İnsan yaranışdan bəri səssizliyin içində səs, qaranlığın içində işıq, ayrılığın içində isə bağ axtarmışdır. Bu bağın ən möhkəm, ən görünməz və ən davamlı forması sözdür. Söz sadəcə səslərin birləşməsi deyil, söz düşüncənin qanadlanması, ruhun ifadəsi, qəlbin aynasıdır. İnsan daşdan ev tikməzdən əvvəl sözdən dünya qurmuşdur. Çünki söz insanı insana bağlayan ilk körpüdür. Körpü iki sahili birləşdirdiyi kimi, söz də iki qəlbi, iki düşüncəni, iki fərqli dünyanı bir araya gətirir. Bəzən bir salam illərin buzunu əridir, bəzən bir cümlə qırılmış könlü sağaldır, bəzən də bir kəlmə insanı uçuruma aparır. Deməli söz həm qurur, həm də dağıdır. Sözlə qurulan körpülər görünməzdir, lakin ən möhkəm tikililərdən daha dayanıqlıdır. Çünki bu körpülərin dayağı etibar, sütunu səmimiyyət, yolu isə anlayışdır. Əgər bir insan qarşısındakı ilə danışa bilirsə, onu dinləyə bilirsə, onu anlamağa çalışırsa, artıq iki sahil arasında bir keçid yaranmışdır. Söz insanın daxili aləmini zahirə çıxaran işıq kimidir. Danışdıqca insan özünü tanıyır, paylaşdıqca böyüyür, dinlədikcə kamilləşir. Əslində söz yalnız qarşı tərəfə deyil, həm də insanın özünə qurduğu körpüdür. Çünki insan ürəyində gizlətdiyi duyğuları ifadə etdikcə yüngülləşir, susduqca ağırlaşır. Susqunluq bəzən müdriklik olsa da, uzun sürən sükut uçurum yaradır. O uçurumun üzərindən keçmək üçün yenə sözə ehtiyac yaranır. Tarix boyu xalqlar arasında münasibətlər, sülh müqavilələri, mədəniyyətlərarası əlaqələr də sözlə qurulmuş körpülərin nəticəsidir. Yazılan kitablar, deyilən nitqlər, söylənilən şeirlər əsrləri bir-birinə bağlamışdır. Bu gün biz yüz illər əvvəl yaşamış insanların düşüncəsini oxuya biliriksə, deməli söz zamanın üzərində də körpü qurmuşdur. Söz yalnız məkan deyil, zaman sərhədlərini də aşır. Bir şairin qəlbindən çıxan misra əsrlər sonra başqa bir qəlbdə eyni titrəyişi yarada bilir. Bu isə sözün fövqəladə gücüdür. Lakin hər körpü kimi sözlə qurulan bağların da qorunmağa ehtiyacı vardır. Kobudluq, yalan, təhqir və təkəbbür bu körpülərin dayaqlarını sarsıdır. Bir dəfə dağılan etibarın yenidən qurulması çətin olur. Ona görə də söz seçmək məsuliyyətdir. Danışmaq azadlıqdır, lakin düzgün danışmaq vicdan işidir. İnsan ağzından çıxan hər kəlmənin bir könülə toxuna biləcəyini, bir taleyə təsir edəcəyini unutmamalıdır. Söz həm məlhəmdir, həm də yara. Hansı olacağı isə onu deyənin niyyətindən asılıdır. Əgər niyyət xeyirli, qəlb təmizdirsə, söz nur olar, əgər niyyət qaranlıqdırsa, söz kölgəyə çevrilər. Ailələrdə, dostluqlarda, cəmiyyətlərdə anlaşmanın əsası açıq və səmimi ünsiyyətdir. Bir ata ilə övlad arasında qurulan etimad körpüsü də sözlə möhkəmlənir. Bir müəllimin şagirdinə dediyi ruhlandırıcı cümlə onun gələcəyini dəyişə bilər. Bir rəhbərin xalqa müraciəti bir millətin taleyində dönüş nöqtəsi ola bilər. Deməli söz təkcə fərdi deyil, ictimai gücə də malikdir. Sözlə qurulan körpülər insanları yalnız bir-birinə deyil, həm də həqiqətə yaxınlaşdırır. Dialoq olan yerdə inkişaf, dinləmə olan yerdə ədalət, anlayış olan yerdə isə sülh mümkündür. Əgər insanlar bir-birini dinləməyi bacarsa, fikir ayrılığı düşmənçiliyə çevrilməz. Çünki söz qarşıdurmanı deyil, anlaşmanı hədəflədikdə körpü möhkəm olur. Bu gün dünyanın ən böyük ehtiyacı da məhz belə körpülərdir. İnsanlar arasında divarlar deyil, keçidlər qurmaq lazımdır. Hər kəs öz qəlbində mərhəmət və anlayış üçün yer açsa, sözlər daha işıqlı olar.
