🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Uşaqlıq illərimizin İsmayılı…- Fuad Biləsuvarlı yazır

 

Görkəmli aktyor və kinorejissor, xalqın sevimli sənətkarı Ceyhun Mirzəyevin 80 illiyi

Ürəkləri dağlayan, son illiklərin ən təsirli filmlərindən olan “Fəryad” kinofilminə baxmısınızmı?! Çətin ki, bu filmə dönə-dönə baxmayanlar olsun. Və həmin filmin qəhrəman obrazını yaradan aktyoru xatırlayırsınızmı?! Bu, uşaqlıq illərimizin ən sevimli kinolarından olan “Ögey ana” filmində ağlaya-ağlaya atasını çağıran, İsmayıl rolunu canlandıran aktyordur. Hamımızın sevimlisinə çevrilən, rolları ilə geniş tamaşaçı məhəbbəti qazanmış Xalq artisti Ceyhun Mirzəyev.
İncəsənətin bir sahəsi kimi, kino insanlara daha yaxındır. İstər geniş kinozallarda olsun, istər mavi ekranlarda. Kinofilmlər həmişə insanları özünə cəlb edib. Bu, dünən də belə idi, bu gün də belədir.
Yaşadığım ömür payında tanıdığım adamlar var ki, az qala baxmadıqları, nəinki baxmadıqları, hətta sözlərini əzbər bilmədikləri filmlər yoxdur.
Hər bir kino aktyoru da filmlərdə canlandırdığı obrazlarla yaşayır, tamaşaçıların ömürlük yaddaşına köçür.
Ceyhun Mirzəyevin kino sahəsi ilə tanışlığı başlananda cəmi 11 yaşı var idi.
Ona filmdə uşaq roiu vermişdilər və Ceyhun ona çox qəribə gələn çəkiliş meydanlarında “dubl”, “motor” kimi sözləri ilk dəfə o yaşında eşitmişdi. Rejissor tapıntısı olan 11 yaşlı Ceyhun bu sınaqdan yaxşı çıxmışdı.
Həyatın qəribə, heç zaman unudulmayacaq anları var. Onda, yəni ilk debutundə nə Ceyhunun, nə də filmdə ona rol təklif edənlərin ağılına belə gəlməzdi ki, bu obrazla Ceyhun Mirzəyevin gələcək sənət taleyi həll olunur.
Onun kino aktyoru kimi, gələcək fəaliyyətinin ilk addımları atılır.
Cəmi bir il sonra Ceyhun Mirzəyev yenə çəkiliş meydançasında idi. Bu dəfə bu illərdə çox populyarlıq qazanmış “Ögey ana” filmində İsmayıl rolunu canlandırırdı. Necə deyərlər, bu yaşda olan uşaqlar əsasən cizgi filmlərinə baxır, əylənirlər. Ceyhun isə öz həmyaşıdlarından və öz yaşından çox qabağa getmişdi.
Nəsibə Zeynalova, Nəcibə Məlikova və bir çox artıq tanınmış aktyorlarla bir meydanda filmə çəkilirdi. Və bu film, canlandırdığı İsmayıl obrazı ona əsl şöhrət gətirdi. Tamaşaçılar İsmayılı – Ceyhunu sevdilər, onu alqışladılar…


