Azərbaycan.media xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Milli Süni İntellekt Mərkəzi tərəfindən Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri təşkil edilib.
APA-Economics-in məlumatına görə, təlimlərin əsas məqsədi dövlət qulluqçularının rəqəmsal bacarıqlarının artırılması, kibertəhlükəsizlik sahəsində biliklərinin gücləndirilməsi və müasir texnoloji alətlərdən effektiv istifadənin təşviqidir. Təlimlərdə 40-dan çox Biləsuvar rayonunda fəaliyyət göstərən dövlət qurumu əməkdaşı iştirak edib.
Tədbirin açılışında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək bildirib ki, rəqəmsal keçid yalnız texnoloji yenilənmə deyil, həm də vətəndaş və biznes subyektlərinə göstərilən xidmətlərin şəffaflığının, operativliyinin və keyfiyyətinin artırılması prosesidir. Dövlət qurumlarında rəqəmsal inkişafın sürətləndirilməsi, innovativ yanaşmaların tətbiqi və informasiya təhlükəsizliyinin gücləndirilməsi prioritet istiqamətlər kimi dəyərləndirilib.
Təlim çərçivəsində iştirakçılara:
-
rəqəmsal savadlılığın əsas komponentləri,
-
müasir iş mühitində tətbiq olunan rəqəmsal alətlər və onların təhlükəsiz istifadəsi qaydaları,
-
kibertəhlükəsizlik və məlumatların mühafizəsi,
-
sənədlərlə iş zamanı riayət edilməli təhlükəsizlik prinsipləri,
-
informasiya ehtiyatlarının və sistemlərinin kiber risklərdən qorunması üsulları
barədə geniş məlumat və praktiki tövsiyələr təqdim edilib.
Eyni zamanda, Milli Süni İntellekt Mərkəzi tərəfindən süni intellekt alətlərinin sənəd dövriyyəsi, məlumatların təhlili və vaxtın səmərəli idarə edilməsində tətbiq imkanları nümayiş etdirilib. Təlim zamanı süni intellektin dövlət qulluqçularının “rəqəmsal köməkçisi” kimi istifadəsi, qərarvermə prosesində analitik imkanların genişləndirilməsi və iş məhsuldarlığının artırılması yolları müzakirə olunub.
İRİA ölkənin bütün regionlarında rəqəmsal inkişafın sürətləndirilməsi, dövlət qulluqçularının və vətəndaşların rəqəmsal bacarıqlarının artırılması, süni intellekt və kibertəhlükəsizlik sahəsində maarifləndirmə və təlim tədbirlərinin davamlı olaraq həyata keçirilməsini nəzərdə tutur.




