Azərbaycan.media xəbər verir ki, jurnalist Günel Natiq saytımıza açıqlamasında ibtidai təhsil müəssisələrində son dövrlər müşahidə olunan bəzi trendlərlə bağlı narahatlığını ifadə edib.
Onun sözlərinə görə, cəmiyyətdə tez-tez “niyə peşəkar və savadlı mütəxəssislərimiz azdır?” sualı səsləndirilir. Halbuki bu məsələnin əsasında dayanan əsas faktor məhz təhsildir və bu proses ibtidai siniflərdən başlayır.
“Uşağın zövqü, nitq mədəniyyəti, davranış modeli və dünyagörüşü ilk olaraq ibtidai məktəbdə formalaşır. Əgər biz bu mərhələdə səviyyəni qoruya bilməsək, gələcəkdə yüksək nəticə gözləməyimiz çətin olacaq”, – deyə jurnalist bildirib.
Günel Natiq qeyd edib ki, son zamanlar sosial şəbəkələrdə yayılan və zarafat xarakteri daşıyan “Sintezdə Valehdir, gitarada filankəsdir” kimi ifadələr artıq məktəb mühitində də tətbiq olunur. Onun fikrincə, böyüklər arasında deyilən bu tip zarafatlar problem yaratmasa da, onların ibtidai sinif şagirdlərinə müəllimlərin iştirakı ilə təqdim edilməsi məyusedici haldır.
“Əlbəttə, uşaqlar üçün əyləncə vacibdir. Lakin əyləncə də müəyyən səviyyədə və tərbiyə çərçivəsində olmalıdır. Məktəb sosial şəbəkə trendinin davamı yox, şəxsiyyət formalaşdıran mühitdir”, – deyə o vurğulayıb.
Jurnalist hesab edir ki, təhsil sistemində tətbiq olunan hər bir yenilik və ya yanaşma uşaqların psixologiyası, estetik zövqü və gələcək inkişaf perspektivi nəzərə alınaraq qiymətləndirilməlidir. Onun fikrincə, məsələ yalnız bir trendlə məhdudlaşmır, bu, ümumilikdə tədris mühitində keyfiyyət meyarlarının qorunması məsələsidir.
Mənbə: Azərbaycan.media
