🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qida Təhlükəsizliyi Agentliyi: Azərbaycanda quş qripi ilə bağlı yoluxma aşkarlanmayıb

Azərbaycan.media xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (12-16 yanvar tarixlərində) respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçirib.

Monitorinq dövlət təbiət yasaqlıqları, ovçuluq təsərrüfatları, milli parklar, su-bataqlıq və dənizsahili zonalar da daxil olmaqla geniş əraziləri əhatə edib. Su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb, vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik nümunələr götürülüb.

Bundan əlavə, quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müxtəlif növ ev quşlarından qan və yaxma nümunələri götürülərək laborator müayinəyə cəlb olunub.

Monitorinq və laborator analizlərin nəticəsinə görə, həm vəhşi, həm də ev quşlarında quş qripi virusu və xəstəliyə şübhəli klinik əlamətlər aşkarlanmayıb. Ev quşlarından götürülən nümunələr Nyukasl xəstəliyinə görə də müayinə olunub və yoluxmaya şübhəli hallar qeydə alınmayıb.