Azərbaycan.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri çərçivəsində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən “Yuxa” restoranında yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar edilib. Müəyyən olunub ki, mövcud pozuntular insan həyatı və sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.
Yoxlama zamanı gəlinən nəticəyə əsasən, obyektin hazırkı vəziyyətində baş verə biləcək hər hansı yanğının qısa müddətdə genişlənərək ağır fəsadlara səbəb ola biləcəyi bildirilib.
Aşkar edilmiş kobud pozuntular nəzərə alınaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin ciddi şəkildə pozulduğu “Yuxa” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.
