Azərbaycan.media xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutları ilə ilk səfərin təşkilindən 4 il keçib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində həmin ərazilərdə yaşayan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə müntəzəm avtobus reysləri təşkil edilir. Sərnişindaşımalarda əsasən ekoloji təmiz və müasir nəqliyyat vasitələri cəlb olunur ki, səfərlər rahat və sürətli həyata keçirilsin.
Bu günədək işğaldan azad edilmiş ərazilərə ümumilikdə 15 464 reys həyata keçirilib, 186 000 sərnişin səfər edib. Yalnız bu ilin yanvar ayında 1173 reyslə 10 690 nəfər həmin ərazilərə səfər edib.
