günlər Azərbaycan Respublikası Audiovizual Şurasının rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri vasitəsilə vətəndaşlardan, eləcə də media nümayəndələrindən çoxsaylı şikayət və sorğular daxil olub.

Bu barədə saytımıza Şuradan məlumat verilib. Bildirilib ki, müraciətlər əsasən bəzi televiziya proqramları – o cümlədən “Tarixin bir günü”, “Elgizlə izlə” və digər verilişlər, onların aparıcıları və dəvət olunan qonaqlarla bağlı tənqidləri əhatə edir. Bəzi müraciətlərdə isə həmin proqramların və ya ümumilikdə televiziya kanallarının bağlanması tələb olunur.

Qurum qeyd edib ki, Audiovizual Şura audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanıdır və fəaliyyəti “Media haqqında” Azərbaycan Respublikası Qanunu və digər normativ hüquqi aktlar əsasında qurulur. Qanunun 5.4-cü maddəsinə əsasən, media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi prinsipləri əsasında həyata keçirilir.

Açıqlamada vurğulanıb ki, hər hansı proqramın efirə başlaması və ya bağlanması, aparıcı və redaksiya əməkdaşlarının işə qəbulu və ya işdən azad edilməsi, eləcə də qonaqların və mövzuların müəyyənləşdirilməsi redaksiya siyasətinə daxildir və Audiovizual Şuranın səlahiyyətlərinə aid deyil. Şura yalnız qanunvericiliyin tələbləri pozulduğu halda müvafiq sanksiya və ya inzibati tədbir tətbiq edə bilər.

Bununla yanaşı, bildirilib ki, Audiovizual Şura mütəmadi olaraq yayımçıların rəhbərləri və məsul şəxsləri ilə görüşlər keçirir, ictimai narazılıq doğuran məsələlərlə bağlı öz səlahiyyətləri çərçivəsində zəruri tövsiyələr verir.

Sonda audiovizual yayımçılara qanunvericiliyin tələblərinə ciddi əməl olunması və peşə etikası prinsiplərinə uyğun fəaliyyət göstərilməsi bir daha xatırladılıb.