Kinonun ecazkar gücü də elə bundadır. Tamaşaçı hər hansı aktyorun canlandırdığı obrazı sevdimi, gözləri həmişə o aktyoru axtaracaq, titrlərdə onun adını görmək istəyəcək.
12 yaşlı Ceyhun Mirzəyev ilk tamaşaçı məhəbbətini belə qazanmışdı.
Əsl sənət adamlarının qəribə taleyi olur. Bu hal Ceyhun Mirzəyevin də taleyinə yazılmışdı. O daha 11 – 12 yaşında qədəm qoyduğu kino aləmindən ayrıla bilmədi. Kino filmlər onun həyatının mühüm bir parçasına çevrildi.
Hərdən fikirləşirəm, “Görüş” filmini çəkən rejissor filmdəki uşaq roluna çəkmək üçün Ceyhunu “kəşf” etməsəydi, yəqin ki, kinomuz çox şey itirəcəkdi. Ceyhun Mirzəyev də bu sirli aləmə bələd olmadan, başqa bir ixtisas seçəcəkdi, müəllim, həkim, mühəndis və … olacaqdı. Amma, nə yaxşı ki, yerinə düşən, insanın gələcək həyat yolunu həll edən xoş təsadüflər.
Ceyhun da çox erkən yaşında canlandırdığı bu iki obrazla, sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda kinoaktyorluğu sənətinə yiyələnsə də, bir daha dərk etdi ki, o, başqa bir sahədə çalışa bilməz. Kino artıq onun həyatının ayrılmaz bir hissəsi idi.
Həm kinorejissor, həm rejissor asissenti kimi çalışan Ceyhun Mirzəyev artıq sənətdə sözünü demiş aktyor kimi, filmlərə də çəkilirdi. O, “Bakıda küləklər əsir”, “Cazibə qüvvəsi”, “Dəli Kür”, “Yenilməz batalyon”, “İşarəni dənizdən gözləyin”, “Ən vacib müsahibə” filmlərində yaratdığı obrazlarla adını əbədi olaraq kino tariximizə yazdı.
Məşhur “Fəryad” filmində yaratdığı obraz isə Ceyhun Mirzəyev sənətinin, mən deyərdim ki, zirvəsi idi.
Bu filmə baxmayan, bu filmdəki ağrı-acıları yaşamayan yəqin ki, az adam olar.
Xalqımızın nankor qonşularımız tərəfindən zorla cəlb olunduğu Qarabağ müharibəsi illərindən bəhs edən bu filmə sakitcə baxmaq olmur. Xüsusilə yaralanaraq əsir düşmüş Azərbaycan əsgərinin – Ceyhunun canlandırdığı obrazın iztirabları, ona verilən əzablar tamaşaçıların qəlbini parçalayır.
Bu filmdə böyük rejissor əməyi var, aktyor heyəti çox gözəl seçilib, xüsusilə xisləti bütün dünyaya bəlli olan erməni vandallarının insanlığa sığmayan vəhşiliyi bütün çılpaqlığı ilə ortaya qoyulur. Tamaşaçılar Ceyhunun ifasında edilən zülmlərə mərdliklə sinə gərən Azərbaycan əsgərinin obrazını görürlər.
“Fəryad” filmi bir peşəkar aktyor kimi, Ceyhun Mirzəyevin çəkildiyi son film idi.


Müvəqqəti uğurları ilə qürrələnən nankor qonşularımız onları gözləyən gələcək aqibətlərindən, başlarına dəyəcək “dəmir yumruq”dan hələ xəbərsiz idilər. Hələ torpaqlarımızın düşmən tapdağından azad olunacağı günlərə, igid Azərbaycan əsgərlərinin, qəhrəman Ali Baş Komandanımızın Zəfər yürüşünə qalırdı…
Bu filmdə yüksək peşəkarlıqla yaratdığı obraza görə Ceyhun Mirzəyev “Humay” mükafatına layiq görülmüşdü.
Ceyhun Mirzəyev cəmi 47 illik bir ömür yaşadı. Axı, bu nə yaşdı ki?!.. Onun qaynar ürəyində kinofilmlərdə canlandırmaq istədiyi neçə-neçə obrazlar vardı. Elə bu ürək də, ona vəfasız çıxdı. Qəfil ürək tutmasından dünyasını dəyişdi.
Yaxşı ki, 47 illik ömrünün sənətə həsr etdiyi 35 ilində kinofilmlərdə yaratdığı obrazlarla o, bu gün də bizimlədir.
Söz sərkərdəsi Rəsul Rzanın məşhur misraları yada düşür:

-Yoxluğunla bitmədi sənət,
Bitməyəcək.
yaradacaqlar;
Bəlkə səndən yaxşı, bəlkə pis
lakin sən yarada biləcəyin
yaranmayacaq, sənsiz…

 

 

Müəllif: Fuad Biləsuvarlı – AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı.

Mənbə: Azərbaycan.media