Sözlə qurulan körpülər yalnız insanlar arasında deyil, insanla Yaradan arasında da mövcuddur. Dua bir söz körpüsüdür. İnsan əllərini göyə açarkən əslində görünməz bir keçid yaradır. Söz burada sadəcə ifadə deyil, etiraf, təslimiyyət və ümiddir. Eyni zamanda insanın özü ilə barışması da sözlə başlayır. İnsan özünə etiraf etmədiyi həqiqətlərlə üzləşmədikcə daxili sükunət tapmır. Daxili dialoq qurulduqda, vicdan danışdıqda və insan öz qəlbi ilə səmimi söhbət etdikdə ruhunda da bir körpü salınır. Bu körpü insanı peşmanlıqdan tövbəyə, qorxudan cəsarətə, ümidsizlikdən inama aparır. Söz düşüncəni formalaşdırır, düşüncə davranışı, davranış isə taleyi müəyyən edir. Ona görə də bir cəmiyyətin dili nə qədər saf və zəngindirsə, mənəviyyatı da o qədər güclü olar. Çünki söz mədəniyyətin daşıyıcısıdır. Nəsillər bir-birinə təkcə qanla deyil, sözlə də bağlanır. Ataların nəsihəti, anaların duası, müəllimlərin öyüdü gələcək nəsillərin ruhunda iz qoyur. Əgər bu sözlər sevgi və hikmət üzərində qurularsa, körpülər əsrlərlə dayanır.
Lakin unutmamalıyıq ki, hər kəs körpü qurmaq iqtidarında olsa da, hər kəs körpü saxlamaq məsuliyyətini daşımır. Sözə sədaqət lazımdır. Səmimi olmayan söz yarımçıq tikilmiş körpü kimidir. Üzərindən keçmək istəyən ilk addımda uçuruma yuvarlana bilər. Ona görə də insan danışarkən təkcə nitqinə deyil, niyyətinə də nəzarət etməlidir. Çünki söz ürəkdən çıxarsa, ürəyə çatar. Əks halda havada itib gedər.
Nəticə olaraq demək olar ki, söz insanlığın ən böyük memarlıq vasitəsidir. O, görünməz sütunlar üzərində dayanan möhtəşəm körpülər inşa edir. Bu körpülər sevgi ilə möhkəmlənər, hörmətlə genişlənər, etibarla əbədiləşər. Əgər biz sözümüzü dəyərli etsək, münasibətlərimiz də dəyər qazanacaq. Əgər sözümüzü saf saxsaq, yollarımız işıqlı olacaq. İnsan var olduqca danışacaq, danışdıqca bağlanacaq, bağlandıqca isə daha güclü bir cəmiyyət formalaşacaq. Deməli sözlə qurulan körpülər insanlığın xilası, birliyinin təməli və gələcəyinin ən möhkəm dayağıdır.
✍ Sevil Azadqızı
17.02.2026
Mənbə: Azərbaycan.media
